Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın məkrli niyyəti bəllidir, iğtişaş yaratmaq

14 avqust 2020 | 16:00


     Ermənistan işğalçı və separatçı dövlətdir. Heç bir tarixi keçmişi, milli dəyərləri olmayan ölkənin rəhbərləri, tarixçi və alimləri çalışırlar ki, Ermənistanı dünyaya “qüdrətli” və “güclü” bir dövlət kimi tanıtsınlar, daha doğrusu yamasınlar.  Bu dövlətin başbilənlərinin səyi ilə  1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Təbii ki, yaltaqlıq və qorxaqlığını nümayiş etdirərək  güclü bir dövlətin imkanlarından istifadə etmək bu millətin başlıca  xislətidir.
      Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı davam etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb. Çünki bu dövlətlər Ermənistanın separatçı bir dövlət olduğunu bilir, ona güvənmir, əməkdaşlıq etmək təkliflərini qəbul etmir.  Yalnız pis niyyətlərini həyata keçirmək məqsədi ilə hər cür fürsətdən yararlanmağa nail olan Ermənistanın daşnaksütun qüvvələri  Azərbaycan torpaqlarında o qədər terror hadisələri, soyqırım  törədiblər ki,..  elə bil ki, öz əməllərindən zövq alırlar, atəşkəs əldə edildikdən sonra da dinc dayanmırlar. İllərdir ki, hər gün yurdumuzun sərhəd bölgələrinə atəşlər açır, silahlı basqınlar etməklə dinc sakinlərin rahatlığını pozur, uşaq , qadın, yaşlıların ölümlərinə  bəlkə də sevinə-sevinə səbəb olublar. Təəssüf ki, bu belədir. Nə yazıq ki, Azərbaycan dövlətinin, tarixi keçmişi qəhrəmanlıqlarla dolu  böyük bir dövlətin, insanpərvər və mərhəmətli xalqın bu cür təhlükəli, kələkbaz və hiyləgər bir düşməni var.
      Almaniyada fəaliyyət göstərən  “BonnInternationalCenterforConversion” (BICC) təşkilatının hazırladığı “GlobalMilitarisationIndex'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir, Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
Ermənistan rəhbərliyinin Azərbaycanın  sərhəd bölgələrinə hər dəfə silahlı hücumlarını planlı şəkildə aparıb. Bunu sübut edən  göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Serbiyanın bu cür qeyri müəyyən hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb olmaya bilməzdi. Çünki  çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Uzağa getməyək, bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bəyan edib. Buna rəğmən bizə dost saydığımız bir dövlətin separatçı ölkəyə əl uzatması xoşagələn hal deyil.
Məlum  faktla əlaqədar olaraq, Azərbaycan hökuməti öz münasibətini qətiyyətlə bildirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib.
     Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirib ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələri ilə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsinə təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə deyib ki,  mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz  bundan sonra daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
     Ermənistana Rusiyanın himayədarlıq etdiyi yenilik deyil. Hələ ötən əsrin doxsanıncı illərində bu iki dövlət əməkdaşlıq edirdi, daha doğrusu Rusiya separatçı dövlətə himayədarlıq edirdi. Azərbaycanlılara qarşı silahlı hücumlar etdiyini bilə-bilə təəssüf ki,  Rusiya onlara yardım əlini uzadırdı.  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Yenə də çox təəssüf.  Azərbaycan ilə iqtisadi əməkdaşlığı daim genişlənən Rusiya terrorçuların məkrli niyyətlərini, Azərbaycan torpaqlarına etdikləri silahlı basqınların səngimədiyini çox yaxşı bildiyi halda öz “biznesini” dayandırmır və insan ölümünə səbəb olur.
     Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Bu  ölkələrin torpaqlarına düşmən hücum etməyib, işğalçılıq əməliyyatları aparılmayıb, minlərlə insan məcburi köçkün düşməyib, yüzlərlə vətən övladı şəhid olmayıb, Soyqırım, qətliam halları ilə üzləşməyiblər. Bəlkə də  onların biganəliyinin səbəbi budur?  Hər nə olursa olsun, Ermənistana dəstək olmaları qəbuledilməzdir. 
      Digər bir fakt, son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Bunu da qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.
     Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev həm də  Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Düşmənin əsas niyyətinin ara qarışdırmaq, başqa dövlətləri də qanunsuz işlərə cəlb etməkdir. Nə olursa olsun, təki separatçılar yaranmış fürsətdən istifadə etsinlər, faydalansınlar, bu onların həyat amalıdır.
     Dövlətimizin başçısı həmçinin Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
      Yaxın və uzaq tarixlərə nəzər salanda görürük ki, müstəqillik əldə etdikdən sonra da Azərbaycan-Rusiya siyasi-iqtisadi əməkdaşlığı və dostluğu davam edir, güclənir. Biz heç bir dövlətin dostunu və düşmənini təyin etmək fikrində deyilik, sadəcə dost ölkənin separatçı dövlətə  silah verməsini və ya satmasını qəbul etmək mümkün deyil. Axı bunlar qaniçəndirlər, qatildirlər, onlarla dostluq  və əməkdaşlıq etmək  özü də silahla yardım etmək yolverilməzdir. Bilirik ki, xalqımız, dövlətimiz sülhün, sabitliyin tərəfdarıdır. Ermənistan özünün növbəti məkrli niyyətini həyata keçirə bilməyəcək. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət Azərbaycanımızı daha da gücləndirəcək, işğal olunmuş torpaqlarımız geri qayıdacaq,  düşmən də cəzasına çatacaq.


Mirzə Cavadov
YAP Mingəçevir Şəhər Təşkilatının Siyasi Şurasının üzvü

Keçidlər