Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilib

28 aprel 2013 | 15:00

Mingəçevirdə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilib.  Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə dahi rəhbərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil və gül dəstələri qoyublar. Tədbirdə çıxış edən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bildirib ki, bu konfransın məhz Mingəçevirdə keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində ölkənin elektroenergetika mərkəzlərindən birinə çevrilən bu şəhərdə Azərbaycan İstilik Elektrik Stansiyasının və Su Elektrik Stansiyasının fəaliyyət göstərməsidir. Etibar Pirverdiyev ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsindəki xidmətlərindən danışıb, onun diqqət və qayğısı sayəsində bir çox sahələrin, o cümlədən elektrik enerjisi sisteminin böyük inkişaf yolu keçdiyini qeyd edib. Bu sahədə hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan möhkəm potensial əsasında Azərbaycanın müstəqil enerji sisteminin formalaşdığını qeyd edən Etibar Pirverdiyev onu da vurğulayıb ki, dahi rəhbərin müəyyənləşdirdiyi strategiyanı bu gün Prezident İlham Əliyev uğurla davam etdirərək Azərbaycanın elektrik enerjisi sistemində mühüm islahatlar və geniş miqyaslı quruculuq işləri həyata keçirir.
Konfransda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  çıxışında müasir Azərbaycanın milli inkişafının xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu və ötən əsrin 70-ci illərindən hal-hazıradək ölkənin bütün sahələrindəki inkişaf və əldə olunan uğurların  görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyi və onun gərgin əməyi nəticəsində qazanıldığını bildirmişdir. Daha sonra başçı çıxışında respublikanın digər bölgələri kimi, Mingəçevir şəhərinin də inkişafında ümummilli lider Heydər Əliyevin çox böyük əməyi olduğunu qeyd etmişdir. Başçı bildirmişdir ki, hələ 1981-ci ilin oktyabr ayında Mingəçevirdə olarkən Yol maşınları və «Azərkabel» zavodlarının, Toxuculuq kombinatının, Su Elektrik Stansiyasının, «Kür» avarçəkmə bazasının kollektivləri və şəhər ictimaiyyəti  nümayəndələri ilə keçirdiyi görüşlərində Heydər Əliyev respublikamızın 4-cü sənaye mərkəzi adlandırdığı  Mingəçevirin  gələcək inkişaf perspektivlərindən danışmış, qarşıda çox mühüm vəzifələrin durduğunu xüsusilə vurğulamışdır. Məhz ulu öndərin göstərişi ilə bu gün 20 minə yaxın insanın yaşadığı “Energetiklər” yaşayış massivi salınmış, qısa bir müddət ərzində bu yeni yaşayış massivində onlarla çoxmərtəbəli yaşayış evləri, 3 orta ümumtəhsil məktəbi, 4 uşaq bağçası- körpələr evi, doğum evi, poliklinika, tibb məktəbi, uşaq musiqi məktəbi, mədəniyyət və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir.
Şəhər icra başçısı demişdir: “Bu gün biz fəxr edirik ki, müasir Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin  əbədisönməz işığı ilə onun layiqli və əvəzolunmaz davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bütün respublikamız, o cümlədən Mingəçevir şəhəri  sabaha doğru inamla irəliləyir. Son dövrlərdə  şəhərimizdə aparılan tikinti-quruculuq işləri nəticəsində Mingəçevirin küçə və meydanları yenidən qurulur, abadlaşdırılır, avtomobil yolları  əsaslı təmir edilir, yeni işıqlandırma lampaları quraşdırılır. Şəhərimizdə inşa olunan «Kür» avarçəkmə bazası, Texniki Lisey, YAP şəhər təşkilatının inzibati binası, Şahmat məktəbi, Heydər Əliyev Mərkəzi, Gənclər evi, köçkünlərimiz üçün 10 ədəd 9 mərtəbəli yaşayış binaları kimi möhtəşəm tikililər, Mingəçevir Dövlət Dram  Teatrının binasının əsaslı təmiri, 6 min əhalinin yaşadığı  «Günəşli» bağ massivinə qaz xətti çəkilişi, «Teatr» və «Qələbə» meydanları, «Sağ sahil» və «Sahil» parklarının yenidən qurulması, «Dostluq» parkında yenidənqurma işlərinin davam etdirilməsi  və s. kimi işlər ulu öndər Heydər Əliyevin quruculuq siyasətinin bu gün layiqincə davam etdirilməsinin əyani təzahürüdür.”
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, “Azərenerji”ASC-nin vitse-prezidenti Marlen Əsgərov ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublika elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunan nailiyyətlərdən danışıb.
Tədbirdə “Azərenerji” ASC-nin kollektivi tərəfindən ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Sonra isə “Azərbaycanın müstəqil elektrik  enerjisi sisteminin yaradıcısı” filmi nümayiş etdirilib.

Keçidlər