Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.

16 iyul 2020 | 16:00

Ermənistanın azğınlaşmış silahlı qüvvələri zaman-zaman Azərbaycanın sərhəd bölgələrinə hücumlar edərək atəşkəs rejimini pozur, əsgər və zabitlərin, mülki sakinlərin ölümü  ilə nəticələnən terror aktı törədirlər.düşmənin cavabə hər dəfə verilsə də onlar öz xislətlərindən əl çəkmirlər.  İyulun 12-də erməni silahlı qüvvələri yenidən Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməyə çalışsa da bütün dünya bilir ki, Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin cəsur əsgərlərinin əks həmlələri sayəsində şəhid olan  hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar.
   Sərhəd bölgəmizdə yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir. Pandemiya təhlükəısi səbəbindən ölkəmizdə mövcud olan karantin rejiminə görə kütləvi informasiya vasitələrinin nümayəndələri döyüş bölgəsinə gedə bilmir və real vəziyəti cəmiyyətə çatdırmaq sahəsində  çıətinliklər yaranıb. Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir.
Azərbaycanın Milli Ordusu ildən ilə güclənir, əsgər və zabitlərimiz yeni təlimləri mənimsəyir, Vətənimizin sərhədlərini ləyaqətlə, fədakarlıqla qoruyurlar. Vətənpərvərliyi ilə hər zaman seçilən Azərbaycan xalqı düşmənin hər bir hiyləsinin yalnız məkrli niyyət olduğunu bilir. Düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda  böyük hörmətə malik olan bir insan idi. 2016-cı ilin Aprel döyüşlərində öz rəşadətini göstərmişdi. Yüksək dövlət ordeni ilə təltif edilmişdi. Son iyul hadisələrində də qəhrəman hərbçimiz cəsarətini göstərərək şəhid olub. Bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınıb. Düşmənin onlarla hərbçisi məhv edilib, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olunub. O cümlədən onların postu və bütün infrastrukturu yox edilib.
   İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Burada qeyd olunub ki,  bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - Azərbaycanın növbəti şanlı qələbəsidir. Son əməliyyatda Azərbaycan Ordusu yenidən  öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdur.
   Daim məkrli niyyəti ilə Azərbaycan torpaqlarında terror və qanlı cinayətlər törədən düşmən Aprel döyüşlərində olduğu kimi, bu dəfə də ən çirkin əməllərə əl atmışdır. Kəndlərimiz atəşə tutularkən daha bir mülki vətəndaş, 76 yaşlı ağsaqqal Əziz Əzizov həlak olub. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan həqiqətən də  faşist dövlətidir. İclasda çıxış edən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər”. Ölkə Prezidenti həmçinin qeyd edib ki, “Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir”.
   Əslində Ermənistanın şovinist qüvvələrinin  törətdiyi hərbi təxribatın səbəbi Ermənistanda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Gizlin deyil ki, Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Vətəndaşların həyat tərzi aşağı səviyyədədir, insanların hüquqları pozulur. Məhz buna  görə Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırmaq üçün şüurlu şəkildə bu təxribata əl atıldı. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır, insanlar ölkədən qaçırlar. İki ölkə arasındakı fərq də budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə əməli addımlar atılır.  Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
   Yurdumuzun sərhəd bölgəsində növbəti çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. Düşmən fitnəkardır, çalışdığı odur ki, özünü məzlum, aciz göstərsin, bu həmişə belə olub. Torpaqlarımızda dəfələrlə terrorlar törətsə də, yüzlərlə insan şəhid olsa da düşmən öz etdiyindən dünyaya bəhs etmir, yalnız kömək istəyir.
   Təxribat törədiləndən dərhal sonra, iyul ayının 12-də günorta saatlarında Azərbaycan  Prezidenti müvafiq göstərişlər verib.  Beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər”. “XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi”
   Dövlətimizin  başçısı bütün vacib məsələləri xalq ilə bölüşür,  məsləhətləşir, öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Xalqın rifah halının yaxşılaşdırılması üçün prezidentimizin sərəncamları, tapşırıqları ilə davamlı olaraq tədbirlər həyata keçirilir.
   Fərəhli haldır ki, “Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük”, deyə prezident İlham Əliyev Nazirlər Kabenetinin  toplantısında bildirib. Həmçinin əlavə edib ki, “Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib”.
   Cəsur əsgərlərimizin xidmətlərindən razılıqla danışan dövlətimizin başçısı ,-“ Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”, deyə vurğulayıb.
   Sərhəd bölgəmizdə törədilən növbəti terrora hiddətlənən Azərbaycan vətəndaşları təbii ki, düşmənin növbəti məkrinə münasibət bildirməyə bilməzdi. Düşmənin etdiyi silahlı basqınlardan xalq yorulub, cavab  verilməlidir, həm də ən sərt formada. Düşmənə qarşı mübarizədə dövlətimizin başçısının siyasətini hər kəs dəstəkləməlidir. Elə hadisələrin gərgin olduğu vaxtda xalqın göstərdiyi təpgiyə münasibət bildirən Prezdentimiz müşavirədə dedi ki,  “Ordumuzun düşmən hücumunu qəhrəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu”.
   Bəli, erməni hərbi birləşmələrinin iyulun 12-də ölkəmizin sərhəd bölgəsdində etdiyi hücumun cavabı qətiyyətlə verilib. Vətənpərvər Azərbaycan xalqı hər zaman dövlətimizə, dövlətçiliyimizə fədakarlıqla xidmət edib və bu belə də olacaq.

   Veysəl Əyyubov,
   İqtisad elmləri doktoru, professor

Keçidlər