Abadlıq-quruculuq işləri davam edir- Dövlət Rəmzləri Muzeyi istifadəyə hazırdır.
Regionların inkişafı Dövlət Proqramına müvafiq olaraq Mingəçevir şəhərində abadlıq-quruculuq işləri uğurla davam etməkdədir. Şəhərin küçə və məhəllələri, park və xiyabanları əsaslı şəkildə qaydaya salınır, yollara asfalt örtükləri döşənir. İnsanların istirahəti üçün mümkün olan hər bir şərait yaradılır.
Ölkədə koronavirus xəstəliyinin gərginliyinə baxmayaraq şəhər İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə hər bir sahədə görülən möhtəşəm işlər əldə olunan nailiyyətlər nəzərə çarpır. Uzun müddətdir ki, M.Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma işləri ürəkaçandır. Parkın ərazisi başdan-başa qaydaya salınmış, burada bir sıra mühüm quruculuq işləri görülmüşdür.
Burada Dövlət Rəmzləri Muzeyinin, 200 nəfərlik örtülü səhnənin tikilib istifadəyə hazırlanması diqqəti cəlb edir. Bu sakinlərin böyük razılığına səbəb olub.
Xüsusilə, Dövlət Rəmzləri Muzeyinin tikintisi mingəçevirlilər üçün böyük töhvədir. Artıq burada əsaslı işlər başa çatdırılmışdır. Muzeyin fasadı və daxili ən müasir üslubda dizayn edilmiş, milli dəyərlərimizə uyğun formalaşdırılmışdır. Yaxın vaxtlarda istifadəyə veriləcək muzey mingəçevirlilər və şəhərimizin qonaqları üçün layiqli hədiyyədir. Özündə dövlət atributlarını əks etdirəcək muzey parkın ən görməli yerində ucaldılmışdır.