Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhəri ərazisində koronavirusla mübarizə üzrə tədbirlər davam etdirilir.

20 mart 2020 | 16:00

Azərbaycanda koronavirus xəstəliyi ilə mübarizə məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmiş, epidemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır.
   Mingəçevir şəhəri ərazisində koronavirusla mübarizə məqsədilə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 36 saylı sərəncam imzalanmışdır. “Mingəçevir şəhəri ərazisində koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsi haqqında” İcra Hakimiyyəti başçısının sərəncamına əsasən başçının müavini Hikmət Kərimovun sədrliyi ilə işçi qrupu yaradılmış və şəhər üzrə mübarizə tədbirlərinin təşkili İşçi qrupuna həvalə olunmuşdur.
   İşçi qrupunun üzvü, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Validə Məmmədovanın məlumatına əsasən, ilin əvvəlindən etibarən şəhər ərazisində əhalinin sanitar-epidemioloji sağlamlığının təmin olunması üçün bütün lazımi tədbirlər görülməkdədir. Onun sözlərinə görə keçən müddət ərazində GEM-in nəzarəti ilə Dezinfeksiya Stansiyası tərəfindən bütün orta ümumtəhsil məktəbləri, uşaq bağçaları, idman və mədəniyyət obyektləri, ticarət mərkəzləri, supermarketlər və bazarlar, marşrut avtobusları və dayanacaqlar, həmçinin, iri sənaye, ticarət və xidmət müəssisələrinin binaları, poçt şöbələri, banklar və bankomatlar tam dezinfeksiya olunmuşdur. Eyni zamanda əhaliyə xidmət göstərən supermarket, aptek, bazar və digər satış sahələrində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı təlimat verilmişdir. 20 mart 2020-ci il tarixə olan məlumata əsasən “Azərbaycan İES” və Avtovağzalın inzibati binaları, həmçinin, ərazilərində olan avtonəqliyyat vasitələri tam dezinfeksiya olunmuşdur. Bu günki tarixə Mingəçevir şəhər ərazisində koronavirusa yoluxma hadisəsi qeydə alınmamışdır.

 

Keçidlər