Mingəçevirdən olan çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə gənclər ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Şahin Xəlilov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən gəncləri salamlayaraq, onlara hərbi xidmətdə uğurlar arzuladı.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çağırışçıları və onların valideynlərini təbrik edib və bildirib ki, hərbi xidmət hər bir insanın Vətən qarşısında müqəddəs borcudur. Xalqımızın gənc övladları bu müqəddəs vəzifəni üzərlərinə götürməyə, müstəqil dövlətimizin və xalqımızın əmin-amanlığının keşiyini çəkməyə yola düşürlər. Bu gün hər bir azərbaycanlı işğal edilmiş torpaqlarımızın geri qaytarılmasına və sərhədlərimizin bərpa edilməsinə hazır olmalıdır.
Tədbirdə iştirak edən veteranlardan Əliağa Bəndəliyev, Tahir Məmmədov, valideynlərdən Minayə Ağayeva çıxış edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib və gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmağı arzulaydılar. Çağırışçılar adından danışan Tamerlan Mikayılov və Nəriman Əliyev Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını yerinə yetirəcəklərinə söz verdilər.
Sonda üçrəngli, ay-ulduzlu müqəddəs bayrağa təzim edən gənclər marş sədaları altında yola salındı.