Təhsil işçilərinin konfransı
Sentyabrın 3-də Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər təhsil işçilərinin ənənənvi sentyabr konfransı keçirildi. Konfransda şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov və Təhsil Nazirliyinin nümayəndəsi, nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov iştirak edib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdiər. Daha sonra Mingəçevir təhsilinin uğurlarından ibarət video çarxa, məktəblilərin əl işlərindən ibarət rəsm əsərlərinə, texniki yaradıcılıq nümunələrinə, məktəblərdə həyata keçirilmiş çoxsaylı layihələrdən bəhs edən sənədlərə baxdılar. Konfransda ötən dərs ilinin yekunları ətraflı təhlil olunub. Qeyd olundu ki, 2012-2013-cü dərs ilində əldə olunan nailiyyətlər son 10 ilin ən yüksək təlim göstəricisidir. Bu il Mingəçevirdəki məktəbləri bitirənlərin 18-i “qızıl medal” alıb. Ali məktəblərə qəbul imtahanlarında məzunlarımızın 29-u 600-dən, 53-ü 500-dən yuxarı bal toplayıb. 2 gənc isə hətta 700 bal yığmağa müvəffəq olub (respublika üzrə 6 ən yüksək göstəricinin 2-si Mingəçevirin payına düşüb). Ümumilikdə tələbə adını qazananların sayı 61%-ə yüksəlib. Mingəçevir Texniki-Humanitar liseyinin riyaziyyat müəllimləri Sevda İsmayılova və Arzu Hüseynovanın hazırladıqları riyaziyyat kitabı Təhsil Nazirliyi tərəfindən bütün respublika üzrə 6-cı siniflər üçün dərslik kimi təsdiq edilib. 4 saylı məktəbin pedaqoqu Natəvan Mustafayeva “İlin ən yaxşı müəllimi” müsabiqəsində qalib gəlib. Məktəblərin məcburi köçkünlərdən boşaldılması başa çatdırılıb və təmirinə başlanıb. 3 və 11 saylı məktəblər əsaslı təmir olunub, 4 və 10 saylı məktəblərdə təmir-bərpa tədbirləri davam etdirilir.
Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov çıxışında ölkə rəhbərliyi tərəfindən təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışdı. Daha sonra İcra Hakimiyyəti adından qabaqcıl müəllimlərə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov fəxri fərmanlar təqdim etdi. Konfransda həmçinin Azərbaycan müəllimlərinin 14-cü qurultayına nümayəndələr seçildi.