Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov təhsil işçilərini, şagird və tələbələri 15 sentyabr yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi.
Əziz müəllimlər, şagirdlər və tələbələr!
Hörmətli valideyinlər !
İlk növbədə şəhərimizin bütün təhsil işçilərini yeni - 2020-2021-ci tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli, çətin və məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar, nailiyyətlər arzu edirəm. Eyni zamanda şagirdlər, tələbələr və onların valideynlərini də yeni dərs ili münasibətilə təbrik edir, gənclərə təhsildə uğurlar, valideynlərinə isə övladlarına bəslədikləri ümidlərin doğrulmasını arzulayıram.
Azərbaycan Respublikasının bütün ali və orta təhsil müəssisələrində hər yeni tədris ilinin ilk gününün "Bilik günü" kimi qeyd edilməsinin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhkəmləndirilmişdir. Azərbaycanda təhsil sisteminin ardıcıl inkişafı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə irəliləmiş, məqsədyönlü şəkildə aparılan islahatlar sayəsində yüksək səviyyəyə çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirmələri və bu yöndə apardıqları ardıcıl dövlət siyasəti respublikamızda bu sahəni müasir dünya standartlarına uyğun inkişaf yoluna çıxarmışdır. Davamlı iqtisadi inkişafı və beynəlxalq siyasi nüfuzunun artması ilə fərqlənən Azərbaycanda hazırda dövlət tərəfindən elm və təhsilə böyük qayğı və diqqət göstərilir. Ölkəmizdə dövlət səviyyəsində müəllim əməyinin və pedaqoji fəaliyyətin stimullaşdırılmasına yönəlmiş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi də cəmiyyətdə müəllim adını və nüfuzunu xeyli yüksəltmişdir.
Ölkəmizin təhsil sisteminə, o cümlədən Mingəçevir təhsilinə göstərilən diqqət və qayğı, gənc nəslin dünyagörüşünün artırılması, bilik səviyyəsinin yüksəldilməsi, şəhər sakinləri tərəfindən də böyük məmnunluqla qarşılanır. Bu il 16 və 13 saylı məktəblərin əsaslı təmir edilib təhsil ictimaiyyətinə verilməsi bu qayğının bariz göstəricisidir. İnanıram ki, şəhərimizin təhsil işçiləri onlara göstərilən yüksək dövlət qayğısından ruhlanaraq hər il olduğu kimi, builki tədris ilində də yeni-yeni uğurlara imza atacaqlar.
Bir daha təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə səmimi-qəlbdən təbrik edir, böyük müvəffəqiyyətlər arzu edirəm.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov