Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov abadlıq-quruculuq işlərinin gedişi ilə yaxından tanış oldu.
Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq və quruculuq işləri durmadan davam edir. Şəhərin Sağ və Sol sahillərində, Energetik qəsəbəsində və eləcə də bir sıra yaşayış massivlərində bu işlər öz bəhrəsini verməkdədir. Naxşıvan küçəsində aparılan abadlıq-quruculuq işləri isə daha böyük vüsət alıb. Bir neçə aydır ki, burada səkilərə bordürlərin düzülməsi, piyadaların gediş-gəliş yollarının qaydaya salınması, yaşayış binalarının və sahibkar obyektlərinin qarşısına ağacların və gül kollarının əkilməsi, yeni istirahət sahələrinin salınması uğurla davam etdirilir. İyunun 20-də şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, ictimaiyyət nümayəndələri, Mənzil Kommunal Təsərrüfatı Kombinatının rəhbərliyi və işçiləri, eləcə də KİV nümayəndələri Naxçıvan küçəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin son mərhələsi-asfaltın döşənməsi ilə tanış olmuşlar. İcra Hakimiyyətinin başçısı açılış mərasimində bildirdi ki, bu yola asfalt qoyulması işinə hazırlıq məqsədi ilə Azərsu, Azəriqaz xidmət sahələrinin rəhbərləri ilə aparılan söhbətlərdən sonra burada bütün tamamlanma işləri həyata keçirilmişdir. Küçə boyunca, sağ və sol tərəflərdə yaşıllıq zolaqlarının artırılması üçün xidmət sahələrinə, xüsusilə Mənzil Kommunal Təsərrüfatı kombinatının rəhbərliyinə xüsusi tapşırıqlar verilmişdir.
İcra Hakimiyyətinin başçısı görüşdə iştirak edən sakinləri maraqlandıran bir sıra suallara da konkret cavablar verdi. Əlaqədar sahə rəhbərlərinə tapşırıqlarını çatdırdı. Bununla yanaşı ərazidə abadlıq-quruculuq işləri ilə tanışlıq zamanı qarşıya çıxan çatışmazlıqların aradan qaldırılması barədə müvafiq strukturların rəhbərlərinə göstərişlərini verdi.