Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda siyasi partiyalar milli həmrəyliyə dair bəyanatı ilə Vətənə olan sevgilərini ifadə ediblər

17 iyul 2020 | 16:00

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə növbəti dəfə xaincəsinə basqını Azərbaycan cəmiyyətini  hiddətləndirib. Düşmənin ayrı-ayrı zamanlarda sərhəd bölgələrimizə bu cür silahlı basqınları hərbçilərimizin və mülki insanların, hətta azyaşlı uşağın belə ölümünə səbəb olub. Düşmənə əks həmlələr göstərilsə də, onlara ağır zərbələr vurulsa da o  yenə də xislətindən əl çəkmir.
   Ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları aylardır hökm sürən ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər. Hadisələrin ilk günündən vəziyyəti nəzarətə götürən dövlətimizin başçısı ordumuza mənəvi ruh verdi. Hərbçilərimizin düşmənə sərt cavab verməsi, daha doğrusu onu yerində oturtması bizləri xeyli sevindirdi. Döyüşlər zamanı qəhrəman hərbçilərimizin  şəhid olması təbii ki, hər birimizi məyus etdi. Mənfur düşmən yenə Azərbaycan vətəndaşının canına qıydı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfalar diləyirəm.
   Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirərək  Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Nəhayət ki, düşmənə qarşı vəhdət  göstərildi. Xalqın ən çətin zamanında bütün siyasi baxışlar birləşməli və  birgə mübarizə aparmalıdır. Çoxdan arzuladığımız, bəzi ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz an nəhayət yetişmişdir. Azərbaycanda da dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşmişlər. Belə bir məqamda iqtidarın fəaliyyətində “nöqsan” axtarmaq,  hətta sosial şəbəkələrdə neqativ çıxışlar etməklə insanların fikirlərini qarışdırmaq yalnız düşmən dəyirmanına su tökməkdir. Vətənimizin daha bir bölgəsində torpaqlarımıza silahlı hücumlar edilib, orada yaşayan insanların da həyatı təhlükə ilə üzləşib. Atəşkəs rejimini dəfələrlə və kobudcasına pozan düşmənə qarşı vahid cəbhədə birləşərək mübarizə aparmaq  yalnız müvəffəqiyyətə doğru gedən bir addımdır.
   43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.”
   Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf  Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını demişlər.  Güclənən, qüdrətlənən Azərbaycan Ordusunun əsgər və zabitlərinə də bu addım qol qanad verə bilər. Vətəni qoruyan əsgər bilməlidir ki, arxa cəbhədəki insanlar, cəmiyyətin hər bir təbəqəsi  yalnız bir düşmənə qarşı mübarizə aparır, heç bir siyasi çəkişmə yoxdur. Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir.
   Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəlmişdir. Düşmənin durmaması, sərhəddimizə təcavüz etməsi xalqı hiddətləndirib. Şəhidlər Xiyabanı, and yeri, müqəddəs şəhidlərin uyuduqları məkandır. Hər hansı siyasi səhv, belə bir məqamda mübahisələr yaratmaq yalnız xəyanət ola bilər. Bu gün  bizə yalnız birlik lazımdır, dövlətimizə, rəhbərimizin siyasi mübarizəsinə  dəstək olmaqla dövlətçiliyimizə zərbə vuranlara qarşı barışmaz mövqedə dayanmalıyıq.  Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti  xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir.
Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər. Unutmaq lazım deyil ki, indi birlik zamanıdır.  Düşmən hiyləgərdir, xəyanətkardır. Azərbaycanı istəməyən qüvvələr, düşmənin havadarları Azərbaycanın iqtisadi inkişafını, dünya arenasında özünə layiq yer tutmasını qəbul etmək istəmir. Bu yüksəlişə zərbə vurmaq məqsədi ilə çirkin niyyətlərini həyata keçirir.
   Təbii ki,  Azərbaycan xalqı  bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi güclərin Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq olduqları yeri göstərir. Qəhrəman tarixi keçmişi olan Azərbaycan bu gün yeni bir imtahan qarşısındadır. Mənfur düşmən bir himə bənddir, müstəqil Azərbaycanın təkcə iqtisadi qüdrəti deyil, güclü Milli Ordusu da var və düşməni yerində oturtmağı bacarır. Necə ki, iyulun 12-dəki hücumları zamanı onun cavabını cəsarətlə verdi. Bizə də yalnız xalqı vəhdətə çağırmaq  lazımdır, gəlin birləşək, düşmənə imkan verməyək ki, daha bir məkrli niyyətini həyata keçirsin.

Cavanşir Yusubov,
YAP Mingəçevir Şəhər təşkilatının sədri

Keçidlər