Şriftin ölçüsü :

Saytın rəngi :

MİNGƏÇEVİR: Davamlı inkişaf edən ecazkar şəhər.

09 iyun 2020 | 16:00

Azərbaycanın hər bir guşəsində aparılan abadlıq, quruculuq və yüksəliş prosesləri qədim Oğuz yurdunun füsunkar məkanı, əzəmətli Kür qoynunda uyuyan Mingəçevirdə daha qabarıq görünür. Xidmət və infrastruktur sahələrinin yeniləşməsi, müasirləşməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər uğurla icra olunmaqdadır. Şəhərdə həyata keçirilmiş çoxsahəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqəti çəkir. Mövcud sənaye müəssisələrində istehsal gücünün artırılması, yeni müəssisələrin işə salınması iqtisadiyyatın yüksəlməsinə güclü təkan vermişdir. Demək olar ki, sosial layihələr getdikcə daha geniş vüsət alır. Yeni hədəflər çevikliklə icra olunaraq öz həllini tapır. Az bir zaman çərçivəsində aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri, sözün əsl mənasında, təqdirəlayiqdir. Müasir dizaynla inşa edilən binalar, yenilənmiş gözoxşayan park və istirahət mərkəzləri, qədim ornament elementləri ilə işlənmiş sosial və ticarət obyektləri bir-birini tamamlayır və şəhərə xüsusi gözəllik verir.
   Salınmış yaşıllıqlar arasında boylanan, zövqlə əkilmiş gül-çiçək, yaraşıqlı işıqlandırma sistemi rayona gələn qonaqların könlünü oxşayır. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına yönəlmiş Dövlət proqramları burada uğurla icra edilir, qazanılan nailiyyətlər əhalinin sosial vəziyyətinin yüksəlməsinə sərf olunur.
   Ölkə Prezidenti cənab İlham Əliyevin Mingəçevir şəhərinə daim diqqət və qayğısı sayəsində, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun az bir zaman kəsiyində apardığı məqsədyönlü, ardıcıl tədbirlər, qədirbilən mingəçevirlilərin qurub-yaratmaq əzmini daha da gücləndirmişdir.
   Ölkə iqtisadiyyatında 2019-cu ildə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər, hesabat dövründə Mingəçevir şəhərində də dinamik inkişafına öz müsbət təsirini göstərmişdir. Belə ki, il ərzində 9 hündürmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə olan yerləri təmir olunmuş, küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 142733 kvadratmetr sahəyə yeni asfalt örtük salınmışdır. Hesabat ilində yol və səkilərə 24618 metr müxtəlif ölçülü beton səki daşları düzülmüş, Təbriz, Naxçıvan, Natavan, Hacıbəyov, N.Nərimanov, Nəsimi küçələrinin bir hissəsinə asfalt örtükləri salınmışdır. Şəhərin “Dostluq” parkının 2-ci hissəsində böyük abadlıq, yenidənqurma işləri aparılmışdır. Belə ki, parkın ərazisi 1.4 hektar genişləndirilərək abadlaşdırılmış, 3350 kvadratmetr daş döşənmiş, 300-ə qədər ağac və dekorativ kol bitkiləri əkilmiş, sahəsi 800 kvadratmetr mini futbol meydançası, sahəsi 100 kvadratmetr musiqili fəvvarə, şahmat meydançası, uşaqlar üçün əyləncə meydançası, 49 ədəd işıqlandırma dirəyi quraşdırılmışdır. Şəhərin şərq girişində antisanitar vəziyyətdə olan, çirkab tullantı suları axıdılan kanal ləğv olunaraq 2.4 hektar ərazi abadlaşdırılmışdır. Əraziyə 12 min kubmetr torpaq daşınıb hamarlanmış, münbitləşmə işləri aparılmış, 1500 p/m suvarma xətti çəkilmiş, 6000 kvadratmetr daş döşənmiş, 5000 kvadratmetr çəmən otu səpilmiş, 1100 ədəd ağac əkilmişdir. 6 söhbətgah hazırlanmış, hazırda layihə əsasında dekorativ ağac və bəzək kollarının əkilməsi, işıqlandırma sisteminin qurulması, fəvvarənin, idman və uşaq meydançalarının tikintisi işləri davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 05 fevral sərəncamı ilə Mingəçevir şəhərində 10 hündürmərtəbəli yaşayış binasının 16 ədəd istismara yararsız liftlərinin dəyişdirilməsi və zəruri təmir işlərinin aparılmasına 882800 manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitə uyğun olaraq şəhərin V.Abdullayev küçəsi 2, 4, N.Rəfibəyli küçəsi 4, 6, 11, 13/1, 20 Yanvar küçəsi 18, 14 və C.Əliyev küçəsi 12 saylı yaşayış binalarının liftləri təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Ötən ilin sonunda şəhər icra hakimiyyətinin müraciəti əsasında cənab Prezidentin 25 dekabr 2019-cu il tarixli sərəncamı ilə 4 yaşayış massivini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılmışdır. Ayrılmış vəsait hesabına şəhərin ən ucqar ərazilərinin avtomobil yollarının asfaltlanması işlərinə başlanılmışdır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir şəhərinə aid bəndləri ardıcıl olaraq uğurla icra olunmaqdadır.
   Qaz təminatının yaxşılaşdırılması istiqamətində uzun müddət şəhərin ən böyük problemlərindən olan “Vaqonlar” və “Borçalı” yaşayış massivlərinin təbii qazla təmin olunması məsələsi həllini tapmış və ərazilərdə 400-ə yaxın ev qazlaşdırılmışdır.
   Dövlət Proqramına uyğun olaraq hesabat dövründə 1669 nəfər daimi olmaqla işlə təmin edilmişdir. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq aktiv məşğulluq tədbirlərin həyata keçirilməsi məqsədilə mərkəzdə qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlardan 2019-cu il ərzində 5 qrup olmaqla 82 nəfər özünüməşğulluq təliminə cəlb olunmuşlar.
   “Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi” bəndi üzrə 14 saylı tam orta məktəbin əsaslı təmiri başa çatdırılmış və istifadəyə verilmiş, 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi, 16 saylı tam orta məktəbdə əsaslı təmir işləri aparılmaqdadır. 2019-cu il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında əhalinin məşğulluğunu təmin etmək məqsədilə Mingəçevir şəhərinə 1140 sosial iş yerləri yaradılmışdır.
   İl ərzində məhəllələrdə 6305 ədəddən çox müxtəlif növ ağac, 760 ədəd həmişəyaşıl kol və 1111 ədəd qızılgül tingi, 4300 çiçək əkilmişdir. Ötən il ərzində 114 binanın qarşısındakı oturacaqlar təmir edilmiş və 247 ədəd yeni oturacaq quraşdırılmışdır. Ümumilikdə, 21 nümunəvi məhəllə yaradılmış, 35 yaşayış binasının 94 giriş və fasad hissələrində əsaslı təmir işləri aparılmışdır. Nümunəvi məhəllələrdə idman qurğuları qoyulmuş, yaşlı insanların və uşaqların istirahəti üçün şərait yaradılmışdır. Şəhərin müxtəlif küçə və parklarında 11582 ədəd müxtəlif növ ağac tingi, 6450 ədəd kol, 3650 ədəd mövsümi çiçək əkilmişdir. Təkcə dahi Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika ağacəkmə aksiyasında şəhər ərazisində 10000 ağac tingi əkilmişdir. İl ərzində yaşıllıqların suvarılması üçün Təbriz küçəsinə 400 p/m, H.Əliyev prospekti Toxucu kombinatının qarşısına 170 p/m, Qələbə meydanına 100 p/m, Heydər Əliyev parkına 100 p/m, Axundov küçəsinə 400 p/m, S.Vurğun küçəsinə 400 p/m və bir çox əhəmiyyətli ünvanlara ümumilikdə 6730 p/m su xətti çəkilmiş, 55 ədəd su sıxacı qoyulmuşdur. Vətəndaşların müraciəti əsasında ayrı-ayrı ünvanlarda 378 ədəd qurumuş və təhlükə törədən ağac budanmışdır. Şəhər ərazisində 65 ədəd kiçik tutumlu zibil qabı düzəldilmiş, müxtəlif ərazilərə 74 ədəd zibil qabı qoyulmuşdur. Cari ildə 1941-45-ci illər meydanında təmir və yenidənqurma işləri aparılmış, “Aypara və səkkizguşəli ulduz” konstruksiyası hazırlanıb quraşdırılmışdır. Şəhidlər xiyabanında “SİZ ƏBƏDİ YAŞAYACAQSINIZ” abidəsinin yenidən qurulması işləri çərçivəsində 49.5 metr uzunluqda dəmir-beton bünövrə tökülmüş, 92 kvadratmetr sahədə mişar daşından divar hörülmüş, 126 kvadratmetr sahədə divarların üzəri ağ mərmər plitələrlə üzlənmiş, 82 kvadratmetr sahədə beton səki plitələrindən döşəmə örtüyü düzəldilmişdir. Bu kompleks tamamilə yenidən qurulmuşdur.
   Təhsil sahəsində də diqqəti çəkən uğurlar vardır. 2019-cu il məzunları arasında 400-499 bal 92 nəfər, 500-599 bal 79 nəfər, 600 və yuxarı bal toplayanların sayı 35 nəfər olmuşdur. 2018-2019-cu dərs ilində şəhər məktəblərini 4 nəfər qızıl, 3 nəfər gümüş olmaqla 7 nəfər medalla bitirmişdir. Şəhər məktəblərini bitirən XI sinif məzunlarından 21 nəfər xarici ölkə universitetlərinə və 49 nəfər kolleclərə qəbul olunmuşdur.
   Mingəçevir məktəbləri üzrə fənn olimpiadalarının Respublika mərhələsinə vəsiqə qazanmış olan 23 nəfər şagirddən 8 nəfəri mükafata layiq yerləri tutmuşlar (1 qızıl, 2 gümüş və 5 bürünc medal). Cari il ərzində Gənclər və İdman İdarəsində işin təşkili, gənclərin şəhərin ictimai-siyasi, mədəni, sosial-iqtisadi sahələrində yaxından iştirakının təmin edilməsi, onların fiziki sağlamlıqlarına diqqətin artırılması, perspektivli idmançıların peşəkarlığının yüksəldilməsi, kütləvi idman tədbirlərinin keçirilməsi, gənclərin asudə vaxtının təşkili və yüksək vətənpərvərlik ruhunda tərbiyəsinə yönələn tədbirlər hazırlanıb həyata keçirilmişdir. Gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynayan “Şahin” hərbi idman oyunu “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü yarışları yüksək səviyyədə təşkil olunaraq həyata keçirilmişdir. İl ərzində boks, cüdo, Yunan-Roma, sərbəst güləş, Akademik avarçəkmə, Kikboksinq, futbol, voleybol, paurliftinq idman növləri üzrə respublika və zona birinciliklərində idmançılarımız 101 medal qazanmış, onlardan 43-ü qızıl, 24-ü gümüş, 34-ü bürünc olmuşdur.
Cari ildə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 46 rəsmi qəbul keçirilmiş, 886 şəhər sakini qəbul olunmuşdur. Müxtəlif yaşayış məhəllələrində 50 səyyari görüş keçirilmiş, bu görüşlərdə 5170 nəfər iştirak etmiş, 462 nəfərin 674 müraciəti dinlənilmişdir. Qəbulda və görüşlərdə olan müraciətlər əsasən məhəllədaxili abadlıq işləri, istilik sistemlərinin bərpası, işlə təmin olunma, yolların təmiri, su və kanalizasiya sistemindəki problemlər, tüstü bacalarının təmizlənməsi, oturacaqların qoyulması və sair məsələlərlə bağlı olmuşdur. Səyyari görüşlərdə olunan müraciətlərin 310-u icra edilmiş, 364 müraciətlə bağlı müvafiq izahatlar verilmişdir.
   Vətəndaşlar tərəfindən birbaşa şəhər icra hakimiyyətinə 706 (2018-ci il - 437) müraciət daxil olmuşdur.
   Ümumiyyətlə, ərizə və şikayətlərə baxılması məsələsi daim şəhər icra hakimiyyəti başçısının və aparatın məsul işçilərinin diqqət və nəzarətindədir. Mütəmadi olaraq şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri ilə keçirilən müşavirələrdə vətəndaşların müraciətlərinə daha diqqətli yanaşmaq və problemlərin həlli ilə bağlı ciddi tapşırıqlar verilir.
   Dünyanı cənginə alan COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, ilk gündən məqsədyönlü, müvafiq, olduqca ciddi tədbirlər həyata keçirilmiş və hazırda da davam edir. Mayın 4-dən etibarən şəhərin park və xiyabanlarında, istirahət məskənlərində operativ qərargahın qərarına uyğun olaraq məhdudiyyətlər aradan götürülərək insanların sərbəst fəaliyyətinə şərait yaradılmışdır. Şəhər sakinləri tələb olunan qayda və tövsiyələrə əməl etməklə öz işlərini yerinə yetirirlər. Şəhərdə kafe, restoran, çayxanalar və digər iaşə obyektləri müvafiq göstərişlərə uyğun olaraq fəaliyyətlərini qurmuşlar. Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə küçə və məhəllələrin, parkların, yaşayış binalarının, eləcə də idarə və müəssisələrin əraziləri mütəmadi dezinfeksiya olunaraq daim xüsusi nəzarətdə saxlanılır.
Eyni zamanda Mərkəzi Şəhər Xəstəxanası həkimlərinin və tibb heyətinin karantin dövründəki fəaliyyətinə daha ciddi nəzarət edilir. Bütün bunlarla həmahəng may ayının 4-dən başlayaraq şəhərdə abadlıq-quruculuq işləri də səngiməmiş, uğurla davam etdirilir. Şəhərin Nəsimi, Puşkin, Aşıq Qurbani, Abdulla Şaiq və bir sıra digər küçələrində, həmçinin Tərəvəzçilik Sovxozu, Tingçilik və Günəşli yaşayış massivlərində yollar genişləndirilərək asfaltlanır, səkilərə bordürlər qoyulur. Şəhər icra hakimiyyətinin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı işlər şəhər sakinləri tərəfindən razılıq hissiylə və rəğbətlə qarşılanır. Hazırda Energetiklər yaşayış massivindəki Abdulla Şaiq küçəsinin 3 və 5 nömrəli yaşayış binalarında əsaslı təmir işləri həyata keçirilir. Belə ki, binanın fasadları, blokları yenilənir, bloklarda sındırılmış şüşələr təzələnir, hər bloka ayrılıqda seyf qapıları qoyulur. Bu qəbildən olan işlər şəhərin digər ərazilərində də davam etdirilir.
Yüksək dizaynla Dövlət Rəmzləri Muzeyinin, “Dostluq” parkı ərazisindəki Uşaq əyləncə mərkəzinin, mini-futbol meydançasının, 200 nəfərlik örtülü səhnənin, musiqili fəvvarənin, şəhərin Xaldan şosesi tərəfindən giriş hissəsində salınmış Nəsimi parkının tikintisi tamamlanmaq üzrədir. Bir sözlə, Mingəçevirdə əsaslı işlər çevik və uğurla davam etməkdədir.
   Bəli, bu gün qədim Kür qoynunda uyuyan Oğuz yurdu Mingəçevir böyük tərəqqi yolundadır. Davamlı inkişaf edən Mingəçevirdə firavanlıq, sabitlik, əmin-amanlıq hökm sürür. Qədirbilən, zəhmətkeş, mərd mingəçevirlilər bunu hər gün, hər saat, hər an hiss edirlər.

   Zabit Xəlilov,
   “Respublika” qəzeti

Keçidlər