Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

09 oktyabr 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun oktyabrın 9-da keçirilən növbəti səyyar görüşü Ərəş küçəsi 1, 2 və N.Nərimanov küçəsi 13, 15/1 nömrəli binaların sakinlərini əhatə edirdi. Görüş keçirilən məhəllədə binaların fasad hissələri və girişləri tam təmir olunmuş, dəmir qapılar qoyulmuş, işıqlanma sistemi qaydaya salınmışdır. Eyni zamanda məhəllə tam asfaltlanmış, sakinlərin istirahəti üçün oturacaqlar qoyulmuş, onların tələbinə uyğun olaraq söhbətgahlar qaydaya salınmışdır.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər haqqında ətraflı məlumat verdi. Bildirdi ki, cənab prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq regionların hər yerində abadlıq-quruculuq işləri aparılır, məktəblərin, xəstəxanaların bərpası və yenidən qurulması həyata keçirilir. Şəhər rəhbəri İlham İsmayılov qeyd etdi ki, hazırda görüş keçirilən məhəllənin yaxınlığında - yəni “Dostluq” parkında görülən işlər insanlar tərəfindən razılıq hissilə qarşılanıb. Burada 1,4 hektar sahə tamamilə yenidən qurulur. Dövlət rəmzləri muzeyi ilə yanaşı musiqili fəvvarə, 200 nəfərlik örtülü səhnə, uşaqların əylənməsi üçün müxtəlif idman qurğuları və əyləncələr artıq hazır vəziyyətə gətirilir. Bununla yanaşı şəhərin digər məhəllələrində də yenidənqurma işləri həyata keçirilir. Mərhələ-mərhələ həyata keçirilən bu tədbirlər demək olar ki, şəhərimizin bütün ərazilərini əhatə edəcək.

   Görüşdə iştirak edən sakinlər  çıxışlarında şəhərdə aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərinə, eləcə də şəhər İcra Hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər. Məmnunluq hissi ilə qeyd etdilər ki, yaradılan şəraitdən və onlara göstərilən diqqət və qayğıdan razıdırlar. Bu qəbildən olan işlərin ardıcıl olaraq davam etdirilməsini xahiş etdilər. Eyni zamanda rastlaşdıqları problemləri- binaların su-kanalizasiya sistemlərinin qaydaya salınması, istilik sisteminin yenidən qurulması, binaların zirzəmilərində dezinfeksiya işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi, vegetasiya dövrünü başa vurmuş ağacların kəsilməsi və budanması kimi məsələləri qeyd etdilər.

   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həlli istiqamətində idarə, müəssisə, təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər