Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov UNİCEF-in Azərbaycandakı nümayəndəsi və Niderland Krallığının Azərbaycandakı səfiri ilə görüş keçirdi.
Fevralın 13-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardinin rəhbərliyi ilə şəhərimizə gəlmiş qonaqlarla görüşü olmuşdur. Nümayəndə heyətinə UNİCEF-in Gənclər və Yeniyetmələr Proqramının rəhbəri Aida Ailarova, Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerves, Niderland Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşı Rebel Rijper daxil idilər.
Görüşü Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qonaqları salamlamış və qeyd etmişdir ki, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Mingəçevirdə həyata keçirdiyi layihələrlə yaxından tanışdır. Bu layihələr gənclərimizin hərtərəfli formalaşmasında əməli kömək göstərir. Mingəçevir Gənclər evində tətbiq edilən layihələrə gənclərimizin marağı böyükdür. Hesab edirəm ki, bu qəbildən olan layihələrin gələcəkdə də davam etdirilməsi məqsədəuyğun olardı.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin qeyd etdi ki, 2015-ci ildən 2017-ci il tarixədək UNİCEF-in dəstəyi ilə Gənclər Evində “Gənclər üçün təhsil mərkəzi” İctimai Birliyinin Mingəçevir regional ofisi tərəfindən “Aztəminatlı ailələrə uşaq hüquqları ilə bağlı” hüquqi xidmət mərkəzi adlı layihə həyata keçirilib. Bu layihə uğurla başa çatdıqdan sonra biz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Əsas həyat bacarıqları” adlı layihəyə 2018-ci ilin əvvəlindən start vermişik. Hazırda bu layihə uğurla davam edir. Fərəhli haldır ki, gənclər bu sahəyə böyük maraq göstərirlər.
Azərbaycan Respublikası ilə Niderland Krallığının qarşılıqlı əlaqələrinə toxunan Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerves bildirdi ki, bu əlaqələr əsasən siyasət və enerji sabitliyi, ticarət və iqtisadiyyatın inkişafı, demokratiya, insan hüquqları, gender bərabərliyi, qadınların və qızların hüquq təminatı məsələləri ilə bağlıdır.
Niderland Krallığının səfiri Onno Kerves xatirə olaraq şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova hədiyyə təqdim etdi. Sonra xatirə şəkilləri çəkildi.
Qonaqlar həmin gün Mingəçevir Gənclər Evində oldular, burada həyata keçirilən layihələrlə yerindəcə tanışlıq etdilər və şəhər stadionunda qızlardan ibarət Mingəçevir futbolçularının təlim-məşqi ilə tanış oldular.