Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri davam edir Yeni layihəyə start verildi

15 avqust 2020 | 16:00

     Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən biri də 20 Yanvar küçəsinin Heydər Əliyev küçəsi ilə kəsişməsindən başlanan avtomobil və piyada yollarının təmiri, yenidən qurulması, səkilərin müasir formada plitələrlə döşənməsi, səkilərdə işıq dirəklərinin qaydaya salınması üçün öz ömrünü çoxdan başa vurmuş kabellərin yenilənməsi, bu istiqamətdə yaşıllıqların səliqə-sahmana salınması, yeni gül-çiçək kollarının əkilməsi, ağacların budanması, küçə boyunca yaşayış binalarının fasadlarının təmir edilməsi və s. kimi məsələlər yeni layihəyə daxil edilmişdir. Eyni zamanda buna müvafiq olaraq Zeynalabdün Tağıyev, Cəlil Məmmədquluzadə, Məşədi Əzizbəyov küçələrində də bu qəbildən olan işlər həyata keçiriləcəkdir.
      Avqustun 14-də Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, yeni layihəyə uyğun olaraq işləri həyata keçirəcək idarə, müəssisə və təşkilatların rəhbərləri və jurnalistlərlə 20 Yanvar küçəsi boyunca iş gedən ərazidə görüşdü. İcra başçısı karantin rejiminin tələblərinə əməl etməklə görüş iştirakçılarını salamladı, onlara yeni layihənin məqsəd və məramlarını açıqladı. Qeyd etdi ki, bu layihə şəhərimiz üçün çox önəmli layihələrdən biridir. Uzun illərdir ki, bu istiqamətdə abadlıq-quruculuq işləri həyata keçirilmir. Hətta elə küçələrimiz var ki, onlar tamamilə diqqətdən kənarda qalmışdır. Məqsədimiz bu ərazilərdə başdan-başa yenidənqurma işləri aparmaqdır. Buna görə şəhər İcra Hakimiyyətinin əsaslı-tikinti, təmir və abadlaşdırma şöbəsinə müvafiq tapşırıqlar verilmişdir. Tapşırıqlara müvafiq olaraq işlərin kompleks şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yəni, burada su-kanal, qaz və işıqlandırma, kommunal, yaşıllaşdırma və sanitar təmizlik, istilik, rabitə və yüksək texnologiyalar sahələrinə aid olan işlər yerindəcə öz həllini tapacaqdır. İcra başçısı görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə yerindəcə bir daha konkret tapşırıqlarını verdi.
      İlham İsmayılov qeyd etdi ki, bundan əvvəl qaydaya salınmış Puşkin, Həzi Aslanov küçələri öz gözəlliyi ilə sakinlərin razılığına səbəb olmuşdur. Hazırda Nizami küçəsində də böyük yenidən qurma işlərinin həyata keçirilməsi planlaşdırılır. Burada abadlıq-quruculuq işləri ilə yanaşı sakinlərin ixtiyarına müasir tələblərə cavab verən parkın istifadəyə verilməsi də nəzərdə tutulur. Ümumiyyətlə ilin sonunadək altı ərazidə bu qəbildən olan işlər həyata keçiriləcək.
      Bütün bunlar ölkə rəhbəri cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. İstəyirik ki, mingəçevirilər məmnunluq hissi ilə şəhərimizin abad və gözəl guşələrində istirahət etsinlər.
Sonda İlham İsmayılov jurnalistləri maraqlandıran bir sıra sualları da cavablandırdı.

Keçidlər