Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Sentyabrın 18-də M.Maqomayev prospektindəki 50, 52 və 54 saylı yaşayış binalarının sakinləri ilə keçirilən səyyar görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan bəhs etdi. Qeyd etdi ki, Azərbaycanda geniş quruculuq, yenidənqurma işləri reallaşır, ölkənin ən ucqar bölgələrinə qaz xətti çəkilir, su-kanalizasiya sistemi yenidən qurulur, işıqlandırma sistemi müasirləşir, yaşıllıq zolaqları genişlənir, yeni və müasir məktəb binaları, mədəniyyət ocaqları, səhiyyə müəssisələri inşa olunur. Regionların sosial-iqtisadi inkişafına yönəlmiş Dövlət Proqramı bölgələrin inkişafı ilə yanaşı əhalinin sosial-məişət şəraitinin yaxşılaşmasına da xidmət göstərir. Şəhər rəhbəri ölkə başçısının cari ilin əvvəlindən başlayaraq imzaladığı Sərəncamlarla minimum əmək haqqının, pensiyaların, məcburi köçkünlərə və müxtəlif kateqoriyadan olan insanlara verilən müavinətlərin artırıldığını, şəhid ailələrinə birdəfəlik müavinətlərin verildiyini qeyd etməklə ölkə prezidentinin bu diqqət və qayğısının daimi olduğunu qeyd etdi.
Sakinlər şəhərdə aparılan quruculuq işlərini, parkların, istirahət bağlarının müasirləşməsini, yenilərinin yaradılmasını, küçələrin asfaltlanmasını, məhəllələrin işıqlandırma sistemi ilə təchiz edilərək əsaslı tikinti işlərinin reallaşmasını bildirdilər. Eyni zamanda onları narahat edən istilik sisteminin bərpa edilməsi, binaların giriş hissələrinin təmir edilməsi, təhlükə yaradan ağacların budanması, dam örtüklərinin və kanalizasiya xətlərinin dəyişdirilməsi kimi məsələləri də qeyd etdilər.
İcra başçısı İlham İsmayılov sonda qeyd etdi ki, sakinlər tərəfindən qaldırılan hər bir problem ardıcıl olaraq həllini tapacaqdır.