Mingəçevir Bələdiyyəsində Bələdiyyə üzvləri ilə görüş keçirildi.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fevralın 14-də Mingəçevir Bələdiyyəsində bələdiyyə üzvləri ilə görüş keçirdi. Görüşdə Mingəçevirdə fəaliyyət göstərən mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdilər. Şəhər İcra Hakimiyyətinin başçısı görüşdə iştirak edənləri salamlayaraq qeyd etdi ki, Bələdiyyələrə keçirilən seçkilər zamanı 60 nəfər namizəddən 19-u şəhər əhalisinin ehtimadını qazanmış və bu gün öz səlahiyyətlərinin icrasına başlamışlar. Şəhər bələdiyyəsi üzvləri və bu sahədə xidmət göstərən işçilər xalqın ehtimadını doğrultmalı, əməli işləri ilə şəhərimizin yüksəlişinə, abadlıq-quruculuq işlərinin sürətlə getməsinə təkan verməlidirlər. Bu il 45 məhəllənin abadlaşdırılması, məhəllədaxili ərazilərdə daha 184 işıqlanma dirəklərinin qurulması, 9 küçəsinin işıqlandırılması, 11 doqquz mərtəbəli binada təmir işlərinin başa çatdırılmasını, yeni parkların və istirahət məkanlarının yaradılmasını qarşıya məqsəd qoyulduğu qeyd edildi. O cümlədən, tərəvəzçilik, tingçilik, bağlar kimi yaşayış massivlərində küçələrin asfaltlanması və yeni işıqlanma sistemlərinin quraşdırılması nəzərdə tutulur. İcra başçısı qeyd etdi ki, Bələdiyyənin daha səmərəli işləməsi üçün qeyri-hökumət təşkilatları ilə əlaqə saxlaması, torpaqların verilməsində obyektivliyi qoruması, ədalətlilik prinsipi və bələdiyyə qulluqçularının öz işlərinə məsuliyyətlə yanaşması vacibdir. Başçı eyni zamanda mətbuat işçiləri ilə, məhəllə komitələri ilə əlaqə saxlamağı mühüm amil kimi vurğuladı.
Görüşdə şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev bələdiyyə üzvləri adından şəhər İcra Hakimiyyətinin başçısına keçirilən görüş üçün, onlara göstərilən etimada görə dərin təşəkkürünü bildirdi. Əmin etdi ki, Mingəçevir bələdiyyəsinin yeni seçilmiş üzvləri öz əməli işləri ilə şəhər əhalisinin etimadını doğruldacaq, şəhərin quruculuq işlərində fəal iştirak edəcəkdir.