Hesabat yığıncağı
“2013-cü ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının təhlili və qarşıda duran vəzifələr”ə həsr edilmiş Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq ilk öncə Prezident İlham Əliyevin yenidən ölkə rəhbəri seçilməsi münasibəti ilə təbrik etdi. Daha sonra qeyd etdi ki, bu günkü iclasın keçirilməsində başlıca məqsəd cari ilin 9 ayında görülmüş işlərə baxış keçirmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə başçının birinci müavini İlham İsmayılov geniş məlumat verdi. Daha sonra idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək görülən işlər barədə hesabat verdilər. Sonda Niyazi Bayramov çıxış edərək hesabatda və müzakirələrdə görülən işlərlə yanaşı nöqsanlar, problemlər, təxirəsalınmadan həllini gözləyən vəzifələri qeyd etdi. Başçı qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlinəcəyinə əmin olduğunu bildirdi və bu yolda hamıya uğurlar arzuladı.
HESABAT
Mingəçevir şəhərinin 2013-cü ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr.
Oktyabr ayın;n 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclası giriş nitqi ilə açan dövlət başçısı qeyd etmişdir ki, doqquz ay çox uğurla yekunlaşdı və qarşıda duran bütün vəzifələr tam həcmdə icra edildi. Aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 5,4 faiz, qeyri-neft sektoru 10,4 faiz artmışdır. Hesabat dövründə artan maaş və pensiyaların nəticəsində əhalinin pul gəlirləri 7,6 faiz yüksəlmişdir. Xüsusi vurğulanmışdır ki, doqquz ayda ölkə iqtisadiyyatına qoyulan 17,7 milyard dollar investisiyanın 10, 5 milyardı daxili investisiyalardır. İclasda qeyd edilmişdir ki, hazırda Azərbaycan dövlətinin valyuta ehtiyatları 49,4 milyard dollar təşkil edir. Dövlət başçısı bölgələrin inkişafı ilə bağlı ikinci regional inkişaf proqramının artıqlaması ilə icra olunduğunu bildirmiş və bu ilin sonunda yekunlaşacağını qeyd etmişdir. Cari ilin doqquz ayının yekunu göstərir ki, ölkə iqtisadiyyatında əldə olunmuş yüksək nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərməkdə davam edir.
Bu il aprel ayının 16-da Mingəçevirdə səfərdə olmuş ölkə prezidenti cənab İlham Əliyev şəhərimizdə aparılan abadlıq və quruculuq işlərinə çox yüksək qiymət vermiş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Dövlət başçısı xalqın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sora, yeni inşa edilmiş Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Daha sora cənab İlham Əliyev “Dostluq” parkında aparılan abadlıq və quruculuq işləri ilə tanış olmuş, yeni inşa edilmiş “Gənclər evinin” açılışında iştirak etmişdir.
Əsaslı yenidən qurulmuş “Sahil” parkına baxış keçirildikdən sonra Fövqəladə Hallar Nazirliyi xətti ilə yaradılmış Mingəçevir su anbarının təhlükəsizlik sistemi ilə tanış olmuşdur. Şəhərin ümumtəhsil məktəblərində və FİN qəsəbəsində məskunlaşmış köçkünləır üçün inşa edilmiş 9 mərtəbəli 10 yaşayış binası inşa edilmiş ərazidə cənab İlham Əliyevə məlumat verilmişdir ki, şəhərcikdə 480 yerlik məktəb, bir bağça, icma mərkəzi, təcili yardım və poçt şöbəsi tikilmiş və köçürülmüş sakinlərin istifadəsinə verilmişdir.
Dövlət başçısı yeni inşa edilmiş Bayraq Meydanında olduqdan sora şəhərdə aparılan abadlıq və quruculuq işlərinə yüksək qiymət vermişdir. Şəhərimizə səfərinin nəticəsi kimi ölkə prezidenti tərəfindən aparılan yenidənqurma işlərinin genişləndirilməsi üçün əlavə maliyyə yardımı ayrılmışdır.
Ölkə rəhbəri şəhərimizdə olarkən verdiyi göstəriş və tapşırıqlar Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən gündəlik fəaliyyət proqramı kimi qəbul edilmiş və bu tövsiyələr əsasında işlər davam etdirilmişdir.
2013-cü ilin doqquz ayında yuxarda qeyd olunan işlərlə yanaşı Heydər Əliyev prospektinin yenidən qurulması davam etdirilmiş, prospektin avtomobil yolları genişləndirilmış, yeni asfalt örtük salınmış, işıqlanma sistemi yenilənmiş, müasir işıqforların quraşdırılmasına başlanmışdır.
Hesabat dövründə şəhərin istehsal, xidmət və tikinti sahələrində yüksək naliyətlər əldə edilmiş və ilin uğurla yekunlaşdırılması üçün ciddi zəmin yaranmışdır.
Bu ilin yanvar-sentyabr aylarında şəhərin sənaye istehsalı müəssisələrində 116 milyon manatlıq məhsul istehsal olunmuş, tikinti-quraşdırma işlərinə 23 milyon manat vəsait xərclənmiş, əsas kapitala 32 milyon manat investisiya yönəldilmiş, istehlak bazarında 73 milyon manatlıq mal material satılmış və xidmət göstərilmişdir.
Doqquz ayda istehsal olunmuş sənaye məhsulunun 104 milyon manatı və ya 89 faizi elektrik enerjisi istehsal edən iki müəssisənin payına düşür. Hesabat dövründə bu müəssisələrdə 57 milyard kilovat/saat elektrik enerjisi istehsal olunmuşdur. Ölkənin ən iri enerji istehsalçısı olan Azərbaycan İstilik Elektrik Stansiyasında mövcud 8 enerji blokun hər biri Dövlət proqramına uyğun olaraq yenidən qurulmuş və modernləşdirilmişdir.
SES silsiləsində aparılan yenidənqurma işləri əsas stansiyada 1-ci və 3-cü hidroaqreqatlarda, Varvara SES-də mövcud hər üç hidroaqreqatlarda davam edir.
Cari ilin doqquz ayında sənaye sahəsinin digər müəssisələri “Azneftmaş”, “Mingəçevir İzolit”, “Akkord maşınqayırma zavodu” ASC-lər, “İnterenerci” və “Kür” Elektron Avadanlıqları MMC-lər sabit iş rejimini təmin etmişlər.
2013-cü ilin doqquz ayında əhalinin sosial məsələləri daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Hesabat dövrünün sonuna şəhərdə əmək pensiyaçılarının sayı 17122 nəfər olmuş, onlara hesablanmış 22,2 milyon manat vəsait vaxtında ödənilmişdir. Orta aylıq pensiya Mingəçevir şəhəri üzrə 144 manat təşkil etmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən doqquz ayda 1924 ailəyə ünvanlı sosial yardım təyin olunmuş, 4666 şəhər sakini sosial müavinət alır. Mərkəzin 40 nəfər sosial xidmət işçisi tərəfindən şəhərin 486 tənha ahıl və əlil sakininə evlərdə sosial xidmət göstərilir.
Bu ilin doqquz ayında şəhər Məşğulluq Mərkəzinə 530 nəfər şəhər sakini müraciət etmiş, onlardan 306 nəfəri peşəsinə və ixtisasına uyğun işlə təmin olunmuş, 65 nəfər münasib işlə təmin olunmadığı üçün onlara işsizlik statusu verilmiş və işsizliyə görə müavinat təyin edilmişdir.
2013-cü ilin yanvar-sentyabr aylarında şəhər büdcəsinin gəlirləri 22,3 milyon manat, xərcləri 21,4 milyon manat icra olunmuşdur. Ötən müddət ərzində büdcə ödənişlərində kənarlaşmaya yol verilməmiş və büdcədən maliyələşən təşkilatlarda işləyən 6 mindən çox işçinin əmək haqları vaxtında ödənilmişdir.
Cari ilin doqquz ayının təhlili göstərir ki, hesabat dövründə şəhərin daxili yol və səkilərinə 116 min kvadrat metr yeni asfalt örtük döşənmiş, 14 min metr səki daşları düzülmüş, park və xiyabanlara 5 min kvadrat metrdən çox dekorativ beton tavalar quraşdırılmış, 2,5 min kvadrat metr sahəyə qazon örtük salınmışdır.
Hesabat dövründə 14 binanın dam örtüyü əsaslı təmir olunmuş və bu işlərə 9,5 min kvadrat metr rəngli metal kirəmit örtük işlənmişdir. Bu müddətdə şifer dam örtüklü 48 binada və yumşaq dam örtüklü 93 binada cari təmir işləri aparılmışdır.
Cari ilin doqquz ayında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, “Fərdi Yaşayış Sahələrinə Xidmət” idarəsi şəhərdə aparılan abadlıq və quruculuq işlərində yaxında iştirak etməklə bərabər əhaliyə, müəssisə və təşkilatlara mövcud tələbata uyğun yüksək səviyyədə xidmət göstərmişlər.
Ötən müddət ərzində 70 əraziyə 520 ədəd müasir zibil qabı qoyulmuş, 6 ədəd yeni zibildaşıyan maşın alınmış, 8 ədəd ot biçən maşın gətirilmişdir.
Qəbullarda və səyyari görüşlərdə verilən təklifləri nəzərə alaraq yaşayış sahələrində 2 ədəd günlük və 150 ədəd yeni oturacaq quraşdırılmış, 60 ədəd oturacaq təmir edilmişdir.
Şəhərin su təsərrüfatında mövcud olan ciddi problemlərə baxmayaraq Su-kanal idarəsi tərəfindən əhalini içməli su ilə normal təmin etmək üçün doqquz ayda 3526 qəza aradan qaldırılmış. 3 km uzunluğunda müxtəlif ölçülü su borusu dəyişdirilərək yeniləri ilə əvəz olunmuş, 11 siyirtmə təmir olunmuş və ya yenilənmişdir.
Dövlət proqramına uyğun olan şəhərin su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində də işlər davam etdirilmişdir. Belə ki, ötən müddətdə şəhər ərazisində 55 km-dən çox yeni su xətti, 6 km-ə yaxın yeni kanalizasiya xətti çəkilmiş, 180 ədəd siyirtmə, 108 ədəd su hidrantı, 73 ədəd nəzarət baxış quyusu quraşdırılmışdır.
Şəhərin elektrik təsərrüfatında 5 ədəd transformator yenisi ilə əvəz edilmiş, fəaliyyətdə olan 20 transformatorda cari təmir işləri aparılmış, 30 dayaq yenilənmiş , 3 km-ə yaxın kabel və naqil dəyişdirilmişdir. Əhali sektoruna 700 ədəd yeni tipli smart-kart sayğac quraşdırılmışdır.
Görülən tədbirlər nəticəsində şəhər üzrə enerci haqlarının tam həcmdə yığılması təmin olunmuşdur.
Şəhər Qaz İstismarı sahəsi tərəfindən ilin əvvəlindən 8,6 km uzunluğunda müxtəlif ölçülü qaz kəmərləri çəkilib, 1800 abonent mövcud xətlərə qoşulub və təbii qazla təmin olunub. Hazırda şəhərin qazlaşmayan ərazilərində yeni xətlərin çəkilişi davam edir. Şəhər İcra Hakimiyyəti 2013-cü ilin 9 ayı ərzində şəhər həyatının digər sahələri ilə yanaşı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə lazımi diqqət yetirmiş, bu istiqamətlərdə müəyyən işlər görülmüşdür. Hesabat dövründə şəhərin ümumtəhsil məktəblərini bitirmiş məzunların 667 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş, onların 408 nəfəri (61%) qəbul olunmuşdur. Tam orta məktəbi bitirən məzunlar arasında 18 qızıl medalçının, ali məktəblərə qəbul imtahanlarından 600-dən yuxarı bal toplayan 29 abuturyentin, respublika üzrə maksimal 700 bal toplayan 6 abuturyentdən 2-sinin Mingəçevir məktəblərinin yetirmələri olması sevindirici haldır. «05oktyabr-Müəllim günü» münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncamla 10№-li tam orta məktəbin direktoru Xumarə Mikayılova «Tərəqqi» medalına, Texniki Humanitar Liseyin riyaziyyat müəllimi Sevda İsmayılova «Əməkdar müəllim» fəxri adına layiq görülmüş, 4 nömrəli tam orta məktəbin informatika müəllimi Natəvan Mustafayeva «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qaliblərindən olmuşdur. Fənn olimpiadalarının respublika turunda 10 nömrəli məktəbin şagirdi Ülkər Əsgərova fizika fənni üzrə 4-cü yerə, 20 nömrəli məktəbin şagirdi Tamaşa Feyziyeva Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3-cü yerə layiq görülmüşlər. 10 nömrəli məktəbin 9-cu sinif şagirdə Zeynəb Quliyeva «Ana dilimizi sevək, sevdirək» inşa müsabiqəsinin respublika turunun qalibi olaraq, qızıl medal qazanmışdır. Hesabat dövründə məktəblilər idman sahəsində də bir sıra uğurlar əldə etmişlər. Belə ki, «Şahmat Məktəbi»nin qızlardan ibarət komandası Respublika birinciliyində 2-ci yerə, oğlanlardan ibarət komanda 3-cü yerə çıxmışlar. Məktəbin yetirməsi Zeynəb İsmayılzadə Gürcüstanda keçirilən «Avropa kuboku» yarışlarında 2-ci yeri tutmuş və gümüş medala layiq görülmüşdür. Uşaq Gənclər İdman Məktəbinin yetirmələri məktəblilər arasında voleybol yarışlarında Respublika birinciliüində 3-cü yerə çıxmışlar. Gənc Texniklər dərnəyinin üzvləri üç nominasiya üzrə keçirilən yarışlarda 2-ci yerə layiq görülmüşlər. Şəhərin 4 və 10№-li tam orta məktəblərində 10 və 17 saylı uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir. Bütün bunlarla yanaşı şəhər Təhsil şöbəsinin fəaliyyətində nöqsan və çatışmazlıqlar vardır. Belə ki, məktəblərdə dərslərə davamiyyətdə müəyyən irəliləyişlər olsa da, yuxarı siniflərdə hələ də dərsdən yayınma hallarına rast gəlinir;
- «İlin ən yaxşı məktəbi» müsabiqəsində şəhər məktəblərinin iştirak etməməsi;
- «İlin ən yaxşı müəllimi» müsabiqəsində iştirakçıların sayının az olması;
- Kompüterdən istifadə etməyə səy göstərməyən, bu mühüm işə laqeyd münasibət göstərən müəllimlərin olması;
- Bəzi məktəblərdə idman meydançalarının qaydaya salınması və idman qurğularında olan çatışmazlıqların aradan qaldırılması işləri hələ də başa çatdırılmayıb.
Şəhər Təhsil Şöbəsi (S.Məmmədov) bu istiqamətdə işləri gücləndirməli, tədris ilində qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təsirli tədbirlər görməlidir.
2013-cü ilin 9 ayı ərzində şəhər Mərkəzi Xəstəxanası üzrə 5 tibb müəssisəsində 67,4 min manatlıq cari təmir, 2 tibb müəssisəsində 70522 manatlıq əsaslı təmir işləri görülmüş, 55,5 min manatlıq ərzaq alınmış, dərman və sarğı materiallarına 394,7 min manat vəsait xərclənmişdir. Tibb müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş, bu məqsədlə 504 min manatlıq yumşaq və bərk inventar, 110 min manatlıq tibbi apparatura və avadanlıq, laboratoriya üçün ləvazimat alınmışdır.
Qeyd etmək lazımdır ki, ölkə rəhbəri cənab İlham Əliyevin 18 aprel 2013-cü il tarixli 2859 saylı Sərəncamına əsasən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri apararaq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Məlum sərəncamdan sonra şəhər Mərkəzi Xəstəxanası əsaslı təmirə dayandırılmış və hazırda təmir işləri sürətlə davam etdirilməkdədir.
Bütün bunlarla yanaşı, bu gün şəhər səhiyyəsində həllini gözləyən müəyyən məsələ və problemlər də mövcuddur. Belə ki, Doğum evində isti və soyuq su problemi öz həllini tapmalı, xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmalı, doldurulan tibbi sənədlər səliqəli və oxunaqlı yazılmalıdır. Eyni zamanda öz vəzifə borclarına laqeyd münasibət bəsləyən, nizam- intizam qaydalarına riayət etməyən tibb işçilərinə hələ də rast gəlinir ki, onlara qarşı rəhbərlik tərəfindən müəyyən inzibati tədbirlər görülməlidir.
Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi (Y.Quliyev) əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması, vətəndaşların qəbulu qaydaları, aparılan müayinə və müalicə işlərinin təkmilləşdirilməsi, xəstələrin, xüsusilə yolxucu xəstəliklərin vaxtında aşkarlanması istiqamətində tədbirləri gücləndirməlidir.
Hesabat dövründə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən əhaliyə xidmət göstərən ticarət, iaşə, kommunal, təhsil, səhiyyə, mədəniyyət, digər obyektlərdə sanitar epidemioloji nəzarət aparılmış, 642 akt tərtib edilmiş, 1980 kq vaxtı keçmiş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılmış, ərzaq məhsullarının istehsalı ilə məşğul olan 12 istehsal müəssisəsi sertifikatlaşmaya cəlb olunmuş, «Sanitar-Epidemioloji Sağlamlıq haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozan 8 nəfər məsul şəxsə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq edilmiş, 6 obyektin fəaliyyəti dayandırılmışdır.
Bütün bunlarla yanaşı, GEM rəhbərliyi (Ə.Ağayev) tərəfindən bazar və bazar ətrafı sahələrdə səliqə səhman işləri bərpa etdirilməsinə, açıq havada ərzaq məhsullarının satışının dayandırılmasına, qida istehsalı ilə məşğul olan sahənin sertifakatlaşmaya cəlb edilməsinə, ətraf mühitin mühafizəsinə, kütləvi istirahət yerlərində sanitariya normalarının pozulma hallarına qarşı nəzarət gücləndirməli, dövrü tibbi müayinə işlərinə diqqəti artırmalıdır.
Şəhər Baytarlıq İdarəsi cari ilin əvvəlində Respublika Kənd təsərrüfatı Nazirliyinin və Şəhər İcra Hakimiyyətinin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq iri və xırda buynuzlu heyvanların «bursellyoz» və «vərəm» xəstəliklərinə görə müayinələrini aparmış, «qarayara», «quduzluq», habelə ev quşlarının «Nyukasl» xəstəliklərinə qarşı peyvəndləmə işlərini başa çatdırmışdır. Hal-hazırda iri buynuzlu heyvanların «Dabağ», xırda buynuzlu heyvanların «çiçək» xəstələiklərinə qarşı profilaktiki peyvəndləmə işləri davam etdirilir.
Hesabat dövründə «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını və baytarlıq sanitariya qaydalarını pozduqlarına görə 6 nəfər fiziki şəxsə xəbərdarlıq edilmiş, 6 saylı tam orta məktəbin ərazisində yerləşən qeyri-qanuni kəski sexi ləğv olunmuşdur.
Bütün bunlarla yanaşı, idarə əməkdaşları tərəfindən qanunsuz əi kəsimi və satışı ilə məşğul olan şəxslərə qarşı müvafiq qanunvericiliyə uyğun olaraq işləri davam etdirməli, kənardan gətirilən, eləcə də şəhərdaxili bütün heyvandarlıq məhsullarına nəzarəti gücləndirməli, profilaktiki tədbirləri daha da genişləndirilməlidir.
2013-cü ilin 9 ayı ərzində şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən 971,4 min m2 sahədə dezatizasiya, 710,3 min m2 sahədə dezinseksiya, 16,3 min m2 sahədə isə dezinfeksiya işləri aparılmış, 61 yolxucu xəstəlik mənbəyində əks- epidemik tədbirlər həyata keçirilmişdir. Stansiya tərəfindən bu işlərin görülməsi üçün şəhərdə fəaliyyət göstərən 31 təşkilatla müqavilə bağlanmışdır.
Görülmüş işlərlə yanaşı, stansiya rəhbərliyi (T.Sadıqov) profilaktiki tədbirlərin daha da gücləndirilməsi məqsədilə təşkilatlarla müqavilə bağlanmasına nail olmalı, əks- epidemik tədbirləri gücləndirməlidir.
Cari ilin hesabat dövründə şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni inventarlarla təchizi, kitabxana və muzey fondlarının komplektləşdirilməsi üzrə müəyyən işlər görülmüş, inventar və avadanlıqlar alınması üçün 16 min manat vəsait xərclənmişdir.
Mədəniyyət müəssisələri tərəfindən tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilmiş, görkəmli şəxslərin yubileylərinin qeyd edilməsi, əhalinin, xüsusilə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə şəhərin «Sahil», «Dostluq» parklarında rəngarəng tədbirlər təşkil olunmuşdur.
Görülmüş müsbət işlərlə yanaşı, şəhər Mədəniyyət və Turizm şöbəsi (T.Əzizli) uşaq musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətini daha da yaxşılaşdırmalı, bəzi mədəniyyət evləri və klub müəssisələrinin fəaliyyətini daha da artırmalı, əmək intizamına nəzarəti gücləndirməli, eləcə də əhaliyə göstərilən mədəni xidmətləri daha rəngarəng təşkil etməlidir.
2013-cü ilin 9 ayı ərzində Mingəçevir şəhərində aparılmış iqtisadi və sosial yönümlü tədbirlərlə yanaşı ictimai və siyasi sahələrdə də görülən işlər davam etdirilmişdir. Milli mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği istiqamətində görülən tədbirlər genişlənmiş, keçirilən ümumşəhər tədbirlərində əhalinin, siyasi partiyaların, dini qurumların və qeyri hökumət təşkilatlarının nümayəndələrinin iştirakı təmin edilmişdir.
Gənclər arasında idmanın inkişaf etdirilməsi və idman yarışlarını keçirilməsi sahəsində bir sıra işlər görülmüş, gənclərin şəhərin ictimai-siyasi, mədəni, sosial-iqtisadi sahələrində yaxından iştirakının təmin edilməsi, yay istirahətinin təşkili sahəsində tədbirlər hazırlanıb həyata keçirilmişdir. Gənclər və İdman idarəsinin nəzdindəki UGİM-nın yetirmələri respublika miqyaslı yarışlarda yüksək nəticələr qazanmış, respublika birinciliklərində 17 birinci yer, 17 ikinci yer və 11 üçüncü yer almaqla yüksək nailiyyətlərə nail olmuşlar.
2013-cü ilin doqquz ayında şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 18 iclası keçirilib, 33 məsələyə baxılıb. İcra Hakimiyyəti başçısı tərəfindən hesabat dövründə keçirilən 37 qəbulda 879 nəfər qəbul olunub. Müxtəlif yaşayış sahələrində 32 səyyari görüş təşkil olunub. 3 mindən çox sakin iştirak edən bu görüşlərdə 255 müraciət olunub və əksəriyyəti öz həllini tapıb.
Təhlil göstərir ki, ilin əvvəlindən şəhər İcra Hakimiyyətinə ümumilikdə 1314 vətəndaş müraciəti daxil olmuşdur. O cümlədən nəzarətlə 14 müraciət, təkrar 36 müraciət, kollektiv 24 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin hər birinə fərdi qaydada baxılmış və qaldırılan əksər problemlər öz həllini tapmışdır.
Hesabatdan göründüyü kimi 2013-cü ilin 9 ayında şəhərimizdə aparılan abadlıq, quruculuq və yenidənqurma işləri çox uğurlu olmuş, əhalinin kommunal və digər problemləri ardıcıl öz həllini tapmışdır. Sahibkarlığın genişləndirilməsinə, turizmin inkişafına lazımı şərait yaradılmışdır. Prezident seçkiləri böyük uğurla yekunlaşmışdır.
Lakin qeyd olunmalıdır ki, şəhər əhalisini narahat edən bir sıra problem hələ də tam olaraq öz həllini tapmayıb. Əhalinin elektrik enerjisi, su və təbii qaz təminatları fasiləsiz olmasına baxmayaraq, qəzaların baş verməsi bu təsərrüfatlarda yenidənqurma işlərinin sürətlənməsini tələb edir.
Şəhər ərazisindən keçən magistral avtomobil yolun, bağlar massivinə gedən yolların və bəzi məhəllədaxili ərazilərin asfaltlanmasına ehtiyac var. Dam örtüklərinin, zirzəmi kommunikasiya xətlərinin təmirinə diqqət artırılmalıdır. Kommunal müəssisələrin maşın və mexanizmlərlə təminatına xüsusi fikir verilməlidir. Bu və digər problemlərin həlli istiqamətində tədbirlərin görülməsi daim şəhər İcra Hakimiyyətinin nəzarətindədir.
2013-cü ilin doqquz ayının yekunları göstərir ki, şəhərin sosial-iqtisadi inkişafında ümumən artım səviyyəsi saxlanılmışdır. Hesab edirik ki, bu günkü müzakirələr ilin uğurla yekunlaşmasına zəmin yaradacaq və 2013-cü il Mingəçevir üçün növbəti uğur və yüksəliş ili olacaq.