Şriftin ölçüsü :

Saytın rəngi :

6 yanvar 2023-cü il tarixində başçının sakinlərlə növbəti səyyar görüşü keçirildi.

09 yanvar 2023 | 16:11

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun 2023-cü il 6 yanvar tarixində sakinlərlə ilk səyyar görüşü 11 nömrəli tam orta məktəbin iclas zalında oldu. Görüşə məktəbə yaxın olan ərazilərdəki yaşayış binalarının sakinləri dəvətli idilər. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında qısa məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi əməli işlərdən bəhs etdi. Bildirdi ki: “Cənab Prezidentin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” kimi qeyd olunacaq. Ulu öndərin həyat və fəaliyyəti, tarixi irsi respublikamızın hər yerində öyrənilərək təbliğ olunacaq. Bu irs Mingəçevirdə də geniş öyrənilərək əməli tədbrilərlə yadda qalacaq. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə xüsusi tədbirlər planı hazırlanıb ictimaiyyətə təqdim olunmuşdur. Ötən il ümumiyyətlə şəhərimiz üçün yaddaqalan olmuşdur. İl ərzində şəhərdə bir sıra sosial-iqtisadi məsələlər öz həllini tapmış, insanların məmnunluq hissini artırmaq üçün əməli işlər görülmüşdür. Qaz, su, kanalizasiya, o cümlədən işıqlanma sistemləri yenilənmiş, yollar abadlaşmış, qarşıya çıxan bir sıra narazılıqlar aradan qaldırılmışdır. Bütün bunlar mingəçevirlilərin yaxından dəstəyi və köməyi ilə həyata keçirilmişdir. Hazırda bu istiqamətdə işlərimiz davam etməkdədir. Buna görə də sizinlə növbəti səyyar görüşü keçirir, təklif və mülahizələrinizi dinləmək istərdik. Bu ölkə rəhbərinin bizə olan tapşırığıdır. Zalda qoyulmuş sərbəst mikrafondan istifadə etməklə fikirlərinizi bildirməyi xahiş edirəm.” Görüşdə ilk olaraq Adil Nəsibov söz alaraq şəhərdə görülən işlərə münasibətini açıqladı, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə həyata keçirilən abadlıq-quruculuq işlərindən razılığını bildirdi. Qeyd etdi ki: “ Sözlə əməli işin vəhdəti məhz sizin fəaliyyətinizdə özünü göstərir. Buna görə də şəhər sakinləri sizə öz minnətdarlıqlarını bildirirlər. Gələcək fəaliyyətinizdə uğurlar diləyir, sizə ən xoş arzularımı bildirirəm. Sözün əsl mənasında bu gün Mingəçevir respublikamızın ən gözəl şəhərlərindən birinə çevrilib.” Sonra sakinlərdən Durna Əliyeva, Arif Qafarov, Salman İmanov, Niyazi Bəkirov, Solmaz Əliyeva və başqaları çıxış edərək görülən işlərə münasibətlərini bildirməklə yanaşı qarşılaşdıqları problemlər haqqında söz açdılar. Şəhid anası Durna Əliyeva yaşadıqları mənzilə telefon çəkilməsini istədi. Binalarının əsaslı təmirə ehtiyac olduğunu diqqətə çatdırdı. Arif Qafariov Züleyxa Həsənova küçəsindəki 11 nömrəli məktəbə yaxın ərazidə qazıntı işlərinin aparılmasına münasibətini bildirərək oranın bərbad hala salınmasından narazılıq etdi. Salman İmanov 20 nömrəli marşrut xəttinin yaşadıqları Niyazi küçəsi boyunca tam hərəkət etməsini istədi. Niyazi Bəkirov, Solmaz Əliyeva Təbriz və Mikayıl Müsfiq küçələrində yaşadıqları binanın ətrafında işıqlanmanın zəif olmasını, xeyir-şər mağarının təmirinə diqqətin artırılmasını xahiş etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələləri diqqətlə dinləyərək onlara aydınlıq gətirdi və görüşdə iştirak edən Şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə problemlərin həlli istiqamətində iş görmək məqsədi ilə konkret tapşırıqlarını verdi. Sakinləri əmin etdi ki, qısa müddətdə məsələlər nəzarətə götürülərək öz həllini tapacaq.

Keçidlər