Heydər Əliyev Fondunun növbəti layihəsi başa çatdı. 13 saylı orta məktəb istifadəyə verildi.
Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başladı. Hər il olduğu kimi bu tədris ilində də ölkəmizdə bir çox təhsil müəssisələri əsaslı təmirdən və ya yenidən inşa olunduqdan sonra müəllim və şagirdlərin istifadəsinə verilib. 2019-cu ilin iyul ayında Mingəçevirdə fəaliyyət göstərən 13 saylı orta məktəb tam bərbad vəziyyətdə olduğu üçün yenidən inşa olunmağa başlayıb. Heydər Əliyev Fondunun növbəti layihəsi olan bu tikintidə yüzdən artıq işçinin fəaliyyəti olub. Ötən bir il bir ay ərzində yorulmadan, həm də gecə-gündüz çalışan işçi qrupu müasir və keyfiyyətli məktəbin tikintisini başa çatdırıb. Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondu ötən illər ərzində “Yeniləşən Azərbaycana Yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində onlarla məktəb tikintisini reallaşdırıb.
Sentyabırın 16-da 624 nəfərlik 13 saylı məktəb yenidən müəllim və şagirdlərini qoynuna aldı. Bu dəfə pedaqoji kollektiv, məktəblilər müasir və gözəl məktəb binasına daxil oldular, yeni avadanlıqlarla təchiz edilmiş sinif otaqlarında partalar arxasında oturdular. Pandemiya ilə mübarizə şəraiti məktəbin təntənəli açılışına imkan vermədi. Bu bilik günü şagirdlər əllərində gül-çiçəklə, şən əhval ruhiyyə ilə məktəbə gəlməsələr də dərslərin başlanması məktəbliləri sevindirir.
Heydər Əliyev Fondunun məsul nümayəndələri və könüllülər, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirdikdən sonra məktəbdə yaradılan şəraitlə tanış oldular. Elə girəcəkdə xüsusi izolyasiya tədbiri çərçivəsində yoxlamadan keçirildilər. Birinci siniflərin dərs keçdikləri sinif otağına daxil olan qonaqlar təbriklərini bildirdilər. Qeyd edək ki, ilk dərs gigiyena qaydalarına həsr edilib. Ayrı-ayrı sinif otaqlarına, laboratoriyalara, informatika otağına, akt zalına, idman zalına, bufetə baxış keçirildi. Sonra məktəbin arxasında quraşdırılmış idman qurğuları, idman oyunlarının keçirilməsi üçün yaradılmış şəraitlə tanışlıq oldu. Təhsil ocağının qarşısında və arxasında yaradılan yaşıllıq zolaqları, əkilən ağac və güllər, həmçinin iki yerdə böyük söhbətgahların quraşdırılması xüsusilə diqqəti cəlb etdi.
Qeyd edək ki, bu tədris ilində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 62 yeni məktəb binasının tikintisi reallaşdırılıb. Bu cür möhtəşəm layihələrin həyata keçirilməsi Azərbaycanda təhsilin inkişafına və yeni nəslin yüksək səviyyəli təhsilinə imkan yaradır.