“Azərbaycanın innovativ inkişafı” mövzusunda Mingəçevirdə seminar keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Seminarda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, icra hakimiyyəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əlavə təhsilin təşkili, eləcə də ayrı-ayrı dövrlərdə keçirilən kurslarla bağlı sıx əməkdaşlıq mövcuddur. “Bu günə qədər Akademiyada icra hakimiyyətinin əməkdaşlarından 8 nəfər əlavə təhsil, 63 nəfər dövlət qulluğunun təşkili, təşkilati əsasları, dövlətin kadr siyasəti, elektron hökumət və digər müxtəlif mövzulu kurslarda iştirak edib. Əlbəttə ki, əlavə təhsil və kurslarda iştirak edən hər bir dövlət qulluqçusu bilik və bacarıqlarını daha da artırıb. Nəticədə dövlət qulluqçuları öz fəaliyyətləri üçün vacib olan səmərəli idarəetmə metodlarını öyrəniblər”, - deyə Niyazi Bayramov qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Davamlı və inküliziv inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan təcrübəsi”, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə “Gənc nəslin formalaşmasında milli mənəvi dəyərlərin və müasir innovasiya prinsiplərinin vəhdəti”, Akademiyanın elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Rəhimli “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzularında məruzə ediblər.