Mingəçevirdə abadlıq-quruculuq işləri durmadan davam edir.
Azərbaycan respublikası prezidentinin tapşırığına müvafiq olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi ilə Mingəçevirdə abadlıq və quruculuq işləri durmadan inkişaf edir. Şəhərimizin demək olar ki, bütün məhəllələrində, yaşayış massivlərində bu qəbildən olan işlər uğurla davam etdirilir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəxsi nəzarəti ilə həyata keçirilən tədbirlər əhalinin arzu və istəklərinə uyğun icra olunur. Nəriman Nərimanov 13 və 20 Yanvar 166 nömrəli binaların kəsişdiyi ərazidə nümunəvi məhəllənin yaradılması, Dostluq parkında həyata keçirilən bir sıra təmir-bərpa işləri və eləcə də həmin parkda Dövlət Rəmzləri muzeyinin tikintisi, 127-ci məhəllədə aparılan abadlıq-quruculuq işləri, Mingəçevirin giriş hissəsindəki Xaldan şossesi yolunda təmir-bərpa işləri, eləcə də ona yaxın olan ərazidə 2 hektara qədər torpaq sahəsinin hamarlanması, Samux küçəsində yaşıllıqlara qulluq və təmizləmə işləri, Nizami küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində asfalt örtüyünün qoyulması, Təbriz küçəsinin sonu və Naxçıvan küçəsindəki 29-31 nömrəli binalarının qarşısında abadlıq işləri, yaşıllıqlara qulluq dediklərimizi əyani şəkildə sübut edir. Qeyd etmək yerinə düşər ki, hazırda Dostluq parkında inşa edilən Dövlət Rəmzləri muzeyinin birinci mərtəbəsinin tikintisində sürətlə işlər görülür. Ona yaxın olan ərazidə 200 yerlik örtülü səhnənin və ərazidə musiqili fəvvarənin, uşaqlar üçün əyləncə meydançalarının istifadəyə verilməsi, şəhər sakinləri üçün ən gözəl töhfə olacaq. Eyni zamanda Mingəçevirin giriş hissəsində (Xaldan şossesi yolunda) iki hektarlıq ərazidə yeni parkın salınması bura istirahətə gələnlərin ürəyincə olacaq. Bir sözlə Mingəçevir günbəgün gözəlləşir, inkişaf edir, onun hüsnünə yeni-yeni əlavələr edilir. Bütün bunlar bir daha sübut edir ki, ölkə rəhbəri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Mingəçevirə və mingəçevirlilərə daim diqqət və qayğısını əsirgəmir. Tam əminliklə demək olar ki, bu qəbildən olan işlər ardıcıl davam etdiriləcək.
“