Heydər Əliyev - 90: Müasir Azərbaycan dövlətinin banisi və qurucusu
Xalqımız ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etməyə hazırlaşır. Şanlı yubileyin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev yanvarın 21-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, ulu öndərin 90 illiyi müxtəlif formada, dövlət səviyyəsində geniş qeyd olunacaqdır.
"Azərbaycan" qəzetinin kollektivi də yubiley tədbirlərinə start vermişdir. Bu dəfə redaksiya yolunu respublikanın regionlarına salmışdır. Belə ki, növbəti "dəyirmi masa" Mingəçevir şəhərində keçirilmişdir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbiri giriş sözü ilə açıq elan edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
- 2013-cü ildə əlamətdar tarixi hadisələrin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95, Milli Qurtuluş missiyasının 20 ili tamam olur. Dövlətçilik tariximiz üçün bu hadisələrin önəmi yetərincə əhəmiyyətlidir.
Bu il qeyd edəcəyimiz mühüm hadisələrdən biri də Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyidir. "Dəyirmi masa"ya da xalqımız üçün son dərəcə əlamətdar olan bu hadisə münasibətilə toplaşmışıq. Azərbaycan xalqının son əsrdə dünyaya bəxş etdiyi böyük vətəndaş, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində silinməz iz qoymuş Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyəti hələ bundan sonra da öyrəniləcək və hər birimiz üçün örnək olaraq qalacaqdır!
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inqilabın başlandığı göz önündə idi. Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Ulu öndər respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.
Ümummilli lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı, respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını möhkəmləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, doğma dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkməyi, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı.
XX əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Heydər Əliyev bu vəzifəni 1993-cü ildən etibarən uğurla yerinə yetirməyə başladı. Həmin ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, xaosun, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağı qalxdı, bu, ümummilli hərəkata çevrildi. 15 iyun 1993-cü il tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün müdrik siyasətçinin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı baş verdi. Dahi şəxsiyyət Azərbaycanın idarəçilik sükanı arxasına keçərək qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürdü və onun sürətli icrasına başladı. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəlkeyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu!
Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir. Ötən 10 ilin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.
Qeyd etdiyim kimi, Heydər Əliyev hələ sovet dövründə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə müvəffəq olmuşdu. Azərbaycanın bütün şəhər və rayonları kimi, Mingəçevir də o zaman böyük inkişaf yolu keçmişdi. Məhz həmin dövrdə Mingəçevirin Azərbaycanın sənaye istehsalında payı əhəmiyyətli dərəcədə artmışdı.
Mingəçevir bu gün də inkişaf yolundadır. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları şəhərin yüksəlişinə böyük töhfələr verib. Son illərdə burada onlarla istehsal müəssisələri yaradılıb. Bütün bunlar qürur hissi doğurur. İndi isə çıxış üçün söz Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova verilir.
Niyazi BAYRAMOV:
- Müasir Azərbaycanın milli inkişafı xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən indiyədək həyatımızın bütün sahələrindəki inkişaf və əldə olunan uğurlar şəriksiz olaraq Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasi xadim, bir sözlə, fenomen şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyi və onun gərgin əməyi nəticəsində qazanılmışdır. 1969-cu il iyul ayının 14-dən başlayan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən geniş anlamda dirçəliş, tərəqqi və milli inkişaf epoxası, sözün əsl mənasında, Heydər Əliyev epoxası adlanır.
Bəli, 1969-cu ilin iyulunda Azərbaycanın siyasi rəhbərliyinə seçilən Heydər Əliyev çox gözəl başa düşürdü ki, respublikanın gələcək inkişafında əsas strateji amil ölkənin iqtisadiyyatının tezliklə dirçəldilməsidir. Görülən məqsədyönlü tədbirlər nəticəsində çox qısa bir zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox artmışdı. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildə 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi müvafiq olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.
O dövrdə Azərbaycanda müasir texnologiyaya əsaslanan neft sənayesi və neft emalı üzrə yeni-yeni müəssisə və zavodların yaradılması ölkəmizdə bu strateji məhsulun istehsalını və emalını nəzərəçarpacaq dərəcədə artırdı. Məhz o illərdə Xəzər dənizi hesabına Azərbaycanda neft sənayesinin gələcək inkişafını nəzərə alaraq Bakıda unikal bir zavod - dərin dəniz özülləri zavodu tikildi. Ümumiyyətlə, 1969-1982-ci illərdə respublikada müxtəlif təyinatlı 320-yə yaxın sənaye müəssisəsi tikilib istifadəyə verildi.
Bundan əlavə, ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə milli kadrların yetişməsi, onların Rusiyanın və digər müttəfiq respublikaların ali məktəblərinə oxumağa göndərilməsi istiqamətində çox böyük işlər aparılırdı. O illərdə SSRİ-nin nüfuzlu ali məktəblərində on beş mindən yuxarı azərbaycanlı gənc təhsil almağa göndərilmişdi. Bu, ölkənin milli kadrlarının yetişdirilməsi sahəsində irəliyə doğru atılmış ən mühüm addımlardan idi.
Bütün bunlar Azərbaycanın Heydər Əliyevin rəhbərliyi dövründə sürətli iqtisadi inkişafa nail olmasının əyani sübutudur. Heydər Əliyevin hazırladığı milli inkişaf strategiyası əsasında Azərbaycan sürətli inkişaf yoluna çıxarıldı. Bu inkişaf həyatın bütün sahələrini əhatə edirdi.
Heydər Əliyevin 1969-1982-ci illərdəki rəhbərliyinin ən mühüm və ən əhəmiyyətli uğurlarından biri azərbaycançılıq məfkurəsinin, milli özünüdərkin inkişafı oldu. Milli mənafelər üzərində qurulan Heydər Əliyev idarəçiliyi Azərbaycanın milli inkişaf strategiyasının təməlini qoymaqla milli şüurun inkişafına çox güclü təsir göstərmişdir. Bütün bunlardan ruhlanan ziyalılarımız xalqımızın qəhrəmanlıq tarixini, milli adət-ənənələrimizi, soykökümüzü daha da yaxından öyrənir, milli özünüdərk əsasında onları yeni məzmunda inkişaf etdirirdilər.
Ulu öndərin azərbaycançılıq naminə öz xalqı qarşısında böyük tarixi xidmətlərindən biri də onun Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı idi. Heydər Əliyevin bilavasitə təşəbbüsü və səyi ilə Azərbaycan dili respublikanın Konstitusiyasında hələ 1977-ci ildə dövlət dili kimi təsbit edilmiş və tətbiq olunmağa başlanmışdır.
Respublikamızın digər bölgələri kimi, Mingəçevir şəhərinin də inkişafında ümummilli lider Heydər Əliyevin çox böyük əməyi olmuşdur. Onun gündəlik diqqət və qayğısı, şəxsi nəzarəti altında tikilib istifadəyə verilmiş Zaqafqaziyada ən nəhəng enerji müəssisəsi olan "Azərbaycan" İstilik- Elektrik Stansiyası indi müstəqil Azərbaycan dövlətinin inkişafına xidmət edir. Hələ 1980-ci ilin oktyabr ayında Mingəçevirdə olarkən yol maşınları və "Azərkabel" zavodlarının, toxuculuq kombinatının, su-elektrik stansiyasının, "Kür" Avarçəkmə Bazasının kollektivləri və şəhər ictimaiyyəti nümayəndələri ilə keçirdiyi görüşlərində Heydər Əliyev respublikamızın 4-cü sənaye mərkəzi adlandırdığı Mingəçevirin gələcək inkişaf perspektivlərindən danışmış, qarşıda çox mühüm vəzifələrin durduğunu qeyd etmişdi.
Ulu öndərin 1969-1982-ci illərdə respublikamızda rəhbərlik etdiyi dövrdə Mingəçevirdə texniki rezin məmulatları, şüşə lifi, yol-tikinti maşınları təmiri zavodları, "Aqrarsənaye" DBM, 2 çörək zavodu, poliqrafiya müəssisəsi, evtikmə kombinatı inşa olunmuş, "Azərkabel", yol maşınları və izolit zavodlarının ikinci növbələri, "Kür" Olimpiya Təlim İdman Mərkəzinin yeni korpusları istifadəyə verilmişdir.
Toxuculuq kombinatının bütün əsas istehsal sahələri başdan-başa müasir texnika əsasında yenidən qurulmuşdur. Həmin illər, Heydər Əliyevin təbirincə desək, təkcə energetiklərin, toxucuların və kimyaçıların deyil, "bütün Azərbaycanın gözəl şəhəri"nə çevrilməkdə olan Mingəçevir üçün, sözün həqiqi mənasında, quruculuq və yaradıcılıq dövrü, böyük inkişaf və tərəqqi illəri olmuşdur. Şəhərdə 8130 şagirdlik 8 orta ümumtəhsil məktəbi, 2240 uşaq yerlik 8 məktəbəqədər tərbiyə müəssisəsi, Gənc Texniklər Stansiyası, səhiyyə müəssisələri və digər obyektlər tikilib əhalinin istifadəsinə verilmişdir.
Sosial həyatın ən mühüm göstəricisi kimi dəyərləndirilən mənzil tikintisinin həcmi 1969-1982-ci illərdə 1955-1970-ci illərlə müqayisədə 8 dəfədən çox artmışdır. Hər il Mingəçevirdə təqribən 35-40 min kvadratmetrdən çox yaşayış sahəsi sakinlərin istifadəsinə verilirdi.
Bu gün 20 minə yaxın insanın yaşadığı Energetiklər yaşayış massivini Mingəçevirdən ayrı təsəvvür etmək mümkün deyildir. Çox qısa bir müddət ərzində Heydər Əliyev dühasının əbədi parlaq işığıyla nura boyanan şəhərimizin bu yeni yaşayış massivində onlarla çoxmərtəbəli yaşayış evi, 3 orta ümumtəhsil məktəbi, 4 uşaq bağçası - körpələr evi, doğum evi, poliklinika, tibb məktəbi, uşaq musiqi məktəbi, mədəniyyət və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bütün bunlar milli inkişaf strategiyasının əsasını qoymuş ümummilli lider Heydər Əliyevin öz xalqı, milləti qarşısında, onun gələcəyi naminə gördüyü cahanşümul işlərin yalnız bir hissəsidir.
1991-ci ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyi təhlükə altında olanda Azərbaycan dövlətinin son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız ulu öndər Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə qayıdışını zəruri saydı. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Elmi əsaslarla beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu.
Ulu öndər Heydər Əliyevin dahiliyi onda oldu ki, o, xalqın itmiş inamını özünə qaytara bildi. Bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə-dönə bildirirdi. Çıxışlarının birində demişdir: "Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da - hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır".
Məhz Heydər Əliyevin yeritdiyi uzaqgörən xarici siyasət, diplomatik səylər nəticəsində dünya birliyi Dağlıq Qarabağ ətrafındakı hadisələrlə bağlı kimin haqlı, kimin haqsız olduğunu dərk etdi, Azərbaycanın yalnız öz ərazisinin bütövlüyünə, sərhədlərinin toxunulmazlığına yönəlmiş haqq işini müdafiə etməyə başladı.
Ümummilli liderin yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına imkan verdi. Ulu öndər bütün daxili və xarici təzyiqlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də ölkəmizin təbii sərvətlərinin, ilk növbədə Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə istismarı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmağa müvəffəq oldu. Vaxtilə bağlanmış neft müqavilələri müvəffəqiyyətlə həyata keçirilir və öz müsbət bəhrəsini verir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə çoxşaxəli diplomatik əlaqələr saxlayır, ən nüfuzlu beynəlxalq təşkilatların, birliklərin iqtisadi və maliyyə qurumlarının üzvü kimi uğurla çıxış edir. Ölkəmizin dünya birliyində nüfuzu gündən-günə artır, dövlətimiz beynəlxalq və regional siyasətin həyata keçirilməsində getdikcə daha fəal iştirak edir.
Müasir Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bütün respublikamız, o cümlədən Mingəçevir şəhəri sabaha doğru inamla irəliləyir. Məhz onun rəhbərliyi ilə doğma Azərbaycan özünün yeni inkişaf dövrünü yaşayır, həyatımızın bütün sahələrində böyük nailiyyətlər qazanılır. Əhalinin yaşayış şəraiti, maddi rifah halı günbəgün yaxşılaşır. Heç şübhəsiz, bütün bunların əsasında ümummilli lider Heydər Əliyevin yaxın və uzaq gələcək üçün hazırladığı və bizə miras qoyduğu milli inkişaf strategiyası durur.
Bəxtiyar SADIQOV:
- Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Ölkəmizdə yeni tipli iqtisadiyyatın formalaşması prosesi həm də iqtisadi sahədə keçmiş ənənələrin bərpa olunması ilə müşayiət edilir. Mingəçevir isə hələ sovet dövründən Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olub. Bu gün də sənaye sahələri Mingəçevirdə dinamik inkişaf edir və yeni tipli iqtisadiyyat bu şəhərin yüksəlişində əsas amilə çevrilir. Bütün bunlar barədə danışmaq üçün söz turizm kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubova verilir.
Əyyub ƏYYUBOV:
- Heydər Əliyev respublika rəhbərliyində olduğu bütün mərhələlərdə respublikanın iqtisadiyyatının inkişafına, insanların həyat səviyyəsinin yüksəldilməsinə, ölkəsinin ittifaqda və dünyada tanınmasına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına nail olmaq üçün hər şey etmişdir. Hələ sovetlər birliyi dönəmində xammal istehsalçısı və geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin sayəsində sürətli inkişaf yoluna çıxmış, yaradılan nəhəng istehsal, sənaye müəssisələrinin fəaliyyətə başlaması ilə iqtisadiyyat yüksəlmişdi. Azərbaycanda o zamanlar ittifaq əhəmiyyətli hesab edilən bir sıra nəhəng müəssisələr fəaliyyətə başlamışdı. 250-dən çox zavod, fabrik, istehsalat sexləri tikilib istifadəyə verilmişdi. Bakı Məişət Kondisionerləri, Bakı Məişət Soyuducuları, "Ulduz" elektrik cihazları, "Azon", şampan şərabları, dərin dəniz özülləri zavodları kimi nəhəng sənaye müəssisələri bu qəbildəndir. Bakı Metropoliteninin "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Nizami" stansiyaları məhz həmin illərdə istifadəyə verilmişdir.
Həmin illərdə doğma şəhərimiz Mingəçevir də daim ölkə başçısının diqqət mərkəzində olmuşdur. Ulu öndər respublikaya rəhbərlik etdiyi illərdə texniki rezin məmulatları, şüşə lifi zavodları, yol-tikinti maşınlarının təmiri, "Aqrarsənaye" DBM və çörək zavodları, poliqrafiya müəssisəsi, "Azərkabel", yol maşınları, izolit zavodlarının ikinci növbələri, "Kür" Olimpiya Mərkəzinin yeni korpusları insa olunmuşdur. Şəhərdə 8130 şagird yerlik 8 orta ümumtəhsil məktəbi, 2240 yerlik səkkiz məktəbəqədər uşaq müəssisəsi, 1848 çarpayılıq xəstəxana, poliklinika, şahmat məktəbi, Gənc Texniklər Stansiyası və sair obyektlər tikilib istifadəyə verilmişdir. 1969-1982-ci illərdə hər il Mingəçevirdə 35-40 min kvadratmetrdən çox yeni mənzil sahəsi tikilmişdir. 1981-ci il oktyabrın 20-də Az-DİES müəssisəsi istifadəyə verilmiş və açılışında ulu öndər Heydər Əliyev şəxsən iştirak etmişdir. Bu illərdə Mingəçevirin iqtisadi göstəriciləri daha da yüksəlmiş, gənc şəhər daha da genişləndirilmiş, müasir şəhərlər səviyyəsinə çatdırılmış, təkcə respublikada deyil, ittifaqda da yaxşı tanınmışdır.
XXI əsrin astanasında Azərbaycanın müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu. Bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlib genişlənməsi üçün zəmin yarandı. Lakin tarixi təcrübə göstərir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət başçıları tərəfindən idarə edilən Azərbaycanda bu, daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, keçmişdə olduğu kimi, xanlıqlara parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran və sarsıntılardan çıxararaq müstəqillik yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial, iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı".
Daxili çəkişmələrə son qoyulması, möhkəm sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, "Əsrin müqaviləsi"nin imzalanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış sosial-iqtisadi problemlərin həllinə yönəltməyə imkan verdi. Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yarandı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
Respublikamızda həyata keçirilən işlər Mingəçevirdə də öz parlaq təzahürünü tapmışdır. Burada dövlət əmlakının özəlləşdirilməsi işi uğurla həyata keçirilmişdir və hazırda bazar iqtisadiyyatının subyektləri kimi bir sıra müəssisələr Mingəçevir və bütövlükdə respublika iqtisadiyyatına öz sanballı töhfəsini verməkdədir. "Azərbaycan İES" MMC, "Mingəçevir SES silsiləsi" MMC, AzYOLMAŞ, Akkord Maşınqayırma, Mingəçevir İzolit Zavodu və müəssisələri yeni istiqamətlər və yeni texnologiyalar əsasında fəaliyyətini quraraq beynəlxalq rəqabətədavamlı məhsul istehsalını uğurla həyata keçirirlər. Yeni texnologiyalara əsaslanan və ən müasir tələblərə cavab verən "Kür" Elektron Avadanlıqları Zavodunun şəhərdə fəaliyyətə başlaması da bu dövrün ən əhəmiyyətli hadisələrindən hesab edilə bilər. Bunlardan başqa, "İnterenerji" yüksək gərginlikli elektron beton dayaqları zavodu, asfalt zavodu, yeni qum-çınqıl karxanaları, mərmər zavodunun fəaliyyətə başlaması həm yeni iş yerlərinin yaradılması baxımından, həm də şəhərin iqtisadiyyatının yüksəlməsi baxımından çox əhəmiyyətli olmuşdur. Bu müəssisələr yalnız şəhərimizin iqtisadiyyatına töhfə vermir, həm də müasir və inkişaf etmiş bir şəhər kimi beynəlxalq aləmdə də tanınır. Ulu öndərin respublika Prezidenti olduğu dövrdə iqtisadiyyatın inkişafı ilə yanaşı, həm də əhalinin sosial rifah halının yüksəlməsi və şəhərimizin abadlaşması istiqamətində də uğurlu nəticələr əldə edilmişdir.
Bu uğurlar məhz ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi kurs nəticəsində mümkün olmuşdur. Bu kursu ləyaqətlə və müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev respublikamıza daha böyük nailiyyətlər qazandırır. Məhz bu kursun həyata keçirilməsi respublikamızı və doğma şəhərimizi tanınmaz dərəcədə gözəlləşdirmiş, yeniləşdirmiş, abadlaşdırmış və inkişaf etdirmişdir. Prezident İlham Əliyev son illərdə iki dəfə şəhərimizdə olmuş və hər gəlişində yeni-yeni müasir müəssisələrinin, obyektlərin açılışını etmişdir. Cənab Prezident Mingəçevirə gələrkən şəhərimizin yeni inkişaf istiqamətləri, xüsusilə turizm imkanları haqqında öz qiymətli tövsiyələrini vermişdir. Mingəçevirdə ən yüksək səviyyədə yenidən qurulan və istifadəyə verilən "Kür" Olimpiya Tədris İdman Mərkəzi, dördulduzlu "Kür" hoteli, "River Side" hoteli, yaraşıqlı parklar, meydan və xiyabanlar, yaradılan infrastrukturlar şəhərimizi həm gözəlləşdirmiş və həm də onun turizm imkanlarını artırmışdır. Kür sahil parkının yüksək zövqlə yenidən qurulması, Bayraq meydanının yaradılması, Heydər Əliyev prospektinin genişləndirilməsi şəhəri daha da cazibədar etmişdir. Təsadüfi deyil ki, ölkə başçısının sərəncamı ilə Azərbaycanda yeganə olan turizm kolleci də məhz Mingəçevirdə fəaliyyət göstərir. Kollecin bugünədək hazırladığı 3 min nəfərədək mütəxəssis həm şəhərimizin, həm də respublikamızın turizm müəssisələrində yüksək servis nümunələrinin təqdim edilməsinə öz töhfələrini verməkdədir. Əminik ki, yaxın gələcəkdə turizm gəlirləri Mingəçevirin iqtisadiyyatında sanballı çəkiyə malik olacaqdır.
Şəhərimizin sakinləri Heydər Əliyev kursunun yeganə düzgün və uğurlu yol olduğunu yaxşı başa düşür, qiymətləndirir və qarşıdakı prezident seçkilərində bu kursun ən layiqli davamçısı, ölkəmizə yeni-yeni uğur qazandıran Prezident İlham Əliyevə səs vermək əzmindədirlər.
Bəxtiyar SADIQOV:
- İnkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri sosial sahənin inkişafıdır. Bu da Azərbaycanın sosial təmayüllü dövlət olmasının göstəricisidir. Azərbaycanda əhalinin bütün təbəqələri dövlətin diqqətini daim hiss edir. Xüsusən qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, əhalinin məşğulluq probleminin aradan qaldırılması, müharibə əlillərinin, veteranların mənzil təminatı, gənclərin və ahılların spesifik problemlərinin həlli buna misaldır. Bu barədə danışmaq üçün söz Mingəçevir Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial məsələlər və güzəştlər üzrə aparıcı məsləhətçisi Rza İsmayılova verilir.
Rza İSMAYILOV:
- Ulu öndər, müasir və müstəqil Azərbaycanımızın qurucusu Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində bu tədbirin keçirilməsi hər birimizin ürəyincədir. Heydər Əliyev haqqında fikir söyləmək həddən artıq böyük məsuliyyət tələb edir. Bu böyük azərbaycanlı istər sovetlər, istərsə də sonrakı dövrdə hakimiyyətin sükanına, sözün əsl mənasında, xalqının xilaskarı kimi gəlmişdir. "Mənim Azərbaycana qayıtmağım, xalq deputatı seçilməyim barədə cürbəcür şayiələr yayılıb. Bunlara cavab olaraq bəyan edirəm ki, doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq, kimdənsə qisas almaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüquqlardan heç kəs məhrum edə bilməz" deyən Heydər Əliyev keçən əsrin 90-cı illərinin əvvəlində, Azərbaycanın ölüm, ya qalım məqamında həyatını, fiziki varlığını təhlükəyə ataraq onun müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı və tərəqqisi üçün mübarizəyə qalxdı.
Əvvəlki iqtidarların yeritdiyi yarıtmaz siyasətin nəticəsi olaraq 1993-cü ildə yüz minlərlə insan məcburi köçkünə çevrilmişdi. Bu qədər insanin yerləşdirilməsi, ən azından onların minimum ehtiyaclarının ödənilməsi həmin zamanda mümkünsüz görünürdü. O dövrün tarixini bir daha vərəqləsək, görərik ki, bu gərginlik yalnız və yalnız ulu öndərin zəngin təcrübəsi və şəxsi nüfuzu sayəsində aradan qaldırıla bilərdi. Sonrakı dövrlərdə isə Heydər Əliyev siyasi kursu, onun müsbət nəticələri bu problemin aradan qaldırılmasına köklü şəkildə təsir göstərdi.
Artıq bir neçə ildir ki, bütün respublika ərazisində çadır şəhərcikləri ləvğ edilib. Ölkəmizin müxtəlif yerlərində qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün müasir infrastruktura malik, bütün kommunal təchizatlarla təmin edilmiş, göz oxşayan, yaraşıqlı yaşayış massivləri tikilib. Təkcə Mingəçevirə o dövrdə təxminən 3 min qaçqın və 20 minə yaxın məcburi köçkün soydaşlarımız pənah gətirmişdi. Onlar məktəblərdə, uşaq bağçalarında, müəssisə və təşkilatların inzibatı binalarında və bir sıra uyğunlaşdırılmış binalarda məskunlaşmışdılar. Bu ailələrin bir hissəsi, daha dəqiqi, 412 ailə artq 10 ilə yaxındir ki, yeni salınmış "Yeni həyat" qəsəbəsinə köçürülüb. Yaxın zamanlarda isə onların bir hissəsi şəhərimizin şərq girəcəyində inşa edilmiş, bütün müasir infrastruktura malik 502 mənzillik yaşayış kompleksinə köçürüləcəklər.
XX əsrin 90-cı illərinin əvvəlində Sovetlər İttifaqının dağılması ilə əlaqədar iqtisadiyyatı məhv olaraq tənəzzülə uğramış ölkədə vətəndaşların işsizlik problemi ən aktual, həlli təxirəsalınmaz bir məsələ sayılırdı. Mingəçevirdə fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti isə ittifaq tabeli idi. Zavod və fabriklərin işciləri iş tapmaq, ailələrinə bir parça çörək qazanmaq məqsədilə dörd bir yana səpələnmişdilər. Ayrı-ayrı sahələrin yüksəkixtisaslı mütəxəssisləri, peşəkar kadrları ölkədən xaricə getmək məcburiyyətində idilər. Burada da Heydər Əliyevin kadrlara həssas münasibəti öz nəticəsini çox gözlətməli olmadı. Aparılan uğurlu siyasət nəticəsində əhalinin məşğulluğunun təminatı tədricən bərpa olunmağa başladı. Hər il ölkəmizin bütün şəhər və rayonlarında o, cümlədən Mingəçevirdə yeni istehsal müəssisələri yaradılır, dayananların fəaliyyəti bərpa edilir, ənənəvi əmək yarmarkaları keçirilir və bu əmək bazarında vətəndaşlarımız özlərinə münasib iş tapırlar. Son dövrlərdə qəbul edilmiş "Məşğulluq strategiyası" işaxtaranların münasib və davamlı işlə təmin olunmasına daha geniş imkanlar yaratmışdır.
Artıq Azərbaycan dünya birliyinə kifayət qədər inteqrasiya edib, iqtisadi inkişafı isə hər kəsi heyrətləndirməkdədir. Qısa bir zamanda əhalinin yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizə enməsi kimi təəccübləndirməz? Çünki indi o zamandır ki, dünyanın iqtisadi baxımdan qüdrətli və aparıcı dövlətləri çox ciddi böhrandan özlərini xilas etmək üçün müxtəlif üsullara əl atırlar.
Əlbəttə, Vətənimizin inkişafı daha böyük olardı, mənfur qonşularımız tərəfindən ədalətsiz müharibəyə cəlb olunmasaydıq! Bu müharibəyə kimlər necə qiymət versələr də, sözün əsl mənasında, bu, elə Vətən müharibəsidir. Düşmən üzərində zəfər çalacağımıza zərrə qədər də şübhəmiz yoxdur! 1993-cü ilin sonu və 1994-cü ilin əvvəlində aparılan son dərəcə uğurlu hərbi əməliyyat düşmənlərimizi atəşkəs müqaviləsinə imza atmağa məcbur etdi. Müharibənin aktiv fazasında 10 minlərlə əsgər və zabitlərimiz şəhid olmuş və ya döyüşlərdə öz fiziki sağlamlıqlarını itirmişlər. Təkcə Mingəçevir səhərindən 322 nəfər şəhid getmişdir. 200 nəfərə yaxın sakin isə əlil olmuşdur. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial müdafiəsini gücləndirmək üçün dövlətimiz ilbəil müvafiq addımlar atır. Onların sağlamlıqlarının qorunması və müalicələrinin ölkə daxilində, lazım gəldikdə xaricdə təşkil edlməsi, pulsuz avtomobillərlə təmin olunması, mənzil-məişət şəraitinin ildən-ilə yaxşılaşdırılması və bu məqsədlə xüsusi növbəlik əsasında mənzillərin verilməsi, pensiya və təqaüdlərin artırılması, daimi olaraq qayğılarının çəkilməsi və həmişə diqqətdə saxlanması ulu öndərin bütün dövlət məmurlarına birmənalı şəkildə tövsiyə və tapşırığı kimi qəbul edilmişdir. Bu məsələdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulamaq istərdim!
Azərbaycan gəncliyinə dövlətin xüsusi münasibətinin olması hər il fevralın 2-də gənclər gününün qeyd edilməsi, Azərbaycanımızın müstəqilliyinə, demokratiyanın inkişafına xidmət edəcək yeni gənclər təşkilatlarının yaranması, gənclərin dünyanın sayılıb-seçilən universitetlərində təhsil almalarına şərait yaradılması, onların tükənməz enerjilərinin düzgün istiqamətləndirilməsi ilə özünü büruzə verir. Hələ sovetlər dövründə ulu öndər Azərbaycan gənclərinin ittifaqın müxtəlif şəhərlərinin ali məktəblərində təhsil almalarına daim şərait yaratmışdı. Sonralar bu gənclər təhsillərini başa vurduqdan sonra yüksəkixtisaslı mütəxəssislər kimi xalq təsərrüfatının müxtəlif sahələrində çalışmış və onların potensialı bu gün də öz bəhrəsini verməkdədir. Zamanında böyük çətinliklərlə üzləşməyinə baxmayaraq, məhz Bakıda C.Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olan Heydər Əliyev gəncləri hərbi peşələrə istiqamətləndirməklə bugünkü Azərbaycan Ordusunun zabit korpusunun özəyini yaratmış oldu. Bu, gələcəyə hesablanmıs strateji addım idi.
Ulu öndər ahılların spesifik problemlərinin həllinə də xüsusi qayğı ilə yanaşırdı. Bu gün ahıllara və tənha vətəndaşlarımıza sosial xidmətin təşkilinə xüsusiləşdirilmiş qurumlar cəlb edilmişlər. Sosial xidmət işçiləri ahıllara və tənha insanlarımıza evlərində xidmət göstərirlər. Bundan başqa, xüsusi mərkəzlər fəaliyyət göstərir ki, burada ahıl insanlar tam dövlət qayğısı ilə əhatə olunmuşlar. 90-cı illərin əvvəllərində tamamilə unudulmuş İkinci Dünya müharibəsinin iştirakçılarına ikinci həyat vermiş ulu öndər Qələbənin 50 illik yubileyinin təntənəli gecəsində iştirak etmiş və bu münasibətlə nitq söyləmişdi. Qələbədən sonra 50 il yaşamaq hər müharibə iştirakçısına nəsib olmasa da, buraya toplaşmış ahıl qəhrəman insanlara Heydər Əliyevin verdiyi qiymət Respublika veteranlar, ağsaqqallar şuralarının fəaliyyətində də bir dönüş yaratdı.
Hər birimizin qəlbində bir Qarabağ nisgili var, bu problemin həllinin başa catdırılması üçün ömür ulu öndərə vəfa etmədi. Nə yaxşı ki bu gün Heydər Əliyevin siyasi kursunun İlham Əliyev kimi layiqli davamçısı var! Biz inanırıq ki, məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbəyə nail olacağıq!
Bəxtiyar SADIQOV:
- İnkişaf olan yerdə, təbii ki, abadlıq da var, quruculuq da. Kompleks yüksəlişi bunsuz təsəvvür etmək mümkün deyil. İndi Azərbaycanın hər bir bölgəsində sürətli abadlıq və quruculuq işləri aparılır, şəhərlərimizin, kənd və qəsəbələrimizin siması dəyişir, gözəlləşir. Mingəçevir şəhərinin də küçələri ilə gəzdikcə, buranın xeyli abadlaşdığının şahidinə çevrilirsən. Görülən işlər ondan xəbər verir ki, abadlıq və quruculuq Mingəçevir şəhərində də əsas fəaliyyət istiqamətlərindəndir. Bu barədə danışmaq üçün söz Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirova verilir.
Əli AĞAMİROV:
- Mingəçevirə şəhər statusu 1948-ci ildən verilsə də, onun bir şəhər kimi inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə olmuşdur. Çox sevindirici haldır ki, bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi zamanı da böyük uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın uğurla icra edilməsi Azərbaycanın digər regionları kimi, Mingəçevir şəhərinin də sürətli inkişafının başlanmasına şərait yaratdı. Bunun ardınca "Azərbaycan Respublikası regionlarının (2009-2013-cü illərdə) sosial-iqtisadi inkişafı" Dövlət Proqramının qəbul edilməsi və icrası yerli müəssisələrin inkişafına şərait yaratmaqla yeni iş yerlərinin açılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin artırılmasına, yoxsulluğun azaldılmasına səbəb oldu. Məhz bu proqramların icrası şəhərimizdə abadlıq-quruculuq işlərinə təkan verdi. Son illərdə aparılan abadlıq-quruculuq işləri nəticəsində şəhərimizin siması xeyli dəyişmiş, əhalinin istirahətinin təşkili üçün Heydər Əliyev parkı, İlk Qurucular parkı, Tibb İşçiləri parkı, Bələdiyyə parkı, Sağ Sahil parkı, Sahil parkı yaradılmış, "Teatr", "Qələbə" meydanları yeniləşdirilmiş, yerüstü keçid tikilib istifadəyə verilmiş, Heydər Əliyev prospekti, İ.İslamzadə, M.Füzuli, M.F.Axundov, S.Vurğun, Ş.İ.Xətai, D.Əliyeva, Vidadi, Qurbani, Maqomayev, Sabir, 20 Yanvar, N.Nərimanov və digər küçələrdə yenidənqurma işləri həyata keçirilmiş, şəhərdə 60-dan çox nümunəvi məhəllə yaradılmışdır.
Şəhərimizdə son illərdə 60-dan artıq binanın yumşaq dam örtüyü şifer dam örtüyü ilə əvəzlənmiş, 25 binanın dam örtüyü isə metal kirəmit və "ondulin" örtüklə yenidən qurulmuş, 20-dən çox binanın fasadları alkopan örtüklə üzlənmiş, 170 binanın fasadı rənglənmişdir. Prospekt, küçə, məhəllədaxili yollar və səkilərə 680 min kvadratmetrdən çox asfalt örtük qoyulmuş, şəhərdə 3 yeni fəvvarə quraşdırılmışdır. Təkcə 2012-ci ildə şəhərin giriş qapısından 2 kilometr məsafədə Heydər Əliyev prospekti genişləndirilmiş, yeni səki daşları düzülmüş, prospekt boyunca 400 ədəd düralüminium materialından işıq dirəkləri quraşdırılmış, əlavə olaraq şəhərin parklarına 200 ədəd xüsusi işıqlandırma sistemi qoyulmuşdur.
Yeni inşa olunmuş Dövlət Bayrağı meydanı şəhərimizin ən görkəmli yerlərindən birinə çevrilmişdir. Meydanın 2000 kvadratmetrə yaxın ərazisi xüsusi daşlarla bəzədilmiş, ərazidə 1000-ə yaxın ağac və gül kolları əkilmişdir. Ötən ilin ən gözoxşayan yerlərindən biri Sahil parkı olmuşdur. Ötən əsrin 70-ci illərində inşa olunmuş bu park uzun zaman baxımsız vəziyyətə düşmüş, şəhərimizə yaraşmayan bir guşəyə çevrilmişdi. Şəhər rəhbərliyinin şəxsi təşəbbüsü ilə bu park müasir tələblər səviyyəsində yenidən qurularaq şəhər sakinlərinin istifadəsinə verilmişdir. 500 metr uzunluğu, 60 metr eni olan bu parkda indiyədək 1500 kvadratmetr döşəmə daşı, 2000 metrdən artıq səki daşları qoyulmuş, 20 min kvadratmetr sahədə yaşıllıq salınmış, 3 min ədəd ağac və gül kolu əkilmiş, 2000 kubmetr münbit torpaq döşənmişdir. Parkda ilk dəfə olaraq gənclər üçün məşq mərkəzi yaradılmış və uşaqlar üçün kiçik gəmi gətirilmişdir. Eyni zamanda, parkda İngiltərə istehsalı olan saat quraşdırılmış, 2 ədəd fəvvarə inşa edilmiş, 300-dən çox müasir tələblərə cavab verən oturacaqlar qoyulmuşdur. Parkı əhatə edən ərazidə 2 ədəd 12 mərtəbəli və 1 ədəd 6 mərtəbəli, həmçinin 4 və 3 mərtəbəli binaların, eləcə də 20-dən çox fərdi həyət evlərinin fasadları təmir edilmişdir. Sahil parkında Kür çayı sahilinə 500 metr məhəccərlər çəkilmiş, həmçinin ərazidə 6 ədəd bulaq inşa edilmişdir. Bir sözlə, park çox yüksək zövqlə salınmış, müasir tələblərə cavab verir. Ümumilikdə götürüldükdə, 2012-ci ildə şəhərdə əsaslı tikinti-quraşdırma və təmir işlərinə 7.221.883 manata qədər pul xərclənmişdir. Ötən il 6, 11 saylı məktəblər, 1, 16 saylı uşaq bağçaları əsaslı təmir edilmiş, 3 saylı məktəbdə 20 yeni sinif otağı olan korpus tikilib istifadəyə verilmişdir. Bundan başqa, 3861 kvadratmetr tamet düzülmüş, 5740 kubmetr qırma daş qoyulmuş, 9510 metr yola səki daşları döşənmişdir. Bundan əlavə, şəhərdə 636 metr su borusu dəyişdirilmiş, 385 metr kanalizasiya boruları əvəzlənmişdir. 8466 metr ərazidə yol bardürləri düzülmüşdür, məhəllələrə 200 ədəd zibilqabı qoyulmuşdur.
Bütün bu işlər 2013-cü ildə də davam etmişdir. Belə ki, il ərzində ərazisi 5 ha olan "Dostluq" parkı əsaslı surətdə yenidən qurulacaq, Kür çayının körpüsünədək Heydər Əliyev prospektinin genişləndirilməsi, səki daşlarının yenilənməsi, yeni asfalt örtüyün qoyulması, işıqlandırma sisteminin əsaslı yenidənqurulması işləri görüləcəkdir. "Azərbaycan" İES yaşayış massivində yerləşən Natəvan və Naxçıvan küçələrində yeni səki daşlarının düzülməsi və asfalt örtüyün döşənməsi, həmin ərazidə C.Əliyev küçəsində sakinlərin istirahəti üçün yeni parkın salınması, Sağ Sahil yaşayış massivində Təbriz küçəsində asfalt örtüyünün yenilənməsi, Kür çayının sağ sahilində yeni inşa olunan istirahət kompleksinin tikintisinin başa çatdırılması, ərazidə abadlıq işlərinin görülməsi, Kür çayının sağ və sol hissələrini birləşdirən asma yolun inşası, 2 ümumtəhsil məktəb və 2 uşaq bağçası-körpələr evində əsaslı təmir işlərinin aparılması, çimərliyə gedən 2-ci yolun asfaltlanması və ərazinin abadlaşdırılması, Heydər Əliyev Mərkəzinin və Gənclər Evinin tikintisinin başa çatdırılması, statistika idarəsinin, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin yeni inzibati binalarının tikintisinin başa çatdırılması və s. işlər bu il qarşımızda duran vacib məsələlərdəndir.
Bundan başqa, şəhərdə dövlət proqramına uyğun olaraq su-kanalizasiya şəbəkəsində başlanmış əsaslı yenidənqurmanın sürətləndirilməsi, istilik təchizatı sahəsində aparılan işlərin genişləndirilməsi ilə yanaşı, Boz dağın ətəyi bağ sahələrinə təbii qazın çəkilişi də başa çatdırılacaqdır. Ən sevindirici hadisələrdən biri şəhərin orta məktəblərində və fin qəsəbəsində məskunlaşmış məcburi köçkün ailələrinin yeni salınmış şəhərciyə köçürülməsi və həmin məktəblərin əsaslı təmir edilməsi olacaq.
Əminliklə qeyd etmək istəyirəm ki, şəhərimizdə aparılan bu abadlıq və quruculuq işləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qətiyyətlə və uğurla davam etdirilən siyasətin tərkib hissəsidir. Hər bir mingəçevirli bu işlərə görə ölkə Prezidentinə minnətdardır.
Bəxtiyar SADIQOV:
- 9 il öncə fəaliyyətə başlayan Heydər Əliyev Fondunun gördüyü işlər ulu öndərin adına layiqdir. Mərhəmət və xeyirxahlıq ünvanı olan Heydər Əliyev Fondu ölkəmizin bütün bölgələrində məktəb, xəstəxana və digər sosial təyinatlı obyektlərin tikintisinə, təmir olunmasına, tarixi-mədəni abidələrin, komplekslərin yenidən qurulmasına böyük töhfələr verir. Fond Mingəçevirdə də xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanına çevrilib. Söz Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdir müavini Nailə Məmmədovaya verilir.
Nailə MƏMMƏDOVA:
- Tarix dəyişir, zaman dəyişir, lakin humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər mənəvi təsir gücünü qoruyub saxlayır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq və xeyriyyəçilik, humanizm keçmişdə də, bugünkü qloballaşma dövründə də insanlığın ən ali, ülvi, müqəddəs dəyərlərindən sayılır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi ideyalarını təşviq edən Heydər Əliyev Fondu da məhz bu mənəvi ideallara tapınmaqla cəmiyyətin yüksək rəğbətini, etimadını qazanmışdır.
2004-cü ildən fəaliyyətə başlamış fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Ulu öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən insanpərvərlik və humanizm ideallarından çıxış edən fondun başlıca məramlarından biri qayğı və yardıma ehtiyacı olanlara hərtərəfli köməyin göstərilməsidir.
Bu baxımdan Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizin maraqları naminə xeyirxahlıq, mərhəmət və quruculuq sahəsində olduqca mühüm işlər aparır.
Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarı olan Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi fondun Azərbaycan təhsilinin inkişafında xüsusi yeri var. Bilirik ki, təhsil müəssisələrinin əsas vəzifəsi vətəndaşa keyfiyyətli təhsil verməkdir. Keyfiyyətli təhsil üçün isə yeni məktəblərin tikilməsi, müasir avadanlıqların olması vacib amildir. Möhtərəm Prezident İlham Əliyev "Yeni məktəblər yüksək səviyyədə tikilməli və müasir avadanlıqlarla təchiz olunmalıdır" tələbini irəli sürmüşdür.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun, şəxsən onun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində ölkəmizdə və şəhərimizdə böyük işlər görülmüşdür. Belə ki, şəhərimizdə 1200 yerlik yüksək standartlara cavab verən müasir dizaynlı texniki-humanitar liseyin binası tikilərək istifadəyə verilmiş, TR və HET liseyin yerləşdiyi bina təmir edilmiş və avadanlıqlarla, laboratoriyalarla təchiz edilmişdir.
Fondun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda tədris-əyani vəsait hazırlanaraq məktəblərimizə verilmişdir. Nəfis tərtibatlı bu vəsaitlər tədrisin keyfiyyətli qurulmasına müsbət təsir göstərmişdir.
Azərbaycan hökumətinin 3 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq olunan "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı"nda bu qəbildən olan uşaqların təhsil hüququnun yerinə yetirilməsi, onlar üçün bərabər təhsilalma şəraitinin yaradılması, inteqrasiyalı (inklüziv) təlimə keçidin reallaşdırılması öz əksini tapmışdır.
Proqramın icrası istiqamətində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Belə ki, fond tərəfindən xüsusi qayğıya ehtiyacı olan kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür. Şəhərimizin texniki-humanitar liseyi və 6 saylı tam orta məktəblərində, 10 və 16 saylı uşaq bağçalarında xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlimi üçün qrup və siniflər fəaliyyət göstərir. Qeyd edilən bağça və məktəblərdə müvafiq olaraq 30 və 28 uşaq tərbiyə və təhsillə əhatə olunur. Bu uşaqların fəaliyyətlərinin uğurlu alınması üçün köməkçi müəllimlər ayrılmış, onlara məktəb ləvazimatları, hərəkət üçün araba ayrılmışdır.
Şəhər internat tam orta məktəbinin də şagirdləri qayğıdan kənarda qalmamışlar. Belə ki, proqram çərçivəsində məktəb İKT avadanlığı, texniki təlim vasitələri, əyani vəsaitlər almışdır.
Qeyd edilənlər bir daha sübut edir ki, Heydər Əliyev Fondu mərhəmət rəmzidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqları hər zaman diqqətdə saxlayan Mehriban xanım Əliyeva əslində bu missiyası ilə həmin uşaqların xoşbəxt gələcəyinə, onların layiqli vətəndaş kimi formalaşmasına təminat yaradır.
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan işlər, həmçinin De-institutlaşdırma Proqramında öz əksini tapmışdır ki, burada risk qrupuna daxil olan uşaq və ailələrə alternativ xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Bu qayğı mərkəzlərindən biri də şəhərimzdə yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzidir. Mərkəzdə sağlamlıq imklanları məhdud olan uşaqların inkişafı, təhsili, cəmiyyətə adaptasiyası üzrə tədbirlər keçirilir, həmçinin uşaqların ailələrinə psixoloji, hüquqi dəstək xidmətləri göstərilir, uşaqlar gündə 2 dəfə yeməklə təmin olunurlar. Mərkəzdə defektoloq və loqoped xidməti də göstərilir, valideynlər üçün təlim və seminarlar təşkil edilir. Bu məsələlərə də Heydər Əliyev Fondunun daim qayğısı vardır.
Ana, uşaq və Azərbaycan genofondunun qorunması məsələsi bu gün səhiyyə sahəsindən və eyni zamanda onun bir qolu olan Mingəçevir səhiyyəsinin də prioritet istiqamətlərindəndir. Heydər Əliyev Fondunun BMT-nin Uşaq Fondu və Səhiyyə Nazirliyi ilə birgə keçirdiyi "Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və onların aradan qaldırılmasının yolları" mövzusunda milli konfransından sonra şəhərimizdə bu sahədə maarifləndirmə işi gücləndirilmiş, yeni doğulan uşaqlar arasında ölüm və onkoloji xəstəliklərin azalması müşahidə olunmuşdur.
Heydər Əliyev Fondunun mədəniyyət sahəsində gördüyü işlər də misilsizdir. Azərbaycan muğamını dünya musiqi sənətinin zirvəsinə qaldıran, onu dünyanın dörd bir yanında tanıdan və sevdirən fond tərəfindən ölkəmizdə hər il müxtəlif beynəlxalq miqyaslı festival və müsabiqələr keçirilir. Təbii ki, bütün bunlar Mingəçevirdə də mədəniyyətin və incəsənətin inkişafını stimullaşdırır. Son zamanlar şəhərimizdə bu sahələrdə yaranan canlanma, eləcə də musiqi məktəblərimizdə muğam şöbələrinin açılması, müxtəlif musiqi müsabiqələrinin keçirilməsi bunun bariz nümunəsidir. Şəhər kitabxanalarının bədii fondunun zənginləşdirilməsi, Heydər Əliyev Mərkəzinin nəfis tərtibatı, eksponatların əldə edilməsində də fondun böyük dəstəyi olmuşdur.
Bu gün hər bir mingəçevirli Heydər Əliyev Fondunun fəaliyyətini böyük diqqət və maraq hissi ilə izləyir və hər birimiz bu qənaətdəyik ki, Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə böyük töhfələr verir.
Bəxtiyar SADIQOV:
- Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli lider Heydər Əliyevin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Çünki xarakter, mahiyyət və fəaliyyət etibarı ilə uca olan ulu öndər ancaq Vətən, xalq amalı ilə yaşayaraq təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın həyatında önəmli bir şəxsiyyət olmuşdur. Onun Azərbaycana rəhbərliyinin əsrin üçdə biri qədər dövrünü əhatə edən zaman kəsiyi əbədiyaşar öndər Heydər Əliyev dühasının nümayişi hesab oluna bilər. Bu dövr Azərbaycan xalqının həyatında intibah dövrü olmuşdur. Ulu öndər Heydər Əliyev həmin zaman kəsiyində Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırmış və özünün şəxsiyyət bütövlüyü ilə doğma Vətəni Azərbaycanı bütövləşdirmiş və hər yerdə onu layiqincə təmsil etmişdir.
Bu böyük şəxsiyyətin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Və hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 20 ili ərzində sosial-iqtisadi həyatımızın ayrı-ayrı istiqamətlərində əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli islahatların məntiqi nəticəsidir.
Bu il Azərbaycanda Prezident seçkiləri keçiriləcəkdir. Azərbaycan ictimaiyyətinin müxtəlif kəsimləri artıq cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Yüz minlərlə üzvü olan həmkarlar təşkilatları və respublika ağsaqqalları öz qurultaylarında cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər. Onların bu qərarı bütün Azərbaycan xalqının arzu və istəyinin təcəssümüdür. İnanırıq ki, builki prezident seçkisində də cənab İlham Əliyevin qələbəsi bir daha Heydər Əliyev siyasətinin alternativsizliyinin növbəti nümayişi olacaqdır!