Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Sentyabrın 27-də Energetik yaşayış massivində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi. Səyyari görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri cənab Vəfadar Bağırov iştirak etdi. Görüş iştirakçılarını salamlayan şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərindən, regionlarda həyata keçirilən inkişaf proqramından, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşan layihələrdən bəhs etdi. Qeyd olundu ki, cari ilin əvvəllərindən bəri ölkə prezidentinin müvafiq sərəncamları ilə minimum əməkhaqqı, pensiyalar, müxtəlif kateqoriyalara aid olan aztəminatlı ailələrin-qaçqın və məcburi köçkünlərin, əlillərin müavinətləri artırılmış, şəhid ailələrinə birdəfəlik müavinətlər verilmiş, onlara verilən prezident təqaüdünün məbləği artırılmışdır. Ölkədə böyük infrastruktur layihələri həyata keçirilir, ən ucqar bölgələrinə belə qaz xətti çəkilir, su-kanalizasiya sistemləri yenidən qurulur, yeni məktəb binaları, tibb ocaqları, mədəniyyət müəssisələri inşa olunur. Həyata keçirilən infrastruktur layihələr çərçivəsində Mingəçevirdə də ardıcıl işlər görülür. Küçə və prospektlərin asfaltlanması, yaşayış binalarının girişləri, fasad hissələri təmir edilir, məhəllələr abadlaşdırılır, yeni-yeni park və istirahət guşələri yaradılır. Bütün bunlar vətəndaşların normal yaşayış və istirahəti üçün həyata keçirilir.
Sakinlər çıxış edərək şəhərdə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, eyni zamanda onları narahat edən problemləri də - yaşadıqları binanın zirzəmisində anti-sanitar halın mövcud olduğunu, qurund sularının xoşagəlməz vəziyyət yaratdığını, binanın bloklarının əsaslı təmir edilməsini, xeyir-şər mağarlarının təmiri üçün yardım göstərilməsini, binaların qarşısında uşaq-əyləncə meydançasının yaradılmasını qeyd etdilər.
İcra başçısı İlham İsmayılov qaldırılan problemlərlə bağlı əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.