Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yanvarın 16-da 4 nömrəli Mənzil İstismar Sahəsinin ərazisində sakinlərlə görüşüb. Ərazidə yaradılmış stadiona toplaşan sakinləri salamlayan şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə bu cür səyyari görüşlərin keçirilməsini onların rifah halının yaxşılaşmasına yönəldiyini bildirdi. Dedi ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin bir hissəsi də vətəndaşların sosial-iqtisadi vəziyyətinin diqqət mərkəzində saxlanılmasıdır. Bizim əsas məqsədimiz sizləri narahat edən problem və qayğıları öyrənmək, onların həllini gerçəkləşdirməkdir.
Görüşdə məhəllə sakinlərindən Şəhla Məmmədova, Fatma Aslanova, Nərgiz Əliyeva, Qabil Alıyev, Şəfiqə Cəfərova, Təranə Məmmədova və başqaları onları narahat edən kommunal problemlərdən söz açdılar. Vətəndaşlar əsasən mənzillərə istilik sisteminin çəkilməsi, məhəllələrdə elektrik xətlərinin bərpası, xeyir-şər mağarlarında işıq, qaz və su xətlərinin qaydaya salınması, işsizliklə bağlı problemləri diqqətə çatdırdılar.
İlham İsmayılov vətəndaşları narahat edən bu və digər problemlərin təcili həll olunması üçün tədbirdə iştirak edən idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.