Mingəçevir Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.
Azərbaycan xalqının qan yaddaşında Soyqırım hadisəsi kimi yer alan Xocalı faciəsindən 28 il keçir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə, qarlı-şaxtalı qış günlərində minlərlə əhalinin yaşadığı Azərbaycanın Xocalı diyarında erməni hərbi birləşmələrinin silahlı rus alayının əsgər və zabitləri ilə birgə həyata keçirdiyi qətliam zamanı yüzlərlə insan, uşaq, qadın, yaşlılar amansızlıqla öldürülüb. Yüzlərlə insan əsir və itkin düşüb. Xocalı faciəsi hər zaman xalqımız tərəfindən xatırlanır. Hadisənin ildönümü günlərində ölkəmizin hər yerində, xarici dövlətlərdə anım və xatirə tədbirləri, təhsil və tərbiyə ocaqlarında müsabiqələr, rəsm sərgiləri, idman yarışları keçirilir. İdarə və təşkilatlarda, mədəniyyət müəssisələrində diskussiyalar, konfranslar, kompozisiyalar təşkil edilir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri, prokurorluğun əməkdaşları, polis şöbəsinin, təhsil və mədəniyyət şöbələrinin, səhiyyə ocaqlarının, Mingəçevir Dövlət Universitetinin, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri Soyqırım abidəsinin önünə gül dəstələri qoymaqla torpaqlarımızın müdafiəsi, suverenliyi yolunda həlak olan şəhidlərimizə ehtiramlarını bildiriblər.
Tədbir Mingəçevir Dövlət Dram Teatrında davam edib. Mərasim iştirakçıları Dram Teatrın foyesində Xocalı hadisələrindən bəhs edən məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanışlıq ediblər. Sonra “Xoca” filmi nümayiş edilib.