Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.
Fevralın 5-də 14 nömrəli tam orta məktəbin akt zalında Xətai küçəsi 10 nömrəli yaşayış binasının sakinləri ilə səyyar görüş keçirildi. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda keçirilən Regionların Sosial-İqtisadi İnkişafı (2019-2023-cü illər) dördüncü Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunmuş yığıncaq haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, 2019-cu il Respublika üçün uğurlu il olmuşdur. Xüsusilə qeyri-neft sektorunun fəaliyyəti diqqətəlayiq dərəcədə artmışdır. İstər kənd təsərrüfatının, istərsə də sənayenin inkişafında bu artım özünü büruzə verir. Regionların inkişafını diqqət mərkəzində saxlayan cənab prezident 2020-ci ildə də bu artımın yüksək səviyyədə olacağını əminliklə vurğuladı. Mingəçevirdə də bu istiqamətdə əməli işlər həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq şəhərdə su-kanalizasiya sisteminin yenilənməsi, yeni asfalt yollarının çəkilməsi, işıqlanma sisteminin qaydaya salınması, məhəllələrin, park və xiyabanların, yaşayış binalarının əsaslı təmirdən çıxarılması, bu istiqamətdə abadlıq-quruculuq işlərinin artırılması nəzərdə tutulur.
Görüşdə sakinlər çıxış edərək Mingəçevirə və mingəçevirlilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova minnətdarlıqlarını bildirdilər. Eyni zamanda sakinlər qarşılaşdıqları çətinlikləri – kanalizasiya sisteminin təmir edilməsi, vegetasiya dövrünü başa vurmuş ağacların kəsilməsi, Xətai küçəsində yerləşən 20 nömrəli yataqxananın əsaslı təmir edilməsi kimi məsələləri dilə gətirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov problemlərin həlli məqsədilə idarə, təşkilat və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.