Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Oktyabrın 2-də şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 20 Yanvar küçəsi 13, 15 və M.Maqomayev küçəsi 4, 6 nömrəli yaşayış binaların sakinləri ilə növbəti səyyari görüş keçirdi. Görüş keçirilən ərazidə insanların istirahəti və məmnunluğu üçün bir sıra şərait yaradılmışdır. Belə ki, ərazidə oturacaqlar qoyulmuş, asfalt örtüklər salınmış, səkilərə ən müasir bordürlər düzülmüş, uşaqların əylənməsi üçün müxtəlif əyləncə qurğuları yerləşdirilmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham ismayılov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə əhalinin minimum əmək haqqının qaldırılması, əmək pensiyalarının 200 manata çatdırılması, problemli kreditlərin həll olunması sahəsində görülən işlər, müəllimlərin orta aylıq əmək haqlarının artırılması, çoxmənzilli binalarda yaşayan insanlara mənzillərinin çıxarışlarının verilməsi və s. bu kimi tədbirlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilir. Cənab prezidentin bilavasitə göstərişinə müvafiq olaraq respublikanın paytaxtında və eləcə də regionlarda abadlıq-quruculuq işlərinin durmadan davam etdirilməsi insanların məmnunluq hisslərini daha da yüksəltmişdir. İlham İsmayılov Mingəçevir şəhərində həyata keçirilən əməli işlər haqqında - “Dostluq” parkında, şəhərin Xaldan şossesi istiqamətindəki seyrəngahda, eləcə də bir sıra məhəllələrdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs etdi.
Görüşdə iştirak edən sakinlər çıxış edərək onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə rəhbəri İlham Əliyevə və İcra başçısına minnətdarlıqlarını bildirdilər. Eyni zamanda rastlaşdıqları bir sıra problemlərin aradan qaldırılması məqsədilə təkliflərini - ərazidə istilik sisteminin yaradılması, binaların giriş hissələrinin əsaslı təmiri olunması, məhəllədə xeyir-şər mağarının yenidən təmir olunması və ağacların sulanması üçün köhnə su xətlərinin bərpa edilməsi kimi məsələləri bildirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İ.İsmayılov görüşdə iştirak edən müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verdi və sakinləri əmin etdi ki, qaldırılan məsələlər tezliklə öz həllini tapacaq. Şəhərimizin hər yerində olduğu kimi burada da ən nümunəvi şərait yaradılacaq.