Mingəçevir şəhər İcra Hakimiyyətində Ağsaqqallarla Görüş
Dekabrın 20-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin ilk qurucuları, ağsaqqalları və əmək veteranları ilə görüşmüşdür. Şəhər İcra Hakimiyyətinin müşavirə zalında baş tutan görüşü İ.İsmayılov açaraq iştirakçıları salamlamış, onlara səmimi arzularını çatdırmışdır. Azərbaycan Respublikası Prezidentinin şəhər sakinlərinə salamlarını bildirərək görüşün əsas məqsədini açıqladı. Şəhərin abadlıq-quruculuq işıərinin aparılmasında görüş iştirakçılarının təklif və arzularının nəzərə alınmasına ehtiyac duyulduğunu dilə gətirdi.
Şəhər ağsaqqallarından Ələm Məmmədov, Allahverdi Əliyev, Mayıl İsmayılov, Ramiz İbrahimli, Təvəkkül Əliyev, Eldar Aləşrəfov, Nəsib Süleymanov, Sevindik Zamanov, Məmməd Cəfərov, Tahir Məmmədov və başqaları çıxış edərək İ.İsmayılovun şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması ilə əlaqədar təbriklərini çatdırdılar və bu təyinat üçün ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda təklif və arzularını, qarşıya çıxan çətinlikləri dilə gətirdilər. Əmin olduqlarını bildirdilər ki, şəhər İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətində qaldırılan məsələlər öz həllini tapacaqdır. Bu sahədə ağsaqqallar öz köməkliklərini göstərməyə hazirdırlar.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə qaldırılan məsələlərə münasibətini bildirərək əmin etdi ki, şəhərin abadlıq - quruculuq işlərinin uğurla davam etdirilməsi üçün bütün imkanlardan istifadə edəcəkdir. Ağsaqqallardan yaşadıqları ünvanlarda və şəhərin ıctimai işlərində bundan sonra da fəallıq nümayiş etdirmələrini xahiş etdi.