Sakinlərlə görüş
“Mingəçevir kəndi” adlanan yaşayış massivində səyyari qəbul keçirilib. 4 minə yaxın əhalisi olan yaşayış massivində keçirilən səyyari qəbulda sosial infrastrukturun yeniləşdirilməsi ilə bağlı müraciətlər səsləndirilib. Hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilat nümayəndələrinin iştirak etdikləri görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov şəhərin qazlaşdırılması, yolların yenidən qurulması istiqamətində mühüm addımlar atıldığı barədə məlumat verdi. Başçı qeyd etdi ki, hal-hazırda massivin su təhcizatını daha da yaxşılaşdırmaq məqsədi bir sıra son tamamlama işləri aparılır. Qəbulda vətəndaşlar ərazinin problemləri barədə çıxış etdilər. Sakinlər öz çıxışlarında məhəllə yollarında işıqlandırma sisteminin olmamasından, su-kanalizasiya sisteminin yenidənqurulması ilə bağlı qoyulacaq su sayğaclarının həyətyanı sahələrinin suvarılmasında yaradacaq problemlərdən, əraziyə yaxın olan qum karxanalarının fəaliyyətinin ətraf mühitə təsirindən narahat olduqlarını qeyd etdilər.
Keçirilən səyyar qəbulda şəhər İcra Hakimiyyətinin başçısı səsləndirilən şikayət və təkliflərin icrası ilə bağlı əlaqədar təşkilatlara konkret tapşırıqlar verdi.