Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətində xocalılarla görüş keçirilib.
Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətində xocalılarla görüş keçirilib. Əvvəlcə faciə zamanı həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 28 il əvvəl erməni hərbi birləşmələrinin rus silahlı birləşmələri ilə birgə minlərlə əhalisi olan Xocalı şəhərində törətdikləri qətliamdan bəhs edərək, günahsız insanlara, qocalara, qadınlara, uşaqlara edilən amansızlıqlardan danışıb. Qeyd olunub ki, o gecə yüzlərlə insan qətlə yetirilib, əsir götürülüb, işgəncələr verilib. Xocalı faciəsi bütün xalqın, Azərbaycanın faciəsidir. İllər keçsə də, bu dərd unudulmayacaq, hadisəni törədənlər öz cəzalarına çatacaqlar. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə işğal altında qalan torpaqlarımızın geri qayıdacağı gün uzaqda deyil.
O dəhşətli gecədə baş verənlərdən, insanlığa sığmayan cinayətdən danışan xocalı sakinləri Zahir Usubov, Baloğlan Allahyarov, Süleyman Orucov vurğuladılar ki, törədilən vəhşiliyin misli-bərabəri yox idi, uşaqlara, qadınlara aman verilmirdi. Qocalar belə qəddarlıqla qətlə yetirilirdi. Ata-baba yurdlarından didərgin düşdükdən sonra Mingəçevirdə məskunlaşdıqlarından, daim dövlət qayğısı ilə əhatə olunduqlarından, mənzillə təmin edilmələrindən danışan xocalılar əmin olduqlarını bildirdilər ki, ədalət zəfər çalacaq, cinayətkarlar öz cəzalarına çatacaqlar.
Görüşə yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, erməni faşistlərinin hərəkətləri cavabsız qalmayacaq. Azərbaycanın işğal altında olan torpaqlarının bir qarışı belə düşmən əlində olmayacaq. 2016-cı ilin aprel döyüşləri bir daha sübut etdi ki, qüdrətli Azərbaycan ordusu qələbələr əldə etməyə qadirdir. Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət bizi qələbədən-qələbəyə aparacaq, torpaqlarımız azad ediləcəkdir.
Görüşün sonunda xocalılara ərzaq bağlaması paylandı.