“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminar keçirilib.
Fevralın 20-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda Mingəçevir şəhər, Yevlax, Ağdaş və Goranboy rayonlarının təhsil ocaqlarının yuxarı sinif şagirdlərinin iştirakı ilə interaktiv seminar keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Dövlət Təhlükəsizlik Xidmətinin, Təhsil Nazirliyi və icra hakimiyyətləri strukturlarının birgə təşkilatçılığı ilə keçirilən seminarların başlıca məqsədi dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərin xatirəsi anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib. 570-dən artıq yeniyetmə və gəncin, pedaqoqların, ictimaiyyət və KİV təmsilçilərinin iştirak etdiri tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu cür mühüm maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Seminarın ölkə prezidentinin, birinci vitse prezidentin uşaqların və yeniyetmələrin milli ruhda tərbiyəsinə, inkişafına, təhsilinə, dünyagörüşünə, kamil vətəndaş kimi formalaşmalarına, ümumilikdə uğurlu gənclər siyasətinə növbəti töhfələri olduğu qeyd olunub.
DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov müasir informasiya-kommunikasıya texnologiyalarının inkişafının faydası ilə yanaşı təhlükələrindən də danışıb. Akademiyanın kafedra rəisi D.Rüstəmov, psixologiya üzrə fəlsəfə doktoru Mehparə Sadıqova, hüquq üzrə fəlsəfə doktoru E.Balacanov “Sosial şəbəkələr və milli təhlükəsizlik : mövcud təhdid və risklər”, “Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları”, “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələrdən gənclərin həyatında yaratdığı problemlərə ümumi baxış” mövzularında məruzələr ediblər. Tədbirdə mövzu ilə bağlı film nümayiş olunub.