Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüşü keçirdi

23 yanvar 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyari görüşü yanvarın 23-də 11 saylı MİS-in ərazisində baş tutdu. Heydər Əliyev 31, Molla Pənah Vaqif 19 və İsmət Qayıbov 2,4 nömrəli yaşayış binalarının kəsişdikləri ərazilərdə yerləşən məhəllə öz səliqə-səhmanı ilə diqqət çəkirdi. Belə ki, Mənzil İstismar Sahəsinin işçiləri və bu yaşayış binalarında məskunlaşan sakinlər ərazidə təmizlik, abadlıq işlərinə diqqət və qayğı ilə yanaşırlar. Şəhərimizin nümunəvi məhəllələrindən biri kimi tanınan ərazidə uşaqların və yeniyetmələrin xoş istirahəti və əylənməsi üçün idman qurğuları salınmışdır. 
    Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov öncə sakinləri salamladı, onlara xoş arzularını bildirdi. Cənab prezidentin tapşırığına uyğun olaraq keçirilən səyyari görüşlərin əhəmiyyətinə diqqət çəkdi. Qeyd olundu ki, ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də böyük vüsətlə abadlıq-quruculuq işləri aparılır. Yaşayış binalarının dam örtükləri əsaslı təmirdən çıxarılır, məhəllələr nümunəvi qaydaya salınır, küçələr asfaltlanır, səkilərə yeni bordürlər qoyulur, sakinlərin istəyinə uyğun olaraq su-kanalizasiya xətləri yenilənir, yeni-yeni yaşıllıq tingləri əkilir, fiziki cəhətdən ömrünü başa vuran ağaclar budanır, şəhərdən işsizliyin aradan qaldırılması məqsədilə Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq mühüm tədbirlər həyata keçirilir. “Mingəçevir Tekstil” MMC-nin yeni fabrikləri işə salınır, şəhərdə “Azərxalça”nın filialının istifadəyə verilməsi üçün hazırlıq işləri görülür.
    Sonra söz sakinlərə verildi. Məhəllə sakinlərindən Səhhət Xəlilov, Əlövsət Əsgərov, İsrafil Kərimov, Afayət Cəfərova, Səmayə Qocayeva və başqaları çıxış edərək şəhərdə aparılan abadlıq-quruculuq işlərinin uğurla davam etməsinə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və bu işin davamlı olacağına əminliklərini ifadə etdilər. Eyni zamanda qarşılaşdıqları bir sıra problemləri dilə gətirdilər. Onların arasında mərkəzi bazar ətrafında avtobus və minik avtomobillərinin sıxlığını nəzərə alaraq bununla bağlı tədbirlər görülməsi, mənzillərdə istilik sisteminin bərpa olunması, məhəllələrdə işıqlandırma sisteminin çatışmazlığı, köhnə su xətlərinin yararlı hala salınaraq yaşıllıqların suvarılmasında istifadə olunması, binaların dəhlizlərinin qaydaya salınması və onlara giriş qapılarının qoyulması, o cümlədən yaşayış binalarının zirzəmilərində təmizlik işlərinin aparılması, anti-sanitariya hallarının aradan qaldırılması diqqətə çatdırıldı.
    Görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərləri qaldırılan məsələlərə aydınlıq gətirsələr də şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vurarkən əminliklə bildirdi ki, bu məsələlər tezliklə öz həllini tapacaq. Bununla əlaqədar olaraq bir daha idarə, müəssisə, təşkilat rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

 

 

 

 

 

Keçidlər