Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Avqustun 9-da 9 nömrəli məktəbdə keçirilən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun səyyar görüşü 20 Yanvar 13, 15, 17, Sabir küçəsi 1, 3 və Maqomayev küçəsindəki 4 nömrəli binaları əhatə edirdi. Bu ərazilərdə yeni oturacaqlar quraşdırılmış, söhbətgahlar yaradılmış, uşaqlar üşün əyləncə qurğuları istifadəyə verilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin III Ərazi Sektorunun müdiri Vəfadar Bağırov da iştirak edirdi.
Sakinləri salamlayan İcra başçısı ölkədə və şəhərimizdə görülən işlər barəsində sakinlərə məlumat verdi. Bildirdi ki, Cənab prezidentin sərəncamları ilə əhalinin sosial durumunun yaxşılaşdırılması durmadan davam etdirilir. Artıq sentyabr ayından minumum əmək haqqı 250 manata, pensiyanın orta həddi 200 manata çatdırılacaqdır. Əhalinin məşğulluq səviyyəsi də yüksəlir. İşsizliyin aradan qaldırılması üçün “Dost” mərkəzlərinin köməyindən istifadə olunur. Bütün bunlara müvafiq olaraq Mingəçevirdə də əməli işlər həyata keçirilir. Abadlıq-quruculuq işləri durmadan yüksəlir. Sakinlərin arzusunu əsas tutaraq parkların əraziləri genişləndirilir. Dostluq parkında, Mingəçevirin giriş hissəsində (Xaldan şossesi) görülən işlər buna əyani sübutdur. Bir sözlə, məqsədimiz insanlara xidmət göstərmək, onlara diqqət və qayğını artırmaqdır.
Görüşdə sakinlər Maqomayev küçəsindəki 71 nömrəli binanın qarşısına su xətlərinin çəkilməməsini, ağacların vaxtlı-vaxtında sulanmamasını, istilik sisteminin olmamasını, işıqlanma sisteminin zəif olmasını, kanalizasiya sistemi bərbad halda olduğundan zirzəmidə anti-sanitariyanın mövcudluğunu diqqətə çatdırdılar. Şəhid anası Nabat Əliyeva oğlu üçün tikdirdiyi evin ərazisindən elektrik xəttinin keçirilməsini, Ağdam qaçqını Zaur Həsənov isə üçəm övladları olandan sonra onlara diqqət və qayğının göstərilməməsi, xüsusilə ailənin ərzaqla təminatında, mənzil şəraitinin uyğun olmamasında problemlərin yaşandığını qeyd etdilər.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov problemləri həll etmək üçün görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, məsul şəxslərə tapşırıqlar verdi və əminliklə bildirdi ki, qaldırılan məsələlər qısa müddətdə öz həllini tapacaqdır.