Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.
Dekabrın 18-də şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov M.Rəsulzadə küçəsi 11, 13/31 saylı binaların sakinləri ilə görüş keçirdi. Görüşü açan şəhər rəhbəri respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar barədə sakinlərə məlumat verdi. Qeyd olundu ki, regionlarda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir, yeni-yeni layihələr həyata keçirilir. Bu gün Mingəçevirdə aparılan işlərin miqyası fərəhlə deməyə əsas verir ki, şəhərimiz gündən-günə inkişaf edir, gözəlləşir. “Dostluq” parkında, Mingəçevirin Xaldan şossesi tərəfinin giriş hissəsində yaradılan yeniliklər sakinlər tərəfindən rəğbətlə qarşılanır. 20-yə yaxın məhəllədə isə insanlar üçün nümunəvi şərait yaradılır. Gələcəkdə onun miqyası daha da artırılacaq.
Görüşdə iştirak edən sakinlər çıxış edərək şəhərdə aparılan abadlıq quruculuq işləri üçün ölkə başçısına və şəhər rəhbərinə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda - yaşayış binalarında istilik sisteminin olmaması, məhəllədaxili yolların asfaltlanması, işıqlandırma sisteminin gücləndirilməsi, kanalizasiya sisteminin yenidən qurulması kimi məsələləri də qeyd etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələ və təkliflərə aydınlıq gətirərək görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi və sakinləri əmin etdi ki, irəli sürülən təklİflər diqqətlə araşdırılaraq əməli tədbirlər görüləcək.