Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Aydın Məmmədov 9,11, Əliağa Vahid 2, 4/1 və Nizami Gəncəvi küçələrindəki 9, 11, 2, 4/1, saylı binalarda yaşayan sakinlərlə görüş keçirdi.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səyyar görüşlərin dövlət başçısı İlham Əliyevin tapşırığı ilə keçirildiyini, ölkə miqyasında hər sahədə, o cümlədən qeyri-neft sahəsində yüksək dərəcədə artımın olduğunu və ölkə prezidentinin əhalinin rifah halını yüksəltmək naminə pensiya və əmək haqlarının artırılması üçün imzaladığı sərəncamlardan söz açdı. Şəhər rəhbəri Mingəçevirdə geniş vüsət alan tikinti-abadlıq işlərindən bəhs etməklə, bu günkü görüşdə də qeyd olunacaq problemlərin mərhələ-mərhələ həll ediləcəyini qeyd etdi.
Görüşdə Yaqub Hüseynov, Şəmsəddin Abbasov, Vilayət Süleymanov, Dilarə Abdullayeva onları narahat edən problemləri: istilik sisteminin yenidən qurulması, təhlükəli vəziyyətdə olan iki ağacın kəsilməsi, məhəllənin asfalt örtüyün dəyişdirilməsi, binanın zirməsində yığılıb qalan çirkab sularının təmizlənməsi, məhəllə və blokların işıqlandırılması, yaşayış şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və su və kanalizasiya xətlərində görülən işlərin tezliklə başa çatdırılmasını xahiş etdilər.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məhəllə sakinlərinin hər birinin qeyd etdiyi məsələlərə münasibətini bildirdi və aidiyyəti idarə və müəssisə rəhbərlərinə problemlərin həlli üçün tapşırıqlar verdi.