Mingəçevir gündən-günə gözəlləşir.
Ulu əcdadlarımızın uzun illər boyu göz bəbəyi kimi qoruyaraq bizə, bugünkü nəsillərə ərməğan etdikləri Mingəçevir şəhəri hazırda özünün gözəlliyi ilə dünyanın bir çox şəhərləri ilə yanaşı durur. Bu gün belə demək mümkünsə, Mingəçevir inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu inkişaf şəhərimizə yolu düşən hər kəsi heyran qoyur.
Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həm Azərbaycanımıza, həm də Mingəçevir şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən ölkəmizə gələn, bu inkişafı, gözəlliyi görən insanların hamısı etiraf edir. Bir sözlə, şəhər gündən-günə gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, salınır, yaxud köhnə parklar o qədər zövq və müasir üslubda yenidən qurulur ki. Çünki bura bizim Vətənimiz, bura bizim yaşadığımız məkandır… Bu gözəlliyi seyr edərək bir neçə şəhər sakinləri ilə də həmsöhbət olduq.
Həmsöhbət olduğumuz şəhər sakinləri bildirdi ki, Mingəçevir gözəlləşir, böyüyür, inkişaf edir. Yeni – yeni binalar inşa olunur, parklar salınır. Bunun özü də inkişafın bariz göstəricisidir: Bir zamanlar bura yaşlı, içi çürümüş, oyulmuş ağaclarla dolu bir yer idi. Bu ərazidə illər əvvəl əkilmiş ağaclar o qədər qocalmışdılar ki, əsən külək ağacları sındırırdı. Bu gün isə o qocalmış, içi çürümüş ağacların əvəzində bizim üçün möhtəşəm bir park salınıb. “Bu parka gəlirik, dincəlirik və zövq alırıq” deyən şəhər sakinləri bildirdilər ki, şəhərin mənzərəli yerlərində dincəlir, heç olmasa bir neçə saat qayğıdan uzaq oluruq.
1975-ci ildən Mingəçevirdə yaşayan Savər Həsənov deyir: ”1975-ci ildən bu şəhərdə yaşayıram. Şəhər təssərrüfatına mənim də köməyim dəyib. İndi də təqaüddəyəm. Bax gördüyünüz bu “Dostluq” parkında biz də hamı kimi istirahət edirik. Bu parkın zir-zibil içində olan vaxtları olub. Bu gün buranı abadlaşdırıb, gözəl görkəmə salıb şəhər sakinlərinin ixtiyarına veriblər. Biz də bu gün fəxrlə burada dincəlir, əməyi olan insanlara minnətdarlığımızı bildiririk. Mən də nəvələrimlə birlikdə bu parka tez-tez gəlirəm. Buraya insanlar daha çox ailələri ilə, öz körpə uşaqları ilə gəlirlər.Uşaqlar geniş meydançada “qaçdı-tutdu”, “top-top” oynamaq, rəngbərəng şarlarla o tərəf-bu tərəfə qaçmaq ayrı ləzzət verir. Bir də buradakı fontan, uşaq əyləncə mərkəzi, idman meydançası, yay səhnəsi, vallah, hansını deyim və al-əlvan güllər balacaların çox xoşuna gəlir. Böyüklər də bu mənzərəyə baxıb həzz alır, mənalı istirahət edirlər.
Digər şəhər sakini Vahid Quliyev bildirir ki, səhər saat 5-də gəlib burada təmiz hava alıram: ”Səhhətimlə əlaqəli hər gün bir neçə saat təmiz havada olmalıyam. Sanki bura mənim üçün bir sanatoriyadır. Evimin yanında belə gözəl park… Daha bundan başqa nə lazımdır biz qocalara? Onu da deyim ki, parklarda təmizliyi, səliqə-sahmanı qorumaq hər birimizin mənəvi borcudur. Bu, həm də ekoloji mədəniyyət səviyyəmizin göstəricisi olmalıdır”.
Təqaüdçü Tağıyev Mahir da demək olar ki, hər gün parka istirahət etməyə gəlir. O, deyir ki, öz gözəlliyi ilə sakinləri heyran edən bu istirahət guşəsi istifadəyə verildiyi ilk gündən diqqətləri üzərinə toplayıb: “Mən yaxınlıqda yaşadığım üçün hər gün buraya gəlirəm. Çünki burada insan təbiətdən zövq alır. Gördüyünüz kimi park çox gözəldir. Burada vaxt keçirmək həm mənə, həm də nəvələrimə çox yaxşı təsir edir. Burada əkilən güllərdən xüsusi zövq alıram. Şəhərin mərkəzində olmasına baxmayaraq, burada sakitlik hökm sürür və gözəlliyi ilə insanın zövqünü oxşayır. Biz ömrümüzün çox hissəsini sürmüşük, pis-yaxşı nə isə görmüşük. Bir vaxtlar televiziyalarda, kinolarda gördüyümüz gözəl-gözəl parklar bu gün doğma Mingəçevirimizdə istifadəyə verilir. Bu da onlardan biridir. Qoy, uşaqlar, gənclər istirahət edib dincəlsinlər. Bu parkı belə gözəl şəkildə yenidən qurub istifadəyə verənlərə təşəkkür düşür. Çox sağ olsunlar”.