Mingəçevirdə şəhər günü
Noyabrın 11-də Mingəçevir şəhərinin 65 yaşı tamam oldu. Bununla əlaqədar İcra Hakimiyyətinin təşəbbüsü ilə “Şəhər günü” adlı bayram mərasimi təşkil olundu. Bayram səhər saatlarında Kür çayının kənarındakı Sahil parkında başlandı. Tədbirə gələnlər Mingəçevirin tarixini əks etdirən və şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan tarixi eksponatlarla tanış olmaq imkanı qazandılar. Məlumat verildi ki, gənc sənaye şəhəri olan Mingəçevirin əsası 1948-ci il noyabrın 11-də qoyulsa da, yaşayış məntəqəsinin tarixi çox-çox qədimlərə, hətta 5 min il bundan əvvələ gedib çıxır. O zaman da burada qaynar həyat mövcud imiş. Arxeoloji tədqiqatlar zamanı üzə çıxan bəzək əşyaları, qədim Şərq ölkələrinə məxsus sikkələr bu şəhərdə neçə min il əvvəl ticarət, sənətkarlıq və mədəni əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir.
Şəhər günü Mingəçevir Dövlət Dram Teatrının aktyorları açıq havada tamaşalarını təqdim etdilər. İdmançıların nümunəvi çıxışları, məktəblilərin əl işləri, musiqiçilərin, xüsusən folklor qruplarının rəngarəng ifaları mərasimə gözəllik gətirdi. Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri bayrama gələnləri və şəhərimizin qonaqlarını hədiyyə səbətləri ilə qarşıladıar. Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya da xoş təəssürat yaratdı.
Yubiley mərasimi Heydər Əliyev Mərkəzində davam etdirildi.
Öncə tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən “Nur şəhəri” adlı filmə tamaşa etdilər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin üzvü Aydın Mirzəzadə, Mingəçevir Politexnik İnstitutunun rektoru, şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyev, Təbiət və Riyaziyyat təmayüllü Liseyin direktoru Aidə ismayılova, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov təntənəli yığıncaqda çıxış edərək, şəhərin şərəfli inkişaf yoluna nəzər saldılar. Qeyd etdilər ki, ölkənin enerji təminatının böyük bir hissəsini Mingəçevir şəhərindəki elektrik stansiyaları ödəyir və Azərbaycanın iqtisadiyyatında Mingəçevirin nəzəzrəçarpacaq payı var. 65 il öncə bünövrəsi qoyulmuş bu şəhər qısa zaman kəsiyində ölkənin sənaye sahəsinin inkişafına öz töhfəsini verib. Keçmiş sovet ölkələrindən xeyli sayda mütəxəssis bu məkanda iş yeri tapıb, yaşayıb. Bu şəhər indi də özünəməxsusluğu ilə fərqlənir.
Çıxışlarda təhsil, səhiyyə sahəsində görülən işlərdən, qazanılan uğurlardan, şəhərdə aparılan tikinti, abadlıq və quruculuq işlərindən də danışıldı. Belarusun Polotsk rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini Sergey Dimitriyeviç Leyçenko ötən il 1150 yaşını qeyd edən, qədim xristian ənənələrinə, mədəni və mənəvi keşmişə malik şəhərin Mingəçevirlə dostluq, qardaşlıq əlaqələrindən danışdı və üzərində belorusun əksi olan gözəl bir xalını mingəçevirlilərə hədiyyə etdi.
Təntənəli mərasimin sonunda şəhərin ictimai-siyasi həyatında fəallığına görə bir qrup şəxsə İHB adından fəxri fərmanlar təqdim olundu.
Şəhər günü respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatdı.