“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası
27 avqust 2013-cü il tarixdə Mingəçevir şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilmişdir. 28 rayon və şəhər icra hakimiyyəti başçıları və 38 dairə seçki komissiyalarının sədrlərin iştirakı ilə keçirilən məlumat sessiyasında ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi Azərbaycanda qarşıdan gələn Prezident seçkilərinin demokratik keçirilməsi istiqamətində yardım göstərməkdir. Bu günədək dinamik inkişaf edən Azərbaycanın qarşısında daha böyük vəzifələr durur deyən Ofis rəhbəri vurğulayıb ki, Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinin müavini Hüseyn Mövsümov ”Seçki prosesinə qeyri-qanuni müdaxilənin yol verilməzliyi” mövzusunda təşkil edilən məlumat sessiyalarının əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi ölkədə Prezident seçkilərinin tam demokratik keçirilməsinə imkan verir. Qarşıdakı prezident seçkiləri növbəti 5 ildə Azərbaycandakı inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün ölkənin mövqeyini və iradəsini ifadə etməyə və qərar verməyə şans yaradır.
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov seçkilərin keçirilməsinə məsul qurum kimi üzərlərinə düşən vəzifələrdən danışıb. Bildirib ki,aşağı seçki komissiyaları üçün hərtərəfli şərait yaradılıb, onların maddi-texniki təchizatı yüksək səviyyədə həyata keçirilib. Məlumat sessiyasında Avropa İttifaqının, ATƏT-in Bakı Ofisinin və Mərkəzi Seçki Komissiyasının ekspertləri mövzu ilə bağlı çıxışlar ediblər. Tədbirdə xüsusi vurğulanıb ki, icra hakimiyyəti başçıları ilə dairə seçki komissiyaları sədrlərinin qanunvericilik çərçivəsində əməkdaşlığı seçkilərin daha demokratik və təkmil keçirilməsində ciddi rol oynayacaqdır.