Mingəçevir Dövlət Universitetində "Azərbaycan Xalq Cümhuriyyəti – xalqımızın tarixi nailiyyəti" adlı tədbir keçirilib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubleyinə həsr olunmuş elmi nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsinə dair şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq şəhərdə 100 illiklə bağlı silsilə tədbirlər həyata keçirilib.
Konfransda universitetin alimləri cümhuriyyətə həsr olunmuş müxtəlif mövzularda geniş məruzə ilə çıxış ediblər. Universitetin Pedoqoji fakültəsinin dekanı, t.f.d, dosent Nizami Zeynalov “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixi naliyyətidir”, “İqtisadiyyat” kafedrasının müdiri, i.f.d., dosent Cəmilə Musayeva “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişafı”, Mingəçevir şəhər Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova ”Azərbaycan Xalq Cümhuriyyəti və Ədliyyənin 100 illiyi”, universitetin “Humanitar fənlər” kafedrasının baş müəllimi Mətanət Yusifova “İlk Azərbaycan parlamenti və Xalq Cümhuriyyətinin xarici və siyasət fəaliyyəti”, universitetin II kurs tələbəsi Kəmalə Hacıyeva “Azərbaycan Xalq Cünhuriyyətinin təhsil siyasəti” mövzularında çıxışlar ediblər.