Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun F.Əzimov küçəsi 3, 3b, 7, Y.Mənsimov 1, C.Əliyev 12,14,18,22,24,26 nömrəli yaşayış binalarının sakinləri ilə keçirdiyi növbəti səyyari görüş 4 saylı tam orta məktəbin akt zalında baş tutdu. Şəhər rəhbəri sakinləri salamladıqdan sonra ölkədə və şəhərdə aparılan əməli işlər haqqında məlumat verdi. Bildirdi ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələri sırasında durur. İqtisadiyyatımızın yüksəlişi insanların həyat səviyyəsinin yaxşılaşmasında və bir sıra mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkədə abadlıq-quruculuq işləri durmadan inkişaf edir, yeni-yeni parklar, xiyabanlar salınır. Qaçqın və məcburi köçkünlər üçün çoxsaylı yaşayış binaları tikilib istifadəyə verilir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə maddi yardımlar edilir, müavinatlar verilir. Əhalinin məşğulluq səviyyəsini yüksəltmək üçün yeni iş yerləri açılır. Bütün bunlar şəhərində də uğurla davam etdirilir. Bu gün “Mingəçevir-Tekstil” MMC-də 700-dən yuxarı işçi çalışır və orada yeni iş yerlərinin açılması üçün əlavə tədbirlər görülür. Şəhərdə xalça fabriki filialının açılmasına hazırlıq işləri davam edir.
Görüşdə iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyəti başçısına dərin minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda “Boz dağ” deyilən yaşayış massivində işıqlanma sisteminin olmaması, ərazinin bəzi yerlərində asfalt örtüyünün yarımçıq saxlanılması, 8 nömrəli marşrut avtobusunun qəsəbə daxilinə gəlməməsi, binaların kanalizasiya sistemlərinin qaydaya salınması, zirzəmilərin dezinfeksiya edilməsi, istilik sisteminin qaydaya salınması, ərazilərdəki yarımçıq tikililərin anti-sanitariya vəziyyətinin aradan qaldırılması kimi problemlərdən bəhs etdilər.
Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov müvafiq tədbirlərin görülməsi üçün idarə, müəssisə, təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.