Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

08 yanvar 2020 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə yeni təqvim ilində ilk səyyar görüşü yanvarın 8-də 11 saylı orta məktəbin akt zalında keçirildi. Şəhər rəhbəri ölkə prezidentinin tapşırığı ilə daim sakinlərlə keçirilən görüşlərin əsas məqsədinin onların arzu və istəklərini, problemlərini öyrənmək olduğunu bildirdi. Qeyd olundu ki, ötən il ölkəmizdə bir sıra infrastruktur layihələr reallaşıb. Regionlarda yeni qaz xətlərinin çəkilişi, təhsil ocaqlarının, mədəniyyət və səhiyyə müəssisələrinin inşa olunması və ya əsaslı təmiri, o cümlədən su xətlərinin müasir standartlara uyğun yenilənməsi, işıqlanma sisteminin müasirləşdirilməsi və bu kimi digər abadlıq-quruculuq işlərinin həyata keçirilməsi vətəndaşların sosial rifah halının yaxşılaşması məqsədilə olub. Və təbii ki, bu layihələr yeni ildə də davam etdiriləcək.  İqtisadi qüdrəti ilbəil güclənən, möhtəşəm tədbirlərə ev sahibliyi edən Azərbaycan regionda lider dövlətdir, dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir. Hər zaman təmizliyi, sakit həyat tərzi, yaşıllığı ilə fərqlənən Mingəçevirdə də ötən il davamlı olaraq abadlıq-quruculuq işləri aparılıb,  məhəllələrdə asfaltlanma işləri, çoxmənzilli binaların bloklarının təmiri, fasadlarının üzlənərək rənglənməsi, o cümlədən yaşıllıq zolaqlarının genişləndirilməsi kimi işlər gerçəkləşib. Xüsusilə də vətəndaşların həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə ölkə prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla minimum əmək haqqları, pensiyalar və digər müavinətlər artırılıb.

   Çıxış edən sakinlər yaşadıqları binanın bloklarının təmir edilməsini, pəncərə çərçivələrinin və giriş qapılarının qoyulmasını, şəhərdə aparılan abadlıq-quruculuq işlərini təqdir edərək ölkə prezidentinə və şəhər rəhbərinə minnətdarlıq etdilər. Eyni zamanda kanalizasiya xətlərinin təmir edilməsi, küçə və məhəllələrdə ağacların suvarılması üçün köhnə xətlərin bərpa edilməsi, işıqlanma sisteminin qoyulması, məhəllədaxili yolların asfaltlanması və.s kimi problemlərin olduğunu da qeyd etdilər.

   Görüşə yekun vuran şəhər rəhbəri sakinləri əmin etdi ki, qaldırılan hər bir problem həllini tapacaq. Şəhərin hər yerində məhəllələr mərhələ-mərhələ abadlaşdırılacaq, işıqlanma sistemi quraşdırılacaq, ağacların suvarılması üçün su xətləri bərpa ediləcək, yaşayış binalarının blokları, fasadları əsaslı təmir ediləcək. Bu ölkə prezidentinin tapşırığıdır və biz də bu işləri ardıcıllıqla, yüksək səviyyədə yerinə yetirəcəyik.

Keçidlər