Ali məktəblərə qəbul olunmuş məzunlarla görüş
Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında şəhərin ümumtəhsil məktəblərini fərqlənmə attestatı ilə bitirən və ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərlə, valideyinlərlə, ictimaiyyət nümayəndələri ilə görüş keçirilmişdir. 2012-2013-cü dərs ilinin yekunları Mingəçevir təhsili üçün çox uğurlu olub. Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 17 iyul 2013-cü il tarixli, 738 nömrəli əmri ilə 18 nəfər mingəçevirli gənc qızıl medala layiq görülüb.
Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd təqdim edən gənclərin 58 faizi, yəni 384 məzun yüksək bal toplayaraq müxtəlif nüfuzlu ali məktəblərə qəbul olunublar. Abituriyentlərdən 32 nəfəri 600-dən yuxarı bal, onlardan iki nəfəri - 3 saylı orta məktəbin məzunu Nərmin Məmmədli və 7 saylı orta məktəbin yetirməsi Aytən Paşayeva maksimum nəticə göstərərək 700 bal toplayıblar. Ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələri əldə edən tələbələri, onların valideyn və müəllimlərini təbrik edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov bu nailiyyətləri ilk növbədə təhsilin inkişafına göstərilən dövlət qayğısının bəhrəsi kimi qiymətləndirib. Gənclərə bundan sonrakı həyatında uğurlar arzu edən şəhər rəhbəri onların qarşısında duran vəzifələrdən söz açıb.
Sonda yüksək bal toplamış abituriyentlərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.