Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Energetiklər qəsəbəsində olub. Naxçıvan 42,Yadigar Mansurov 11,15,13,9 ünvanında daha bir nümunəvi məhəllə yaradılıb. Belə ki, qəsəbədəki çoxmənzilli binaların dam örtükləri dəyişdirilib, bloklarda təmir işləri aparılıb, həyətdə uşaq əyləncə mərkəzi yaradılıb, xeyir-şər mağarlarında təmir-bərpa işləri görülüb.
Görüşü giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib ki, ölkə Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında indiyə qədər ayrı-ayrı məhəllələrdə keçirilən səyyar görüşlərdə sakinlər onları narahat edən problemlərdən söz açıblar . Şəhərimizdə aparılan geniş abadlıq və quruculuq işlərindən danışan şəhər rəhbəri bu işlər bundan sonra da davam etdiriləcək, sizlərin rifah halının yaxşılaşdırılması hər zaman diqqət mərkəzində olacaqdır. Sakinlərdən Rəhim Niftəliyev mənzilində qarşılaşdığı kommunal problemdən danışdı. Digər sakinlər qəsəbədəki yaşayış binalarına istilik sisteminin çəkilməsi, binaların bloklarının təmiri, poçt şöbəsindəki narahatlıq, bankomatın azlığı, zirzəmilərdəki qrunt sularının yaratdığı antisanitar hal, həmçinin Naxçıvan küçəsində yaranan yol problemi ilə bağlı nöqsanları dilə gətiriblər. Bildirildi ki, həmin küçədə piyada keçidin və dayanacaqların olmaması səbəbindən dəfələrlə orada yol nəqliyyat hadisəsi baş verib. Görüşdə idarə və müəssisə rəhbərləri qaldırılan problemlərlə bağlı aydınlıq gətiriblər.
Şəhər rəhbəri qaldırılan məsələlərlə bağlı tapşırıqlarını verib və sakinləri əmin edib ki, problemlər mərhələ-mərhələ öz həllini tapacaq. Bu ilin sonunadək qəsəbədə nümunəvi məhəllələrin sayı artırılacaq.