Azərbaycanın iqtisadi gücü mühüm qərarlar qəbul etməyə etməyə imkan verir.
Cari ilin mart ayından bəri ölkəmizdə pandemiya ilə mübarizə məqsədi ilə ölkə prezidentinin tapşırıqlarına əsasən ardıcıl tədbirlər həyata keçirilir. Paytaxt Bakıda və bölgələrdə reallaşan izolayasiya tədbirləri, maarifləndirmə və təbliğat işləri artıq müsbət nəticə göstərməkdədir. Yaz aylarında ölkədə tətbiq edilmiş karantin rejimi çox böyük effekt göstərirdi. İşləyənlər istisna olmaqla, yaşı 65-dən yuxarı olan sakinlərin evdən çölə çıxmaması və digər vətəndaşların yalnız vacib olduğu təqdirdə evdən çıxması sayəsində koronavorusa yoluxanlar da az idi, ölənlərin sayı da. Lakin sonradan karantin rejiminin yumşaldılması, yaxud da vətəndaşların diqqətsizliyi ucbatından xəstəliyə yoluxanların və vəfat edənlərin sayının çoxalması həyəcan yaratmağa başladı. Bu səbəbdən paytaxt Bakıda və bir sıra şəhər və rayonlarda daha sərt rejim tətbiq edildi, rayonlararası gediş gəliş və nəqliyyatın fəaliyyətinə qadağa qoyuldu. Bir neçə gündür ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər mövcud olan müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Artıq yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Vəziyyət yaxşılaşmaya doğru getsə də koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görülməsi sayəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Xüsusilə qeyd etmək olar ki, həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə dövlətimizin başçısının müvafiq sərəncamı ilə Bakının bir neçə rayonunda və bölgələrdə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir.
Bundan başqa Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi. İqtisadi və sosial məsələlər də ardıcıl olaraq öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Karantin rejiminin qaydalarına uyğun olaraq, bir sıra sahibkarlıq obyektləri, təhsil müəssisələri, həmçinin digər idarə və təşkilatların işləri dayandırılmışdır. İşləməyən insanların da həyat tərzi çətin hala düşmüşdü. Bu məqsədlə, yəni vətəndaşların sosial rifah halının və maddi durumunun yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq büdcə təşkilatlarının işçiləri davamlı olaraq əmək haqlarını alırlar. Həmçinin sahibkarlara və işsiz insanlara sosial paketlərə uyğun pul verilibdir ki, pandemiya dövründə bu çox zəruri idi.
Sosial dəstək layihələrin uğurla icra edilməsi o deməkdir ki, ölkəmizdə vətəndaşlar dövlətin diqqət və qayğısı ilə əhatə edilib. İllərdir ki, ölkəmizdə böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq.
Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədəki çıxışında qeyd etdiyi kimi, bu layihədə 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.
İyirminci əsrin sonlarında ölkəmizə düşmən basqınları və bunun nəticəsində bır sıra yurd yerlərimizdə törədilmiş qətliamlar, döyüşlərdə Azərbaycan vətəndaşlarının şəhid olması, əlil olması və məcburən ata yurdlarından köçkün düşmələri dövlətimizə böyük zərbədir. İllərdir ki, torpaqlarımızın geri qaytarılması ilə bağlı danışıqlar aparılsa da hələ müsbət nəticə əldə edilməyib. Dövlətimiz isə şəhidlərin ailələrinə, digər imtiyazlı ailələrə davamlı olaraq qayğı göstərir, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını mərhələ-mərhələ həyata keçirir. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib.
Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.
Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Uşaqlar xüsisilə diqqət mərkəzindədir. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda) aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib.
Qarabağ müharibəsi əlilləri, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərkən sağlamlığında problem yaranan, əlil olan bu insanlar əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib. Xüsusilə təqdir olunan hal isə odur ki, Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.
Bundan əlavə 2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilmişdir. 6 ayda ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilmişdir. 1 aprel tarixi ilə müqayisədə 15 min ailə artaraq 85 min ailəyə (və ya 350 min şəxs) aylıq orta məbləğ 225 manat olmaqla ünvanlı dövlət sosial yardımı verilmişdir.
Azərbaycan xalqı böyüklərə, ağsaqqala, ağbirçəyə həmişə qayğı və hörmətlə yanaşır, bu bizim milli dəyərlərimizdən biridir. Ötən dövrdə 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət göstərilmişdir. Sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət göstərilir. Qeyd edim ki, bu sahədə gənc könüllülər də fəallıq göstərmişlər. Həmçinin sosial tərəfdaşların dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı verilmişdir.
Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən sığorta alanlar, peşə hazırlığına cəlb olunanlar üçün (cəmi 16 min nəfər) ödəniş 2 aylıq uzadılmışdır. Əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılması da vətəndaşlara göstərilən qayğının bir hissəsidir.
Məşğulluq və sosial rifaha dəstək tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir: Dövlət sektoru üzrə məşğulluq: 900 min nəfərin (80%-i işə çıxmasa da) iş yeri və əmək haqları qorunub.
Özəl sektor üzrə məşğulluq: 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb.İlin əvvəlindən əmək müqavilələrinin sayı 120 min (19%), əmək haqqı fondu 15% artıb.
İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər: 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə - Aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat ödənilib. İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub.
Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.
Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Bir neçə aydır mövcud olan vəziyyətlə əlaqədar, bir sıra təşkilatların işləməməsi çətinlik yaratsa da çıxış yolu təbii ki, var. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır.
Sahibkarlara dəstək hər zaman olub və bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Vergilərin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, bu vergilər yığılmayacaqdı. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir. Eyni zamanda, Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir. Nə qədər çətin vəziyyət yaransa da birmənalı olaraq demək olar ki, dövlətimiz vətəndaşların yaşam tərzinin yaxşılaşması üçün lazım olan köməklikləri göstərəcəkdir.
Xüsusilə dövlət şirkətlərində (qaz, su, elektrik enerjisi və s.) itkilər aradan qaldırılmalıdır. Dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmalıdır. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalıdır. Həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır.
İqtisadiyyatın liberallaşdırılması da qarşıda duran vəzifələrdəndir. Ölkə prezidenti çıxışında qeyd edib ki, biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Ancaq bu yolla bu müəssisələr işə salına bilər. Çünki Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər. Ekoloji standartları tam gözləmək şərti ilə şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər.
İnvestorları cəlb etmək lazımdır. Öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin - deyən dövlətimizin başçısı əlavə edib ki, çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq. Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidir.
Koronavirusla bağlı mübarizədə bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Prezident İlham Əliyev: “Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək”.
Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir.
Unutmaq lazım deyil ki, bu xəstəlik yoxa çıxmayıb, azalma olsa da virus hələ də var. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır. İnsanlar özlərinin, əzizlərinin və ətarafında olan insanların sağlamlığı üçün bütün lazım olan bütün tədbirlərə riayət etməlidirlər. Və bu da dövlətin diqqətindədir. Prezidentimizin dediyi kimi, “Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir”. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.
Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri