Şriftin ölçüsü :

Saytın rəngi :

Yarımilliyin yekunları müzakirə olunub

25 iyul 2013 | 15:00

24 iyul 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “2013-cü ilin birinci yarısında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr edilmiş geniş hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıcağnda bildirilmişdir ki, bu il aprel ayının 16-da şəhərimizə səfər etmiş  Prezident cənab İlham Əliyev bir  sıra obyektin açılışında iştirak etmiş, aparılan abadlıq və quruculuq işləri ilə tanış olmuşdur. Dövlət başçısı yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsini ziyarət etmiş,  Mərkəzin açılışında iştirak  etdikdən sonra, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Şəhərin «Dostluq» parkında aparılan abadlıq və  quruculuq  işləri ilə tanış olduqdan sonra cənab İlham Əliyev «Gənclər evi»nin açılışında iştirak etmişdir. Daha sonra dövlət  başçısı əsaslı yenidən qurulmuş «Sahil» parkına baxış keçirmişdir. Mingəçevirə səfəri çərçivəsində ölkə rəhbəri şəhərdə Fövqəladə Hallar Nazirliyinin bir neçə qurumunun yaradılması ilə bağlı aparılacaq tikinti layihələri və Mingəçevir su anbarının təhlükəsizlik sistemi ilə tanış olmuşdur.

Mingəçevirdə məskunlaşmış köçkün ailələri üçün yeni tikilmiş 9 mərtəbəli 10 yaşayış binası yerləşən ərazi də  cənab İlham Əliyevə məlumat verilmişdir ki, şəhərcikdə 480 yerlik məktəb, bir bağça, icma mərkəzi, təcili yardım və poçt şöbəsi tikilib istifadəyə verilmişdir. Yeni inşa olunmuş Bayraq Meydanında olduqdan sonra, dövlət başçısı  bir il ərzində  Mingəçevirdə görülmüş abadlıq və quruculuq işlərinə yüksək qiymət vermişdir.

2013-cü ilin yanvar-iyun aylarında Mingəçevir şəhərinin istehsal müəssisələrində 80,7 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, tikinti-quraşdırma işlərinə 13,7 milyon manat vəsait xərclənmiş, əsas kapitala 15,0 milyon manat investisiya yönəldilmiş, istehlak  bazarında 120,2 milyon manatıq mal satılmış və xidmət göstərilmişdir.

Regionların inkişafı Dövlət Proqramının şəhərə aid bəndləri ötən 6 ayda ardıcıllıqla icra olunmuşdur. Proqrama uyğun olaraq şəhərin ən iri sənaye müəssisəsi Azərbaycan İstilik Elektrik Stansiyasında, SES Silsiləsində, «Azneftmaş» və «Mingəçevir-İzolit» ASJ-lərdə, «İnterenerci» və «Kür» Elektron MMJ-lərdə modernləşmə və yenidənqurma işləri davam etdirilmişdir. İlin əvvəlindən görülən işlərin nəticəsində müxtəlif sahələrdə  595 daimi iş yeri açılmışdır.

Mingəçevir şəhər Elektrik Şəbəkəsi əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırma məqsədi  ilə 6 ay ərzində 5 ədəd zədələnmiş transformator yenisi ilə əvəz  edilmiş, 13 ədəd dayaq dəyişdirilmiş, 3 km-dən yuxarı naqil və kabel təzələnmişdir, 341 ədəd «Smart» tipli sayğac quraşdırılmışdır.

İlin birinci yarısında Mingəçevir Qaz İstismarı sahəsi tərəfindən 1239 ailənin  mənzilləri qazlaşdırılmış, 1340 abonentin istismara yararsız qaz sayğacları yeniisi ilə əvəz edilmiş, ümumilikdə görülən işlərə 3 min metrdən çox müxtəlif ölçülü boru işlədilmişdir.

Mingəçevir Sukanal idarəsi tərəfindən hesabat dövründə su şəbəkəsində 1661 qəza, kanalizasiya şəbəkəsində 2218 qəza aradan qaldırılmış,  2 min metrdən çox su və kanalizasiya borusu dəyişdirilmişdir.

2013-cü ilin 6 ayında Heydər Əliyev prospektində abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. Prospektin avtomobil yolları genişləndirilmiş yeni asfalt örtük salınmış, işıqlanma sistemi yenilənmişdir. Hazırda şəhərin mərkəzi prospektində yeni, müasir işıqforların quraşdırılmasına başlanmışdır. 2013-cü ilin birinci yarısında Kamran Hüseynov, Fidail Abdullayev, Natavan küçələrinə yeni asfalt örtük salınmış, 20 Yanvar, N.Nərimanov, Naxçıvan küçələrinin müəyyən hissəsi asfaltlanmışdır. Bu müddətdə ümumilikdə şəhərin küçə və meydanlarında 78 min kvadratmetr asfalt işi görülmüş, 5 min kvadratmetr dekorativ beton tavalar düzülmüş, 2,5 km uzunluğunda səki daşları dəyişdirilmiş, 2,4 min kvadratmetr sahəyə qazon salınmışdır. Hesabat dövründə 11 binanın dam örtüyü əsaslı təmir edilərək 7 min kvadratmetr rəngli metalkeramika örtüklə əvəz olunmuşdur. Bu müddətdə 37 şifer örtüklü binada, 78 yumşaq dam örtüklü binada cari təmir işləri aparılmışdır.

Hesabat dövrünün sonuna əmək pensiyaçılarının sayı 17 min 90 nəfər olmuş, onlara hesablanmış 14,6 milyon manat vəsait vaxtında ödənilmişdir. Şəhər üzrə orta aylıq pensiya  142 manat təşkil etmişdir.

2013-cü ilin altı ayında 806 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmiş, ümumilikdə isə 7488 nəfər ailə üzvü olan 1664 ailəyə ünvanlı sosial yardım ödənilmişdir. Şəhər sakinlərindən 4707 nəfərə, o cümlədən 1538 ailəyə sosial müavinat verilmişdir. Bu məqsədlərə ödənilən vəsait 2,0 milyon manat təşkil etmişdir. 344 nəfər şəhər sakini işə düzəlmək üçün müraciət etmiş, onlardan 182 nəfəri peşəsinə və ixtisasına uyğun işlə təmin olunmuşdur.

2012-2013-cü tədris ilinin sonuna şəhərin  22 ümumtəhsil məktəbində şagirdlərin sayı 12291 nəfər olmuş, onlardan 11450-si ilin nəticələrinə görə yuxarı sinifə keçirilmişlər. Tədris ilini 11-ci siniflər üzrə 831 nəfər bitirmiş, 823 nəfəri buraxılış imtahanlarında iştirak etmiş, onlardan 718-i və ya 87,2 faizi imtahanları müvəffəqiyyətlə vermişdir. Yekunda isə məktəbi bitirmiş, 831 şagirdin hər biri orta təhsil haqqında attestat almışdır. 9-cu siniflər üzrə məktəbi bitirmiş, 1076 şagirddən 1058-i imtahanda iştirak etmiş, onlardan 803 nəfəri və ya 80 faizi imtahanlarda müsbət nəticə göstərmişdir. Yekunda 1076 şagirddən 1072-ci və ya 99,6 faizi ümum orta təhsil haqqında şəhadətnamə almışdır. Tədris ilinin yekunu üzrə tam orta təhsil üzrə 18 məzuna qızıl medal  verilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2013-cü il tarixli 2859 saylı Sərəncamına əsasən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasını çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə, burada aparılacaq əsaslı yenidənqurma işlərinə  Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Məlum sərəncamdan sonra şəhər Mərkəzi Xəstəxanasında əsaslı  yenidənqurma işlərinə başlanmış və bu işlər sürətlə davam edir.

Gənclər arasında idmanın inkişaf etdirilməsi və idman yarışlarını keçirilməsi sahəsində bir sıra işlər görülmüş, gənclərin şəhərin ictimai-siyasi, mədəni, iqtisadi sahələrində yaxından iştirakı təmin edilmişdir. Şəhərin idman məktəblərinin yetirmələri respublika miqyaslı yarışlarda yüksək nəticələr qazanmış, respublika birinciliklərində 17 birinci yer, 17 ikinci yer və 11 üçüncü yer almaqla yüksək  göstəricilərə  nail olmuşlar.

2013-cü ilin 6 ayında şəhərin sosial-iqtisadi inkişafında yüksək artım  səviyyəsi saxlanılmış və bu, cari ilin uğurla yekunlaşacağına zəmin yaradır.

Keçidlər