Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir.

01 avqust 2020 | 16:00

        İyirminci əsrin sonlarında erməni işğalçılarının torpaqlarımıza etdikləri silahlı hücumlar, torpaq iddiaları  Azərbaycan vətəndaşlarının  ağlına gəlməyən bir hadisə idi. İllər boyu mehriban qonşuluq şəraitində yaşayan iki dövlətin biri, ermənilər sən demə hiyləgər niyyətlərini həyata keçirmək üçün hazırlıq işləri görürmüşlər. Uzun illər torpaqlarımıza etdikləri silahlı hücumlar zamanı Vətənimiz şəhidlər vermiş, qəhrəman əsgər və zabitlərimiz yurdumuzun  bir qarışının belə düşmən tapdağı altında qalmaması üçün ölümün üzünə dik baxmışlar. Lakin qorxaq ermənilər özlərinin havadarları, Azərbaycanı istəməyən silahlı birləşmələrin köməyi Dağlıq Qarabağda və ətraf bölgələrdə törətdikləri soyqırım və qətliamlar dinc sakinləri məcburən ev eşiyindən köçkün salmaqla yanaşı torpaqlarımızın 20 faizinin də işğal altında qalmasına şərait yaratdı. Azərbaycan xalqı bu haqsızlıqla heç zaman barışmır, Vətənimizin ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Düşmən qorxaqdır, hiyləgərdir. Azərbaycanın isə qəhrəman tarixi keçmişi var. Əsrlər boyu yağıları yerində oturdan, qəhrəmanlıq dastanları ilə iz salan Azərbaycan oğullarının  cəsarəti qarşısında o heç nə edə bilməz, əgər hiylələri və nankorluqları olmasa.  Torpaqlarımız işğal edilsə, soydaşlarımız yurdlarını tərk etsə də döyüşlər zamanı Azərbaycanın vətənpərvər övladları düşməni yerində oturda bilib.

         Atəşkəs rejiminin tələblərinə zidd hərəkətlər edən, demək olar ki, hər gün sərhəd bölgələrimizə atəşlər açan, dinc insanların ölümünə və yaralanmasına səbəb olan hücumları ilə xislətlərini ifadə edən ermənilər cəzalarına çatacaqlar. Fərəhlə demək olar ki,  Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq.
       Xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin milli ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Fərəhli hallardan  biri budur  ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Ötən əsrin doxsanıncı illərində ordumuz nə qədər zəif və gücsüz olsa da  cəsur oğullarımız Vətəni qorumağa böyük ruh yüksəkliyi ilə gedir, ölsəm də təki Vətən sağ olsun, deyərək odun-alovun içinə girirdilər.  
       Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli rolu oynayır. Müstəqilliyimizin ilk illərində Azərbaycanın Milli Ordusunun yaradılması və möhkəmlənməsi ən vacib məsələ idi. Ulu öndər Heydər Əliyevin başladığı bu şərəfli vəzifəni dövlətimizin başçısı İlham Əliyevin daha böyük ovqatla davam etdirməsinin nəıticədidir ki, ordumuzun bazası da güclüdür, əsgər və zabitlərimizin ruh yüksəkliyi də, Vətən sevgiləri də yetərincədir. Bizim Silahlı Qüvvələrimiz müharibə vaxtı yaradılıb, Azərbaycan xalqı bununla fəxr edir. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır.   
      Yuxarıda dediyim kimi, Vətənimiz bu ədalətsiz, elansız müharibədə yüzlərlə şəhid verib. Hər biri düşmənlə mübarizədə qəhrəmanlıq göstərib, Şəhidlik kimi şərəfli adı qazanıb.  Onların qəhrəmanlıqlarından bəhs edən filmlər çəkilib, mahnılar bəstələnib, şeirlər, poemalar, nəsr əsərləri yazılıb, sərgilər yaradılıb və yaradıcı ziyalılarımız bu missiyanı davam etdirirlər. Və hər bir qəhrəman şəhidimizin həyat yolu yeni nəsil üçün bir məktəbdir, örnəkdir. Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir. Əsgərlərimiz şəhid hərbçilərin qisasını almaq, onların qanını yerdə qoymamaq eşqi ilə yaşayırlar.
    2016-cı ilin Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır.
    Məhz aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanların həyatını  təhlükədən qurtardı. Xüsusilə də işğaldan azad olunan yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. Aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar. Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi. Bunun ardınca  2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. Əsgər və zabitlərimiz çox çətin və gərgin əməliyyatı böyük coşqu və qələbə ilə başa vurdular. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi.
    Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradılib. Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldıldı.
      Düşmən də, onların havadarları da, bizi  istəyən dövlətlər də görür ki, əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük.
     Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. Öz çirkin niyyətini bəyan etməklə başqalarının gözündə məzlum kimi görsənməyə cəhd etsə də düşmənin bu hiyləsi baş tutmadı.  Halbuki bu, heç bir məntiqə sığmır. Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur.  Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Əsasən də insan öldürmək, dinc adamları qorxutmaq və qan tökməklə başqalarına aid olanı ələ keçirmək üçün min cür bəhanələrə əl atmaqla xain planlarını həyata keçirmək düşmənin əsas istəyidir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə qarşı vuruşurdu
      Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir. İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Ali Baş Komandan qeyd edib ki, Vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib.
      Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcəklər. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib.
     Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində xüsusi yeri olacaq.   Artıq  dünya dövlətləri 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni zamanda Azərbaycan diasporu da formalaşıb, güclənib,  dünyanın müxtəlif ölkələrində Azərbaycanın haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər. İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilib. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərib. Küçələrə çıxan vətənpərvər Azərbaycan övladları artıq düşmənin silahlı hücumlarından cana doyduqlarını bildiriblər. Düşmənin cavabı ən sərt şəkildə verilməli, onlar yerində oturdulmalıdır. Bu niyyətlə şəhidlərimizin intiqamının alınması barədə çağırışlar edilib, dövlətimizin başçısına etimad və dəstək ifadə edilib.
      Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55.130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və müraciətlər davam edir. Bu bir daha sübut edir ki, Azərbaycanın gəncləri, ehtiyatda olan əsgər və zabitləri düşməndən, döyüşdən, şəhid olmaqdan qorxmur, təki Vətən torpaqları işğaldan azad edilsin,  necə deyərlər, el bir olsa dağ oynadar yerindən.
Daha bir fərəhli hal odur  ki, Azərbaycan qadınları da kişilərdən geri qalmadıqlarını nümayiş etdirirlər. Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) üzvləri Prezidentin çağırışına dəstək verib. Assosiasiya sıralarında birləşən yüzlərlə sahibkar xanım orduda xidmət göstərməyə hazır olduqların bildiriblər.
       Düşmənə qarşı birləşməli, bütün umu-küsüləri unutmalıyıq. Müharibə şəraitində yaşayan ölkənin vətəndaşlarına, ziyalılarına, siyasətçilərinə  yalnız bu yaraşır. Bu niyyətlə ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya birgə, 4 siyasi partiya isə ayrılıqda bəyanat verərək erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiklərini vurğulayıblar.
      Qardaş Türkiyə Cümhuriyyəti bu hadisələr zamanı da Azərbaycanı tək buraxmadı və təbii ki, Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. O çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: “Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”.
      Həmçinin Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdiyi qəbuledilməzdir: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim”.
      Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışarkən, “İşğalçılığı davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa, azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik” ifadələrini işlədib.
     Xaricdə yaşayan soydaşlarımız hər zaman  Prezident İlham Əliyevin yanındadır və onu dəstəkləyir. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş    Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belorusda yaşayan Azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib, erməni işğalını lənətləyiblər. Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq,” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ-Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib.
      Dünya birliyi görür ki, Azərbaycan yalnız haqq ədalət tələb edir. Düşmən torpaqlarımızdan qeyd şərtsiz çıxmalıdır. İllərdir danışıqlar davam edir, lakin heç bir irəliləyiş əldə edilməyib. Erməni daşnakları, həmsədr dövlətlərin tələblərini qulaqardına vurur. Düşmən Azərbaycan əsgərinin qəhrəmanlığını görüb. Ordumuzun gücləndiyini də bilir.   Bu gün yüzlərlə Vətən övladlı düşmənə qarşı barışmaz mövqedə hazır vəziyyətdə gözləyir,  Ali Baş Komandanın bir çağırışı yetər ki, onlar mövqelərimizə getsinlər.


           Nizami Təhməzov
         “Azərbaycan Ordusunun 100 illiyi” medalçısı

Keçidlər