Faşizm üzərində qələbənin 68-ci ildönümü Mingəçevirdə qeyd edilib
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümü münasibətilə mayın 9-da Mingəçevirdə təntənəli mərasim keçirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə bayramı münasibətilə təbrik etdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Məhz ulu öndərin diqqəti nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılmış və 1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə Günü qeyd olunur.
Ulu öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.
Veteranlar ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını xatırladaraq, onun siyasi xəttini davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Onlar ölkəmizin hərtərəfli inkişaf etdirilməsi üçün çalışan dövlət başçısını bundan sonra da dəstəkləyəcəklərini vurğuladılar.
Tədbirdə hərbi parad keçirilmişdir.
Tədbir “Kür” Olimpiya Tədris İdman Mərkəzində müharibə veteranlarının şərəfinə ziyafət təşkil olunmaqla davam etdirilmiş və veteranlara ərzaq paketi paylanmışdır.