Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.
Fevralın 26-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü A.Şaiq, Naxçıvan, C.Əliyev küçələrinin sakinləri ilə Tibb kollecində oldu. Şəhər rəhbəri bildirdi ki, ölkəmizin hər yerində infrastruktur layihələr reallaşdırılır. Ötən il ümumdaxili məhsul istehsalı, sənaye məhsullarının istehsalı artmış, aqrar sahədə, həyatın digər sahələrində müvəffəqiyyətlər əldə edilmişdir. Ölkə prezidenti İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunur. Vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması itiqamətində davamlı olaraq tədbirlər görülür. Regionların Sosial İqtisadi-İnkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə də ardıcıl quruculuq işləri reallaşır. Belə ki, ötən il şəhərdə 3 yerdə istirahət parkının tikintisinə başlanıb, məhəllərdə abadlıq işləri aparılıb. Onlarla yaşayış binasının blokları əsaslı təmir edilib, pəncərə çərçivələri, şüşəbəndlər, giriş qapıları qoyulub. Bir çox küçədə işıqlandırma sistemi quraşdırılıb. Bu ildə əsaslı tikinti və abadlıq işləri davam etdiriləcək. Ayrı-ayrı yerlərdə istirahət parkları salınacaq, küçələr asfaltlanacaq.
Çıxış edən sakinlər binalarda istilik sisteminin quraşdırılması, kanalizasiya sisteminin və blokların təmiri, işıqlanma sisteminin quraşdırılması, ağacların suvarılması üçün yeni xətlərin çəkilməsi kimi təkliflər irəli sürdülər.
Şəhər rəhbəri İlham İsmayılov problemlərin həlli üçün müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.