Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü 8 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkədə və şəhərimizdə aparılan tədbirlər və abadlıq quruculuq işləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca ona olan etibar da yüksəlir. İqtisadi qüdrətimiz yüksəldikcə regionlarda abadlıq-quruculuq işlərinə diqqət artırılır. Bu gün Mingəçevirdə yeni parkların salınması, seyrəngahların yaradılması, məhəllələrdə səliqə-sahmanın bərpası məhz cənab prezidentin göstərdiyi diqqət və qayğının nəticəsidir.
Görüşdə sakinlər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılova minnətdarlıqlarını bildirdilər. Eyni zamanda yaşayış binalarında istilik sisteminin olmaması, binaların zirzəmilərinin əsaslı təmirə ehtiyac olması, zirzəmilərin dezinfeksiya edilməsi, yol nizamlayıcı nişanlarının qoyulmasına diqqətin artırılması, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları idman kompleksinin əsaslı təmir edilməsi kimi problemlər də qeyd olundu.
Şəhər İcra Hakimiyyətinin başçısı problemlərin aradan qaldırılması üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi. Bildirdi ki, bütün bu problemlər mərhələ-mərhələ aradan qaldırılacaq.