Azərbaycan dövləti ölkə vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır.
Azərbaycan torpaqlarının 20 faizini işğal edən, davamlı olaraq sərhəd bölgələrinə silahlı hücumlar edən erməni daşnakları insanlara xəsarət yetirməkdən başqa həm də maddi ziyan vururlar. Düşmənin atəşkəs rejimini pozması səbəbindən sərhəd bölgələrimizdə obyektlərə, evlərə, əkin sahələrinə, mal-qaraya dəyən ziyan burada yaşayan sakinlərin maddi durumunu da pis vəziyyətə salır. İyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Bu sərəncam dövlətimizin başçısının vətəndaşlara göstərdiyi dövlət qayğısının bir hissəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb, tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmAiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər obyektlərə müayinə və ekspertiza işləri aparırlar, sakinlərlə görüşlər keçirilir. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsinin təmin edilməsi nəzərdə tutulur. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Düşmənin hücumu nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Hadisə zamanı əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən olunub. İntensiv atəş nəticəsində dövlət əmlakına–kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturuna da zərər dəyib. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Qeyd edək ki, ölkə Prezidentinin sərəncamları ilə ölkəmizin bütün regionlarında 15 ildən artıqdır ki, abadlıq-quruculuq, yenidənqurma işləri aparılır. Müasir təhsil ocaqları, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri tikilir, küçələr abadlaşır, parklar salınır, yaşıllıq zolaqları genişləndirilir. Düşmən hücumuna məruz qalan Tovuz rayonunda da bu cür quruculuq işləri reallaşır. Lakin düşmənin məkrli niyyəti sayəsində rayonun kəndlərinə böyük ziyan dəyib. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunduqdan sonra həyat tamamilə öz məcrasına qayıdacaq. Azərbaycan dövləti vətəndaşının yanındadır.Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır, qayğı göstərilir, mənzil problemləri həll edilir.
Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçinin ailə üzvlərinə dəstək ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqları qorunur, sabitlik, əmin amanlıq təmin edilib. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Torpaqlarımızın keşiyində dayanan Azərbaycan Ordusunun bütün əsgər və zabitləri öz cəsarətləri, qəhrəmanlıqları ilə yurdumuzu , xalqımızı qoruyurlar. Tanrı onları qorusun.
Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. Şəhid ailələri dövlət hesabına evlə təmin edilməsi vətənimizin mjüdafiəsi uğrunda camnından keçən Vətən oğluna göstərilən bir ehtiramdır. Qeyd edək ki, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib. Ölkə prezidentinin ötən il vətəndaşların sosial rifah halının yaxşılaşdırılıması iə bağlı imzaladığı sərəncamlara əsasən şəhid ailələrinə, hər ailəyə 11 min manat olmaqla, birdəfəlik yardım göstərilir.
2 aprel 2016- cı il döyüşləri Azərbaycan əsgərinin hünərini, qəhrəmanlığını üzə çıxardı. Düşmən də anladı ki, Milli Ordumuz müharibə yolu ilə torpaqlarını geri ala bilər, lakin biz hərb yox, sülh tərəfdarıyırq. Aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir. Mülki əhali üçün evlər tikilib, məktəb, uşaq bağçası, tibb məntəqəsi, post məntəqəsi inşa edilib, internet təmin edilib. Burada 100 dən artıq insan köçkünlükdən öz vətəninə qayıdıb, məktəbdə tədris davam edir, uşaqlar öz ata yurdlarında təhsil alırlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılıb, yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb. Eyni zamanda Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.
Ölkə Prezidentinin tapşırığı, sərəncamları ilə düşmənin vurduğu ziyanın aradan qaldırılması məqsədi ilə görülən işlər sakinlərin razılığı ilə qarşılanıb. Təbii ki, Tovuz rayonunda da bu cür quruculuq işləri reallaşacaq, sakinlərə dəyən ziyan aradan qalxacaq, inzibati binalarda bərpa-quruculuq işləri görüləcək. Bu Azərbaycan dövlətinin vətəndaşlara göstərdiyi qayğı və diqqətin nümunəsidir. Müstəqillik yolunda inamla irəliləyən, iqtisadi qüdrəti günbəgün artan Azərbaycanın düşmənləri, bu inkişafı həzm edə bilməyən qara qüvvələr də görürlər ki, ölkəmizdə vətəndaşlara, onların həyat tərzinə, sosial rifah halına diqqət böyükdür. Bu hər zaman belə olacaq.
Yaşar İsmayılov,
Əməkdar müəllim